Gündəliyim®

Gündəliyin Nəbzini Tut

Archive for the ‘Gülər Sadıqova’ Category

Pəncərədən mənzərə

Posted by gundeliyim on 14 August 2007

Gülər Sadıqova

Salxım – salxım küləklər istərəm. O uzaq, gözəl iyli ağacların olduğu bağların qoxusunu gətirsin mənə. O uzaq ölkələrin istisini gətirsin ki, orda küçələr sakitdir. İnsanlar həzin səslə mahnılar oxuyurlar. Günəş o insanları yandırmır, gülümsəyərək işıq saçır.

Dəniz – dəniz yağışlar istərəm. Hər damlasında uzaq səmaların sevgisini gətirsin mənə. O uzaq səmaların ki, orda yağışlar təmiz olur. Orda mələklər arfalarda gözəl musiqilər çalarlar.

Mavi – mavi dənizlər istərəm. Dəli dalğalarıyla gözlərimin yetmədiyi uzaqların xoşbəxt məktublarını gətirsin mənə. O uzaqların ki, məhəbbət hökmranlıq edər. İnsanlar incitməzlər bir birlərini. Şerlə deyərlər sözlərini.

Körpə – körpə ləpələr istərəm. İlıq nəfəsləri, şən gülüşləriylə ayaqlarımı qucaqlasın. Hiss etdirsin mənə körpə saflığını, körpə nikbinliyini.

Ürəyim sıxılar, nəfəsim tutular. Ölkəm gələr gözümün qabağına. Nə sevinən insanlar görərəm, nə şən gülüşlər eşidərəm. İnsanlar unutmuşlar gülməyi, unutmuşlar sevinməyi.

Nə təmiz musiqilər eşidərəm, nə məhəbbət nəğmələri. İnsanlar satmışlar gözəl nəğmələri pula – paraya.

Günəş hirsindən cəhənnəm odu saçar bu insanların üzərinə. Sakitlik tərk etmiş ölkəmi. Mələklər köçmüş, yerlərini şeytanlara vermiş. Yağışlar palçıq tökər. Şerlər övkə dolu. Məhəbbət ucuzlaşmış, incimiş. Körpələr doğularkən gözləri kədərli. Zır zır ağlarlar. Valideynlərinə nifrət edərlər bütün həyatları boyu ki belə lənətlənmiş ölkədə doğulublar.

Pəncərədən boylandım. Uzaqlara – dənizə. Yox, dəniz masmavı, tərtərmiz – deyə düşünərək. Dənizi acıqlı, kədərli, bədbəxt gördüm. Çirklənmiş sular gördüm. Doğulan kimi qocalan ləpələr gördüm. Dənizi nifrət edən gördüm.

Bağladım pəncərəmi, göz yaşlarımla. Gözlərimi yumdum, ümidsizliyimi qovmaqçün. “ düzələcək, hər şey yaxşı olacaq” dedim öz – özümə. Amma beynimin yalan dediyini duydu ürəyim. Razılaşmadı mənimlə. Yığdım əşyalarımı, sınmış qəlbimin sınıq parçalarını. Taksinin pəncərəsindən boylandım, son dəfə yanan ürəyimin alovunu qoyub getdiyim şəhərə baxmaqçün. Tüpürcəkli yollardan, bədbəxt, bədbin sifətlərdən, iyrənc gülüşlərdən, sallanmış qarınlardan, ac körpələrdən, skilet insanlardan başqa heç nə görmədim. Vəssalam.Taksinin də pəncərəsini qaldırdım. Gözlərimi yalnız irəli dikdim. Əlimdən heç nə gəlmir deyə bir azca günahkarlıqdan başqa heç nə hiss etmədim. Sadəcə unutmaq. Unutmaq lazımdı bu zibil həyatı. Hər gün ögüyərək yaşamaqdansa rədd olub, satqın statusu almaq daha yaxşıdı, hər şeyin tərsinə olduğu bu ölkədə.

 

Posted in Gülər Sadıqova, Yazar | 2 Comments »

Ölülər danışır

Posted by gundeliyim on 25 June 2007

Gülər Sadıqova

Soyuq, şaxtalı bir Azərbaycan səhəri idi. Gəzməyə çıxmışdım. Şaxta buz baltasıyla üz – gözümü doğrayır, külək də bir tərəfdən nəfəs almağa qoymurdu. Bütün bu soyuğa baxmayaraq gözlərimi yumub ürəyimdə ” qurban olum sənə ay Azərbaycan. Küləyin, soyuğun, şaxtan belə doğmadır” deyə – deyə gəzirdim. Elə beləcə gözü yumulu məzarlığa neçə çatdığımı bilmədim. Bir də eşitdim ki, ətrafımda çoxlu adam var. Hamısı da danışır. Dedim deyəsən axı mitinqə zada düşmüşəm. Əllərimi qabağa verib, güclə gözlərimi açmışdım ki, gördüm yox a bu mitinq zad deyil. Bu səslər qarşımdakı saysız – hesabsız məzarlardan gəlir. ” sən soyuğa bax, ölülər belə şikayətlənir” deyə fikirləşdim. Və elə qarşımdakı üzərində yaşlı qadın rəsmi olan məzara yaxınlaşdım:
– Nolub ay ana, niyə şikayətlənirsən? Olmaya soyuqdur?
– Eh, a bala sən nə qanarsan mənim dərdimdən. Cavan uşaqsan get evə nağıllarını oxu
– Ay ana, bezmişəm nağıllardan. Nə qədər nağıl oxuyar, nağıla baxarmış insan ay ana. Uşaqlıqdan ölməz kaşşeyə baxmaqdan, göyçək Fatmanı oxumaqdan birtəhər olmuşam. Üstəlik haranı açıram nağıl. Televizor bütün gün nağıl verir efirə. Qəzetlər nağıl yazır. Hələ bu Aztv – ni demirəm. Nənə babam yetmədi valideynlərim onların uşaqları bir azdan mənim uşaqlarım, nəvələrim də deyəsən Aztv nağıllarıyla böyüyəcək. Bəsdi də ay ana, bezmişəm axı nağıllardan? Mən bir az da həyatı görmək istəyirəm.
– Eh ay bala, biz görmüşük ki, sən də görəsən…..
Elə bu vaxt bir də gördüm sağ tərəfimdəki üzərində orta yaşlı kişi şəkli olan məzar sızıldayır. Özü də elə sızıldayır deyərsən bəs bunun dərdi elə ağırdı ki, dərmanı yoxdu. Döndüm o qəbrə:
– Nolub dayı, niyə belə sızıldayırsan?
– Mən ağlamayım kim ağlasın ay bala. Vaxtsız ölüm apardı məni bu dünyadan. Hər həftə yoldaşım gəlir. Gəlir və bütün dərdlərini, problemlərini danışır mənə. İşıq pulu, yol pulu, yemək pulu od qiymətinədir ay bala. Uşaqlar acından ölür. Geyimləri tökülür. Axı bu bircə cavan gəlin necə dolandırsın onları. Sızıldayıram. Yanıram.
Yanaqlarımda buzlanan göz yaşlarımı silib döndüm o biri məzara tərəf. Bu məzarın da üzərində kök və həyatdan məmnun – məmnun gülümsəyən kişi şəkli vardı. Baxdım. Məzara yaxınlaşa – yaxınlaşa dua edirdim ki kaş bu məzarın şikayəti olmayaydı. Heç olmasa ürəyim fərəhlənərdi bu soyuq qış səhərində. Amma məzar dərin ah çəkdi.
– Nəsə dərdin var deyəsən?
– Mənim dərdim olmasın kimin dərdi olsun. Həmişə yaxşı vəzifələrdə olmuşam. Qazanmışam. Dövlətdən bir qəpik də götürməmişəm. Rüşvətxor olmamışam. Halal zəhmətlə qazanmışam nəyim var. Sonra birdən şərlədilər ki dövlətin malını mənimsəmişəm. Heç məhkəmə necə oldu bilmədim. Çürütdülər məni zindanlarda. Nəslimi kəsdilər.
Ürəyim dərddən qubaq bağladı. Başımı göylərə qaldırdım. ” İlahi dedim, bu qış nə qaraymış dedim. Nə qədər əzablar varmış dedim” Dərin ah çəkdim. Ahıma yerdən o qədər cavab gəldi ki…Bəlkə dağlar olsaydı dözməyib yıxılardı o nalələrdən. Göz yaşlarımı silərkən qarşımda cavan qızın şəklini gördüm.
– Sən niyə dərdlisən ay bacım?
Qızdan səs çıxmadı. Qonşu məzardan cavan oğlan dilləndi:
– Ay bacı onun səsini ailəsi elə kəsməyib ki danışa bilsin. Gənc yaşda yaşlı birinə ərə veriblər. Puluna görə. Etiraz edib heç kəs baxmayıb. Özünü öldürmək istəyib günahdı, cəhənnəmdə yanarsan deyiblər etməyib. Elə yana – yana da ürəyi qurtarıb. Gənc yaşda xəstəliyə düçar olub. Biçarə, elə yanır ki indi, elə cəhənnəm dedikləri budu yəqin. Bütün gecəni yanan ürəyi od salır məzarlığa.
– Sənin deyəsən dərdin yoxdu axı qardaşım?
– Eh bacı indi kimin dərdi yoxdu ki…Elə mən də yanıram. Vətənimçün getdim. Torpaqlarımıza görə atdım ailəmi, isti yuvamı xilasa getdim. Arxadan vuruldum. Dözə bilmirəm. Odur bax qonşu məzarlıqda düşmən gülləsindən ölənlər var. Axşamlar danışıram. O qədər sakit, rahat yatırlar ki…Mənimsə sinəm yanır. Öz gülləmizdən öldüm mən. Mərd kimi getdim döyüşə. Namərdin arxadan vurduğu gülləyə tuş gəldim.
Daha dözə bilmədim. Gücüm gəldikcə qışqırdım.
– Ay məzarlıq əhli, axı belə olmaz axı. Öldüm axı bu dərdlərdən. Yəni bir dərdi olmayan sakit məzar yoxdu burda?
Elə nalə vururdum ki qarşımda körpə məzarı gördüm. Diz çökdüm.
– Gözəl körpə. Şirin körpə. Bircə sənin dərdin yoxdu hə? Axı nə görmüsən ki…Elə deyil?
– Yox xala. Səhv edirsən. Elə nə dərd var mənim dərdimdi. Nazlı anam gətirdi məni dünyaya. Amma onda da qış idi. Kənddə doğulmuşdum. Anamdan rüşvət istədilər. Məni bir neçə gün yaxşı saxlamaqçün. Yazıq anam. Verdi pulu. Özü gecələr işıqlar sönərkən soyuqdan sızıldayanda gülümsədi ki mənim balam rahatdır. Nə biləydi ki unudulmuşdum. Kasıb balasıydım. Bax yanımdakı məzar anamındır. Mənimlə yan – yan yatır.
Ürəyim dözmədi. Dərddən ağzımdan laxta – laxta qan gələrkən məzarlardan biri səsləndi ki, sənə adres verim get ora.O məzarlıqda çoxları sakitdi, dərdsizdi, rahatdı. Orda yaxşı olacaq.
Əllərimi qulaqlarıma tutub qaçdım gücüm yetdikcə. Çatdım. Bura verilən adres idi. Fəxri xiyaban idi. Beləcə yenidən nağıla qayıtdım. İlahi, nağıllar necə də şirin olurmuş. Yanaqlarıma soyuq buz kimi dənələr düşdü. Başımı qaldırdım. Həmişə körpə uşaq kimi sevindiyim, atılıb – düşdüyüm qar idi yağan. Gözlərimi yumub, dişlərimi sıxdım ki söyüş söyməyim. Əllərimi havaya qaldırıb Fəxri Xiyaban boyu bağırdım:
– Lənət olsun sənə Azərbaycan qışı. Lənət olsun sizə bütün nağıllar. Bir ölkənin ki məzarlığı qan ağlayır, lənət olsun hamınıza.

Posted in Gülər Sadıqova, Yazar | 6 Comments »

Azadlığa bəstələnmiş dəli nəğmə.

Posted by gundeliyim on 28 March 2007

Gülər Sadıqova

Siz əclafsız insanlar. Söz verib üstündə durmayanlar. Siz əclafsız insanlar.. Siz hamıınız əclafsız.

Mən sizdən heç nə istəmirdim. Məni başa düşmədiz. Mən yaşamaq istəyirdim. Azadlığın qoynunda uyumaq istəyirdim. Oh, azadlıq sən nə şirinsən. Sən nə gözəlsən. Səni necə sevirəm. Mənim iztirablı sevgilim. Necə ağırdır sənə qovuşa bilməmək. Necə ağırdır sənin addımlarını qapımda eşitməmək. Səni qarşılamamaq, boynuna sarılmamaq. Ah azadlıq. Sən necə gözəlsən. O gur saçların alnına dağılarkən. Gözlərini örtərkən. Sən necə gözəlsən qaranlıq axşamda, bu sıxıcı yalnızlığımda səni arzulayarkən.
Mən heç nə istəmirdim. Mən azadlıq istəyirdim.

Qayalara çırpılan dalğalara baxıram. Masmavidir, gözəldir onlar. Küləklər saçlarımı oynadır. Soyuq suların bir az əvvəl bürüüyü bədənimə yapışan nəm paltarım sanki mənə aşiq qara ilandır. Sarılmış bədənimə, üşüdər məni. Zəif şamın oynaq işığı otağımın divarlarında oynayır. Əllərim violançelin zərif bədənində rəqs edir. Pəncərəmin pərdələri. Son möhkəm akkordları vururam. Dönürəm yırğalanan sulara – beşiyimə.

Mavi suların altından seyr edirəm soyuq səmanı. O mənim sevgilimi məndən alıb. Mənim azadlığım orda döyünür. Səma üşüdür məni. Sular nəfəsimi kəsir. Suları tərk etdim. Daxilimdəki alov yandırır məni. Ürəyim parçalanır. Dözmürəm. Əllərimi daxilimə salıb qəlbimin yanan parçalarını toplayıram ovuclarıma. Sovurdum küləklərə onları. Səpələndilər dünyaya. İntiqamımı almaqçün insanlardan.Artıq içim bom – boş. Cəbrayılın qanadları çəkildi üzərimdən. Yox yenə ağrıyar içim. Qəlbimin son kiçik parçası qalmış orda.

Mən qara mələk ola bilməyəcəm. Sevgim məhv olmadı. Mən sevirəm. Qəlbimin üsyanları məhv etdi bəşəriyyəti. Çıxardım dırnaqlarımı – ağrıdan qışqıraraq. Göndərdim bu insansız planetə. Hər tərəfi yaşıllıqlar bürüdü. Yarpaqlara çevrildilər onlar. Saçlarımı göndərdim, simlər oldular. Oxudular hər tərəfə iztirab nəğmələrimi. Gözlərimi çıxardım. Çox şeylərə yumulduqları, çox şeyləri görərkən görmədikləri üçün. Atdım dənizlərə. Gülüşümü bəxş etdim dünyaya. Hər zaman güllər açsın deyə. Qanadlar aldım göylərdən..

Hər şeyi məhv edərkən qəddarlığıma toxunmamışdım. Qəddarlığım məni əsir etdi. Qovuşa billmədim o gur saçlı sevgilimə. Geri döndüm.Dırnaqlarımı yerinə qaytardım. Gözlərimi boş oyuqlara yerləşdirdim. Gülüşümü əbədilik məhv etdim. Bir daha öz bədbəxtliyimə gülə bilməyim deyə. Geri döndüm işığı qırmızı gördüyüm, əllərimi oynatmağa mane olan o bəyaz pərdəli yerə – anamın bətninə.

Hər şey bitdi. Mən sevgilimə yalnız bir dəfə qovuşacam. İşığı gördüyüm ilk anda. Təmiz hava ciyərlərimi incidərkən qışqırdığım, heç nə bilmədiyim doğum anında. Sonra ayılacam bu gözəl yuxudan. Yenə geri dönəcəm bu həyat deyilən zibilə. Udacam damla – damla bu acı zəhəri. Sonra da dalacam bu zərərsiz, şirin mavi suların dərinliyinə.

Çalacam bu iztirablı, dəli nəğməmi…

Posted in Gülər Sadıqova, Yazar | Leave a Comment »

Səslər boğulur!!!

Posted by gundeliyim on 20 March 2007

Gülər Sadıqova

Səslər boğulur. Başınız sağ olsun deməkle deyil. Daha bir səs boğulur.Və biz susuruq. Susmağa alışmışıq. Adi baxırıq artıq baş verənlərə…

Milli Məclisimizdə dava olur. Daha bir azad fikirli xeyirxah gənci məhrum edirlər xalqı təmsil etməkdən. Niyə? Saxta, yaltaq, yalan hesabatlara görə…Kimlərəsə planlar qurulur, kimlərsə yeni–yeni hakimiyyət tələlərinə düşür. Qurban kim olur? Biz oluruq. Mənim zavallı xalqım..

Niyə dözürük bunlara? Bu gənclik hara baxır? gəzməye ? partilərə? kefə? Buna görə mi batır bizim səsimiz? Bir az da danışaq. Bir az da cıxaraq səsimizi. Dözməyək. Yeyib yata-yata, heç düşünmürük axı nəvələrimiz bizə nə qədər nifrət edəcək.

SAXTAKARLIQ BAŞ ALIB GEDIR. AZƏRBAYCAN BÖYUK BIR APOKALIPSISƏ DÖNÜB.

Amma yenə də susuruq. Ah mənim yazıq millətim.

Oyanın!! Artıq səhər açılır. Bu açılan səhər əbədi qaranlıq ola bilər. Oyanın, oyanın ki hər yeni doğan gunəş Azərbaycan üfüqlərindən demokratiyanı, azadlığı işıqlandırsın.

Ah, azadlıq… Sən necə də şirinsən. Sən necə boyuk quvvesen ki, səni arzulayırlar, səndən qorxurlar. Səndən qorxduqları üçün neçə–neçə səslərin qatilləri olurlar.

Danışaq mənim millətim. Danışaq. Hamımız eyni səslə danışaq. O qədər uca danışaq ki, boğa bilməsinlər bu 8 milyonun səsini. Danışaq. Danışaq ki, səsimiz batırsın bir ovuc qatillərin səsini, qızılların cıngıltısını, pulların xışıltısını…

“ Millət pisdir, Millət yaltaqdır” deyənlər unutmayın:

MILLƏT SƏNSƏN, MILLƏT MƏNƏM, MILLƏT HƏR BIR AZƏRBAYCANLIDIR.

Posted in Gülər Sadıqova, Yazar | 4 Comments »