Gündəliyim®

Gündəliyin Nəbzini Tut

Təhsil əks-təhsilə bərabərdir.

Posted by gundeliyim on 2 October 2007

Erkin Qədirli

Fikirlərimi ifadə etməzdən öncə Isaak Newton’nun xatirəsindənmi deyim, ruhundanmı deyim (özündən alınmayacaq) üzr istəmək istəyirəm ki, onun ‘təsir əks-təsirə bərabərdir’ düsturunu bir qədər kobud parafraz etdim. Mən ardıcıl olaraq təbiət qanunlarını cəmiyyətə şamil etmək cəhdlərinin ələyhinə çıxmışam. Odur ki, mövqeyimi dəyşidirmiş kimi görünmək istəməzdim. Belə bir başlıq seçməyimdə yanılmış ola bilərəm. Daha doğrusu, belə başlıq yanlış təssəvvürlər yarada bilər. Ona görə də, bu olmasın deyə, hamınızdan xahiş edirəm başliqdakı ifadəyə səbəb-nəticə əlaqəsi deyil, töhfə-məhsul əlaqəsi çərçivəsində yanaşın.

Təhsil bir sistemdir. Sistemin girişi və çıxışı olur. Çıxışında verdiyi məhsul keyfiyyətcə girişində aldığı töhfədən artıqdırsa, onda sistem faydalı sayılır. Onun faydalı iş əmsalı gözlənildiyindən aşağı ola bilər, amma hər halda məhsulu töhfəsindən çoxdursa, sistem faydalı sayıla bilər. Əks təqdirdə (yəni, məhsulu töhfəsindən azdırsa) sistem zərərlidir və ya ən azından faydasızdır. Zərərli olduqda sistem təhlükəlidir, sadəcə faydasız olduqda isə – lazımsız. Təhsil sistemi heç bir halda lazımsız ola bilmir, ona görə də o, ya faydalı olur, ya da zərərli. Təhsil sisteminin zərərli olması kimlərəsə lazım ola biləcəyi ehtimalını da nəzərdən qaçırmaq olmaz. Təhsil sistemi faydalı olduqda onun məhsulu, şərti götürsək, ziyalılar olur, zərərli olduqda isə – ziyanlılar.

Təhsil sistemdirsə əgər, onda onun əsas və törəmə məqsədləri olmalıdır. Indiyə qədər bizdə hesab edirlər ki, təhsil prosesi guya iki məcradan ibarətdir: təlim və tərbiyyə. Onların çıxışında, muvafiq olaraq, savad və ədəb (-ərkan) olmalıdır. Ikisi bir yerdə guya hər şeyin yerini bilən (savad) və özünü yaxşı aparan (ədəb) adamların yetişdirilməsinə xidmət etməlidir. Qəribədir, dilimizdə ‘özünü yaxşı aparan’ ifadəsi nədən vektorsuzdur? Özünü haraya yaxşı aparan? Yaxşı ki, hələ özünü aparan, başqasını deyil. Başı özünü aparmağa qarışmış adamın başqa ictimai yüklərin (vəzifələrin) daşımasını gözləməyə dəyərmi? Başı özünü aparmağa qarışmış adamın özündən başqa kimsəni düşünməsi nə dərəcədə mümkündür? Baş demişkən, nədən ‘özünü aparmaq’ kəlməsi – müsbət, ‘özbaşına’ kəlməsi isə mənfi mənalarda istifadə edilir? Məncə, aparılması vacib olan bir şey varsa, o da başdır. Bədən başa tabe olur, axı! Təhsil sistemimizdə isə bədən tərbiyyəsi dərsi var, amma baş tərbiyyəsinə əhəmiyyət verən yoxdur. Bəlkə elə ona görədir ki, bizdə daha çox bədən davranışlarına (geyim, duruş, oturuş və s.) nəzarət etməyə meyli çox güclüdür? Bəlkə məhz buna görə də cəmiyyətimizi daha çox narahat edənlər vicdanını satanlar (yaltaqlar, əclaflar) deyil, bədənini satanlardır (fayişələr, “mavilər”)?

Biz bədən tərbiyyəsi (idmanı demirəm) ilə məşğul olduğumuzdan düşüncələrimiz qalıb ‘özbaşına’. Ona gorə də çoxları hesab edir ki, ‘özbaşınalıq’ ‘özünü-aparmalıqdan’ pisdir. Ona görə də, muəllimin (yalnız məktəblərdə deyil, hətta universitətlərdə) şagirdə (tələbəyə) ən çox tutduğu iradlar (kontekstdən asılı olaraq) bunlardır: “duz otur!”, “qalx ayağa!”, “yerindən danışma!”, “çıx bayıra!”, “kəs səsini!”, və s. Ehh, məktəb bir yana, hətta parlamentin keçmiş sədri, vəzifədə olarkən, iclasda deputatların birinə “yerindən danışma” demişdi. Deyirəm də – bədən tərbiyyəsi.

Mən uşaqlığımda (sovet illəri idi) yay tətillərimi Hacıkənd’də (Gəncənin yaxınlığında; 20-30 dəqiqəlik yoldu) keçirərdim (nənəmin anasının evində). Hacıkənd’də çoxlu pioner düşərgələri var idi (rus və azerbaycan bölmələri). Ətrafda hər yerdə uşaqların, tərbiyyəçilərin, şeypurun və zərb alətlərinin səsi gəlirdi. O vaxtlar mənə çox qəribə gəlirdi, nədən rus bölməsinin uşaqlarını səhər oyadanda “Vstavay, vstavay, posteli ubiray!” mahnısını oxuyardılar, azerbaycan bölməsinin uşaqlarını səhər oyadanda isə – “Pendir-çörək, şirin çay, gecikənə yoxdur pay!” mahnısını? Fərqi duyursunuz? Rus bölməsinin uşaqlarına öhdəlik öyrədilirdi (baş tərbiyyəsi) – səhər yataqdan qalxan kimi, yatdığın yeri səliqə-səhmana sal, sonra yataq otağını tərk et. Azərbaycan bölməsinin uşaqlarına isə, yerindən qalxan kimi, yemək haqqında düşünmək, yeməyə başqalarından tez çatmaq öyrədilirdi (bədən tərbiyyəsi). Hər halda mahnılardan gələn əsas alt-şüur mesajı məhz belə olduğuna əmin ola bilərsiniz. Mesaj çox vaxt mənadan daha vacib olur və daha tez yaddaşda qalır.

 

6 Responses to “Təhsil əks-təhsilə bərabərdir.”

  1. matin said

    Tehsilde input, tehve de achilsaydi yazi daha aydin olardi. Umumilikde yazi xoshuma geldi.

  2. kamil said

    Erkin bey, men de sizinle raziyam. Bizde tehsil, terbiye ve elm anlayishlari cox qarishiq shekilde bir-birine, daha dogrusu sisteme hopdurulub. Ve hemin sistemin muxtelif merhelelrinde bu hal cashqinliga sebeb olur.

  3. lawyergirl_SUB said

    Erkin muellim, men sizin fikirlerinizi chox beyenirem..Odur ki, muhazirelerinize tez-tez gelirdim ki, sizi dinlemek wansini itirmeyim..

  4. Asim said

    I want to be your friend, if you are interested please reply me for further introduction.

  5. Natig said

    Evvela salam Erkin muellim. Men hemise yazilanlara eks fikir tapib ona qarsi tenqidi yanaşmaq istemişem.(hetta razi olsam da bele) Eks fikirler dogrunu hemise gosterib. Nece ki guzgu eksini gosteren zaman gozelliyini ve ya cirkinliyini eks etdirir. Sizin yazdiginiz bu balaca meqale deyim, fikirmi deyim cox maraqli idi. Men sizin bu meqleye hec bir tenqidi movqey ile yanasa bilmerem. Bir fikir ireli sure bilerem. Heqiqetende dogru, dolgun fi

  6. zaur said

    salam, Erkin müəllim! çox maraqlı fikirləriniz olsa da, amma universitetdən bu yana bir şey dəyişməyib. deyiç ki, yazdığınız bu yazının adı fikrimcə, çoc uğursuzdur. çünki təhsil əks-təhsilə bərabər ola bilər. Amma olmaya da bilər. sağ olun.

Leave a comment