Gündəliyim®

Gündəliyin Nəbzini Tut

Ölülər danışır

Posted by gundeliyim on 25 June 2007

Gülər Sadıqova

Soyuq, şaxtalı bir Azərbaycan səhəri idi. Gəzməyə çıxmışdım. Şaxta buz baltasıyla üz – gözümü doğrayır, külək də bir tərəfdən nəfəs almağa qoymurdu. Bütün bu soyuğa baxmayaraq gözlərimi yumub ürəyimdə ” qurban olum sənə ay Azərbaycan. Küləyin, soyuğun, şaxtan belə doğmadır” deyə – deyə gəzirdim. Elə beləcə gözü yumulu məzarlığa neçə çatdığımı bilmədim. Bir də eşitdim ki, ətrafımda çoxlu adam var. Hamısı da danışır. Dedim deyəsən axı mitinqə zada düşmüşəm. Əllərimi qabağa verib, güclə gözlərimi açmışdım ki, gördüm yox a bu mitinq zad deyil. Bu səslər qarşımdakı saysız – hesabsız məzarlardan gəlir. ” sən soyuğa bax, ölülər belə şikayətlənir” deyə fikirləşdim. Və elə qarşımdakı üzərində yaşlı qadın rəsmi olan məzara yaxınlaşdım:
– Nolub ay ana, niyə şikayətlənirsən? Olmaya soyuqdur?
– Eh, a bala sən nə qanarsan mənim dərdimdən. Cavan uşaqsan get evə nağıllarını oxu
– Ay ana, bezmişəm nağıllardan. Nə qədər nağıl oxuyar, nağıla baxarmış insan ay ana. Uşaqlıqdan ölməz kaşşeyə baxmaqdan, göyçək Fatmanı oxumaqdan birtəhər olmuşam. Üstəlik haranı açıram nağıl. Televizor bütün gün nağıl verir efirə. Qəzetlər nağıl yazır. Hələ bu Aztv – ni demirəm. Nənə babam yetmədi valideynlərim onların uşaqları bir azdan mənim uşaqlarım, nəvələrim də deyəsən Aztv nağıllarıyla böyüyəcək. Bəsdi də ay ana, bezmişəm axı nağıllardan? Mən bir az da həyatı görmək istəyirəm.
– Eh ay bala, biz görmüşük ki, sən də görəsən…..
Elə bu vaxt bir də gördüm sağ tərəfimdəki üzərində orta yaşlı kişi şəkli olan məzar sızıldayır. Özü də elə sızıldayır deyərsən bəs bunun dərdi elə ağırdı ki, dərmanı yoxdu. Döndüm o qəbrə:
– Nolub dayı, niyə belə sızıldayırsan?
– Mən ağlamayım kim ağlasın ay bala. Vaxtsız ölüm apardı məni bu dünyadan. Hər həftə yoldaşım gəlir. Gəlir və bütün dərdlərini, problemlərini danışır mənə. İşıq pulu, yol pulu, yemək pulu od qiymətinədir ay bala. Uşaqlar acından ölür. Geyimləri tökülür. Axı bu bircə cavan gəlin necə dolandırsın onları. Sızıldayıram. Yanıram.
Yanaqlarımda buzlanan göz yaşlarımı silib döndüm o biri məzara tərəf. Bu məzarın da üzərində kök və həyatdan məmnun – məmnun gülümsəyən kişi şəkli vardı. Baxdım. Məzara yaxınlaşa – yaxınlaşa dua edirdim ki kaş bu məzarın şikayəti olmayaydı. Heç olmasa ürəyim fərəhlənərdi bu soyuq qış səhərində. Amma məzar dərin ah çəkdi.
– Nəsə dərdin var deyəsən?
– Mənim dərdim olmasın kimin dərdi olsun. Həmişə yaxşı vəzifələrdə olmuşam. Qazanmışam. Dövlətdən bir qəpik də götürməmişəm. Rüşvətxor olmamışam. Halal zəhmətlə qazanmışam nəyim var. Sonra birdən şərlədilər ki dövlətin malını mənimsəmişəm. Heç məhkəmə necə oldu bilmədim. Çürütdülər məni zindanlarda. Nəslimi kəsdilər.
Ürəyim dərddən qubaq bağladı. Başımı göylərə qaldırdım. ” İlahi dedim, bu qış nə qaraymış dedim. Nə qədər əzablar varmış dedim” Dərin ah çəkdim. Ahıma yerdən o qədər cavab gəldi ki…Bəlkə dağlar olsaydı dözməyib yıxılardı o nalələrdən. Göz yaşlarımı silərkən qarşımda cavan qızın şəklini gördüm.
– Sən niyə dərdlisən ay bacım?
Qızdan səs çıxmadı. Qonşu məzardan cavan oğlan dilləndi:
– Ay bacı onun səsini ailəsi elə kəsməyib ki danışa bilsin. Gənc yaşda yaşlı birinə ərə veriblər. Puluna görə. Etiraz edib heç kəs baxmayıb. Özünü öldürmək istəyib günahdı, cəhənnəmdə yanarsan deyiblər etməyib. Elə yana – yana da ürəyi qurtarıb. Gənc yaşda xəstəliyə düçar olub. Biçarə, elə yanır ki indi, elə cəhənnəm dedikləri budu yəqin. Bütün gecəni yanan ürəyi od salır məzarlığa.
– Sənin deyəsən dərdin yoxdu axı qardaşım?
– Eh bacı indi kimin dərdi yoxdu ki…Elə mən də yanıram. Vətənimçün getdim. Torpaqlarımıza görə atdım ailəmi, isti yuvamı xilasa getdim. Arxadan vuruldum. Dözə bilmirəm. Odur bax qonşu məzarlıqda düşmən gülləsindən ölənlər var. Axşamlar danışıram. O qədər sakit, rahat yatırlar ki…Mənimsə sinəm yanır. Öz gülləmizdən öldüm mən. Mərd kimi getdim döyüşə. Namərdin arxadan vurduğu gülləyə tuş gəldim.
Daha dözə bilmədim. Gücüm gəldikcə qışqırdım.
– Ay məzarlıq əhli, axı belə olmaz axı. Öldüm axı bu dərdlərdən. Yəni bir dərdi olmayan sakit məzar yoxdu burda?
Elə nalə vururdum ki qarşımda körpə məzarı gördüm. Diz çökdüm.
– Gözəl körpə. Şirin körpə. Bircə sənin dərdin yoxdu hə? Axı nə görmüsən ki…Elə deyil?
– Yox xala. Səhv edirsən. Elə nə dərd var mənim dərdimdi. Nazlı anam gətirdi məni dünyaya. Amma onda da qış idi. Kənddə doğulmuşdum. Anamdan rüşvət istədilər. Məni bir neçə gün yaxşı saxlamaqçün. Yazıq anam. Verdi pulu. Özü gecələr işıqlar sönərkən soyuqdan sızıldayanda gülümsədi ki mənim balam rahatdır. Nə biləydi ki unudulmuşdum. Kasıb balasıydım. Bax yanımdakı məzar anamındır. Mənimlə yan – yan yatır.
Ürəyim dözmədi. Dərddən ağzımdan laxta – laxta qan gələrkən məzarlardan biri səsləndi ki, sənə adres verim get ora.O məzarlıqda çoxları sakitdi, dərdsizdi, rahatdı. Orda yaxşı olacaq.
Əllərimi qulaqlarıma tutub qaçdım gücüm yetdikcə. Çatdım. Bura verilən adres idi. Fəxri xiyaban idi. Beləcə yenidən nağıla qayıtdım. İlahi, nağıllar necə də şirin olurmuş. Yanaqlarıma soyuq buz kimi dənələr düşdü. Başımı qaldırdım. Həmişə körpə uşaq kimi sevindiyim, atılıb – düşdüyüm qar idi yağan. Gözlərimi yumub, dişlərimi sıxdım ki söyüş söyməyim. Əllərimi havaya qaldırıb Fəxri Xiyaban boyu bağırdım:
– Lənət olsun sənə Azərbaycan qışı. Lənət olsun sizə bütün nağıllar. Bir ölkənin ki məzarlığı qan ağlayır, lənət olsun hamınıza.

6 Responses to “Ölülər danışır”

  1. S.Shushali said

    Mezarliq ehlinin derd soylemesi daha menasizdir.Allah Tealanin verdiyi azadligi derk edib dircelmek lazimdir.

  2. Agsaqqal said

    Oluler dogurdan da qan aglayir,
    Amma onlarin derdi bashqadi, daha agirdi ve helli artiq mumkun deyil.

  3. elvirs said

    psixoparanoya?

  4. Sevinc said

    Maraqlidir, amma yashina gore bir az aqir bir uslubu sinayirsan . Ne deyim , uqurlar.

  5. Secret of a Castle said

    defelerle sinanmish ugursuz movzu. Stili deyishmek lazimdir. Ferqlilik gore bilmedim.

  6. arifsulu said

    Salam!
    Bizimki’ndə sizin yazılarınızdan oxumuşdum və şərh də yazmışdım.
    Yazınız yaxşıdır demək olar.Hələ diliniz tam uyuşmur,ədəbi dili tam istifadə edə bilməmisiz!!!
    Sizdən səmimi bir istəyim var:çoxluca ədəbiyyat-Azərbaycan ədəbiyyatı oxuyun!Xalqdan biri olaraq gələcəyimizdə parlaq ədəbiyyat nümunələri görmək arzumdur,bunu yazacaq olan da çox oxumuş,öz üzərində çalışan,dayanmadan özünü yeniləyənlər olacaqdır.İndiki dövrdə insanların qüruru çox inkişaf edib,kimə irad tutursan,ya bir söz deyirsən,qayıdır ki,’mənnən yoxdu,yekəm’.Şübhəli də olsa,insanların hədis olaraq dedikləri bir söz var;elmi beşikdən qəbrədək öyrənin!
    Uğurlar xanım!

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

 
%d bloggers like this: