Gündəliyim®

Gündəliyin Nəbzini Tut

Din haqqında prinsipcə (3)

Posted by gundeliyim on 5 September 2007

Ay Məsihi

Bəs nə etmək lazımdır? Məncə başqa yanaşmalara da ciddi və sekulyar din qəssabı xürafatı olmadan baxmaq lazımdır.

Birincisi, bunu anlamaq və birdəfəlik qəbul etmək gərəkdir ki, intellektual, oxumuş olmaq, gəlişmiş, açıqgörüşlü və az-çox sekularist olmaq, əgər sekularizmdən konsept kimi bəhs olunursa, radikal sekulyaristlərin, liberalların, solların, sağların, ateistlərin, aqnostiklərin, deistlərin, qabaqdal(l)ıq edənlərin inhisarında deyil və ümumiyyətlə özünü qabaqcıl-intellektual göstərmək üçün dini şaqqalayıb onun qabırğasına ağlına gələni həm də ağzına gətirib döşəməyə ehtiyac yoxdur. Sekulyar önyarqılama, liberalizm, solçuluq və s. və ia hər nə qədər elmlə silahlansa da, insan hüquqlarından-filandan bəhs etsə də, nə Yaradanın mövcudluğu, nə də elm-din münasibətləri hələ ki akademik dünyada tam həll olunmayıb və kimsənin aidiyyətli bir məsələ bitmədən və ya az-çox sabitləşmədən öz dünyagörüşünü qabaqcıllıq adı altında normaya çevirərək içtimai diskursa diktə etməsi və qarşı tərəfi açıq və bərabər əsaslarla içtimai müzakirədən və cəmiyyətə təsirdən “bunlar təhlükədir, bunlar geridə qalıb, bunlar ölkəni işğal etdi” deyə dolayı yolla istisna etməyə çalışması, liberalizmin, açıqdüşüncəlilik ideyasının özünə ziddir. Bu mənada dindən yazanların çoxunun daxili konseptual ziddiyyətlə məsələyə yanaşması məncə kimsəyə xeyir vermir.

İkincisi, bunu nəzərə almaq yararlı ola bilər: din və ya dinəbənzər sosial sistemlər dünyanın hər yerində etnik kimliklə yanaşı içtimai və fərdi kimliyin ən əsas determinatorlarından və təzahürlərindən biridir. Ən azından yaxın bir neçə yüz il üçün bu mənə görə belə də qalacaqdır. Buna görə də bir millətin dini kimliyini bu cür mexaniki, barmaqarası tənqidlə bir küncə sıxışdırmaq dinin mənfi təzahürlərinə qarşı mübarizə aparmaqdan daha çox qaş düzəltmək gərəkən yerdə gözü vurub çıxartmağa bənzəyir. Dinə qarşı aqressiv yanaşma dini aqressivlikdə günahkar hesab edənlərə başucalığı gətirmir. Əksinə, dinlə – sosial-siyasi həyatın istər açıqda, istərsə də gizlində önəmli faktorlarından biri ilə – dialoqa girərəkdən, onu təkmilləşdirməyə yəni islah etməyə çalışaraqdan davranmaq və onu zamanla sistemlə barışmağa çəkmək gərəkdir (əgər buna ehtiyac varsa təbii ki). Dini öldürməklə, Nitsşedən bir – iki cümlə əzbərləyib sağa-sola fəlsəfə püskürməklə əldə edilən dinin daha da aqressivləşməsi, radikallaşması və qütbləşməsidir. Unutmayaq ki, din istənilən digər dünyəvi ideologiyadan fərqli olaraq insanın rasionallıqla şərtləşdirməyə ehtiyac duymadığı inanca dayanır və bu mənada insan qruplarını ən gözlənilməz hərəkətlərə sövq edəcək silah ola bilər. Buna yol verməmək üçün insanları çağdaş dövrün paradiqmalarını göz önünə alaraqdan din sahəsində maarifləndirmək və dinlə digər düşüncə sistemləri arasında ahəngdarlığa nail olmaq daha önəmlidir, nəinki dinə Feyerbaxdan qalma çeynənmiş cümlələrlə yanaşıb, bir az indi dəbə düşmüş dəyərlərin nisbiliyindən dəm vurub milyonları qütbləşdirmək. Ucdantutma bütün dindarları bir araya qoyub geridəqalmış, mühafizəkar damğası vurmazdan və özünü sığortalamaq üçün dindara-inanana yönəlik bir-iki xoş “dejurnı” cümləni esseyə, məqaləyə yamamazdan öncə, bir maraqlanmaq lazımdır ki, dini qovmaqla yerinə nə gətirəcəksiniz və əgər gətirdiyiniz radikal-dinsiz sekulyarizmdirsə, bizə xeyriylə yanaşı o daha nələri gətirəcək?

Üçüncüsü, dinlərarası münasibətlərə və dini dünyagörüşü dinamikasını diqqət yetirərək onu öyrənmək önəmlidir. Dini dünyagörüşü sadəcə İslamla bitmir. İslam özü də radikalların, mühafizəkarların və ya əsl, mücərrəd, islamın olmamasından dəm vurmaqla zaman keçirənlərin inhisarında deyil. İslam dünyası və islam diskursu indi müxtəlif səbəblərdən heç də allı-güllü dövrlərini yaşamır, bununla belə, hətta İslamda da günümüz üçün aktual, önəmli yazan yazarlar vardır və İslamın dövrlə ayaqlaşması üçün yavaş-yavaş hərəkatlar formalaşmaqdadır. Bu azmış kimi, hər şeyin elmlə və elm çərçivəsində həllinin mümkünlüyünü düşünərəkdən transsendental-dini və fəlsəfi məsələlər haqqında mülahizə yürütmənin ən müvafiq və legitim diskursu olan teologiyanı içtimai diskursdan “dinidir-geridəqalmışlıqdır-radikaldır-lazımsızdır” bəhanəsi altında istisna etməklə əslində insanları dini maarifləndirmədən uzaqlaşdırmış və elə bununla da dinin mənfi təzahürlərinə məruz qalmasına yol açmış oluruq. Odur ki, teologiyaya, çağdaş dünyanın müxtəlif ölkələrindəki müxtəlif dinlərin ardıcılı olan intellektualların yazıb-pozduqlarına göz atmaq və onları öyrənib analiz etmək, azəri ziyalısının-intellektualının mənafeyindədir (hələ bir də bu intellektual öncül, yeni, islahatçı olmaq iddiasındadırsa). İslamı və ya dini azlıqların dini kimliyini xoş “dejurnı” cümlələr fonunda geridəqalmışlıqdır-vaxtıkeçmişdir-bütün bəlaların mənbəyidir deyə özündənrazı tonda, sovetdən qalma bilgiylə inkar etmək və toplumun bu kimliyini repressiv şəkildə rədd edib yeni sosial travmalara yol açmaqdansa, özünün daxili resursları hesabına islam çağdaş dövr üçün zamanın mürəkkəbliklərini nəzərə alaraqdan nə təklif edə bilər və islam necə gəlişdirilə bilər sualına cavab axtarmaq da dini “söküb-yığan” (psevdo)intellektuaların heç olmasa öz liberalist, solçu, sağçı, postmodernistçi dəyərlərinə hörmət xatirinə bir borcu olmalıdır. Sizlərin yalnız qatı sekularizm və dinsizlik şəklində sistemə qatqınız, hər halda dinin səmimiyyətlə və sekulyarist qəssab xürafatı olmadan islahını bacarmaq kimi bir nailiyyətdən daha az effektli olar hər halda. Çünki din də cəmiyyətin bir parçasıdır və özünün bütün yalan-doğruları, ziddiyyətləri ilə birlikdə indiyə qədər insan-Yaradan münasibətləri haqqında ən çox tarixi, zəngin, bədii, mistik, sosial, genişmiqyaslı, müxtəlif bəşəri təcrübənin toparlandığı, ən azından hələlik nə elmlə, nə də fəlsəfə ilə tam əvəzlənməsi mümkün olmayan, sosial-siyasi və mənəvi-psixoloji diskursdur, resursdur. Əksinə, sizin hərtərəfli (sizin biryönlülüyünüzün əksi) oxumuş olaraqdan dinin əhəmiyyətini, rolunu (eləcə də onun aradan qaldırıldığı zaman mümkün nəticələri) anlayaraqdan dini sistemi islah etməyi və mötədil dinlə, mötədil sekulyarizmi bir araya gətirməyi bacarmanız həm toplumun, həm də ayrı-ayrı fərdlərin marağında olar. Bu, cəmiyyətin ifrat qütbləşməsini zəiflədər və insanlara dinə münasibətdə daha içdən, sərbəst, şəxsi seçim əsasında davranmağa ortam yaradar. Din və sekulyarizmin toplumun dəyərlər sistemində biri-birini tarazlaşdırması onların birinin digərini qovması və gözlənilməz, arzuolunmaz nəticələrə yol açmasından daha önəmlidir məncə. Bu isə dinə qarşı tarazlaşdırımış yanaşma tələb edir. Dinlə bağlı balanslaşdırılmış yanaşma sadəcə hava və su kimi vacibdir.

Və ən sonda: düzünü desəm, əgər məqsədiniz dinin tamamən toplumdan istisnasına nail olmaqdırsa (məqsədiniz bu olmasa da belə, yazılarınızın sərtliyi, təkəbbürü və biryönlülüyü buna yol aça bilər), o zaman əmin edirəm sizi, din qəssablığına vaxtınız hələ çox olacaq. Hər nə də olsa, gələcəyin rəsmi artıq ümumi ştrixlərlə çəkilmişdir və o özünə fokus olmuş eqopit(y)alistlərin, yaradıcılıq adı altında insan təbiətinin qaranlıq yönlərinə də qol-qanad vermiş “hər şey yolveriləndir” prinsipiylə yaşayanların, informasiyanı-dünyanı anlayıb, hiss edib, bəsirətlə duyub həzm edərəkdən deyil, internetdən, ordan-burdan, informasiya bolluğundan yararlanıb intellektuallıq quraşdıranların zamanıdır. Qəssablığını etdiyiniz malı şaqqalamağı heç olmasa iddialı olduğunuz ada yaraşan şəkildə gerçəkləşdirin: yəni öncül, islahatçı, oxumuş, qarşı tərəfə sayğılı (yəni təkəbbürsüz) davranan və bilən adına uyğun. Yoxsa hər vurduğunuz balta naşılıqdan başqa heç nə göstərməyəcək.

 

 

 

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

 
%d bloggers like this: