Gündəliyim®

Gündəliyin Nəbzini Tut

Archive for the ‘Həbib Müntəzir’ Category

Aclıq olsun, kef olsun

Posted by gundeliyim on 23 July 2007

Həbib Müntəzir

Torpağlar düşməndədi, aclıq olsun, kef olsun,
Duşmənmiz vətəndədi, aclıq olsun, kef olsun.

Vətən ölüb ehsana gələn kimsə tapılmır,
Vətənmiz kəfəndədi, aclıq olsun, kef olsun.

Zülm, əzab, əziyyət çəkən bizim adamdı,
Çünki zəlil bəndədi, aclıq olsun, kef olsun.

Milləti rüşvət ilə təmsil eyləyirsə o,
Yaxşı nümayəndədi, aclıq olsun, kef olsun.

Çıxır mavi ekrana xalqa sinə göstərir,
Qeyrətin sinəndədi, aclıq olsun, kef olsun.

Balıq başdan iy verər bizdə isə tərsinə,
Günah səndə, məndədi aclıq olsun ,kef olsun.

Ağıl başda olarsa düz çalışar məmurum,
Ağıllar gödəndədi, aclıq olsun, kef olsun.

Həbib bizə yaraşmır kef eləmək cahanda,
Qarabağ Vazgendədi,aclıq olsun, kef olsun.

23 İyun 2003, Berlin.

Posted in Həbib Müntəzir, Lirika | Leave a Comment »

Qarabağa bax!

Posted by gundeliyim on 13 June 2007

Həbib Müntəzir

 

Zəmanə pis dövr eləyir, bül-bül uçan o bağa bax!

Qonub palma ağacına, oturduğu budağa bax!

Tox yadına salmır acı , acın kəsilib əlacı,
Həccə gedib olub Hacı, polkasında arağa bax!

Görür bütün müsibəti, verir xalqa əziyyəti,
Soyur yenə də milləti, əlindəki çomağa bax!

Millətimin qanın sorub, onun ürəynə xal vurub,
Düşmən orda villa qurub, gözün aç Qarabağa bax!

Xalqın əlacı faldadır, millətin ağlı daldadır,
Falla camaatı aldadır, evindəki ocağa bax!

Geyib o mini yubkanı, salib çiyninə sumkanı,
Sürtüb üzünə kraskanı, portiretdi yanağa bax!

Nefti əcnəbiyə satıb, artıq istədiynə çatıb,
Xaricilər burda yatıb, Xəzərdəki yatağa bax!

Həbib Haqqı söyləginən, dillə cihad eyləginən,
Haqq sözünü dinləginən, Onnan gələn varağa bax!

31 dekabr 2001, Bakı.

Posted in Həbib Müntəzir, Lirika | Leave a Comment »

Sən get! Sonra gəl…

Posted by gundeliyim on 1 May 2007

Həbib Müntəzir

Sən get McDonaldsda
BigMac boğmalan
sonra gəl mənə
antisemitizmdən
lovğalan
Sən get Coca-Cola
zəhərlən
sonra gəl Amerikaya
qəhərlən
adı dindar
özü mundar
Sən get xaricdə
erməni gədası ilə
bacı-qardaş olub
şellən
sonra gəl
Xocalı soyqırımında
ermənistan səfirliyi
önündə mitinq edib
veyillən
adı vətənpərvər
özü gödənpərvər
Sən get tələbədən
rüşvət qırp
sonra rüşvət almamaq
barədə
mühazirə oxuyub
üzünə çırp
adı Professor
özü rüşvətxor
Sən get vətən uğrunda
ölməkdən danış
sonra gəl düşmənlə
sülh etməyə
çalış
adı əsgər
özü peysər
Sən get Hipokrata
and iç
sonra bədbəxt xalqın
boğazını, cibini
biç
adı cərrah
özü cəllad
Sən get namusdan,
qeyrətdən dəm vur
sonra gəl Dubaya
göndərməyə
zənani-ordu qur
adı Qəmlo
özü Papakarlo
Sən get
bayramdan-bayrama
qaçqın qeydinə qal
sonra gəl
Qırmızı Xaçın
qaçqın yardımından
cibinə sal
Sən get…
görməmiş oğlu görməmiş!
Siyasətə keçməmiş…
Heç gəlmə!

Posted in Həbib Müntəzir, Lirika | 2 Comments »