Gündəliyim®

Gündəliyin Nəbzini Tut

Din haqqında prinsipcə (2)

Posted by gundeliyim on 29 August 2007

Ay Məsihi

Məncə biryönlülük İsəvilik bir tərəfə dursun, İslamın özündə belə son illərdə dərinləşən fikir-ideya çarpışmalarını, müxtəlifliyini, islamı çağdaşlaşdırmağa, onu islah etməyə çalışan aydınların düşüncə və yazılarıyla tam tanış olmamaqdan, Sovet dövründə din haqqında quraşdırılmış və artıq çoxlarının tarix arxivinə atdığı nəzəriyyələrdən başqa bir çox yanaşmaları yetərincə öyrənməməkdən qaynaqlanır.

Bununla belə – mən ümid edirəm – dini şaqqalayan gənclərimiz İrşad Mancinin, Müqtədar Xanın, Seyid Hüseyn Nəsrin və s. yazılarına hər halda baxmamış olmazlar. Akademik dünyada tanınan (həm də Qərbdə), islamı tənqid edən müsəlman feministlərdən Leyla Əhmədin, Naval Al Sadavinin, Fatima Mernissinin, Əminə Vadudun yazılarını bir çoxlarınız yəqin ki, oxuduqdan sonra belə sərt tənqid edirsiniz (yoxsa səhv edirəm?). Talal Asadın sekularizm antropologiyasına həsr edilmiş yazılarından, bir çoxlarının təkrarladığı “Allah ölüb” mülahizəsinə Qərb dünyasında verilən teoloji reaksiyadan xəbərdar olarsınız belə gurultuyu yazılar yazmaq üçün. Ancaq niyə işinizi bunlarla bitmiş hesab edirsiniz?

Məsələn, mənə maraqlıdır bilim Azadlıq Teologiyasından, liberal teologiyadan yazılarınıza nə gətirirsiniz? Yoxsa bunları oxumamısınız və heç ehtiyac da görmürsünüz?  Niyə də bilməyəsiniz? Dini yalnız bir mövqedən daha yaxşı, daha ətraflı izah edəcəyinizimi düşünürsünüz? Kimsə sizə dini tənqid etməyin, din haqqında bir mövqedə durub danışmayın demir. Din gəlişsə, məhz bu cür tənqidlərin hesabına gəlişəcək. Bununla belə, məncə hər hansı bir tənqidin-mövqenin dəyəri o mövqedən danışan, yazan adamın radikallığı, od-alov püskürməsi ilə deyil, məhz qarşı tərəfin də mövqeyini, fikirlərini, şərh ənənəsini, daxili diskursunu nə dərəcədə bilməsi və bu bilgiylə necə davranması ilə ölçülür. Siz İslam Kəlamını və Fiqhini, Xristian teologiyasını və müasir bibliyaşünaslığı, İudaizmin Midraş ənənəsini və Kabbalistikanı, Buddizmi, Hinduizmi, Sintoizmi, Daosizmi, Falun Dafa hərəkatını, bu ənənələrin arxasındakı tarixi və çağdaş gəlişmələri yəni elə gözəl bilirsiniz ki, belə yuxarıdan-aşağı, sanki bütün həqiqəti sizə veriblərmiş kimi dinlə rəftar edirsiniz?

Belə yuxarıdan aşağı, təkəbbürlü üslubda yazmaq üçün (hərçənd bilginizin çoxluğu heç bir şeyə qarşı təkəbbürlü olmağa əsas vermir) sekularizmin, liberalizmin, solçuluğun, sağçılığın, postmodernizmin və s. bu kimi düşüncə-dəyər sistemlərinin ciddi tənqidini (ki o ciddi tənqidlərə artıq cavablarınız var yəqin), düşünürəm ki, yaxşı bilirsiniz. Lakin, deyək ki İsəvilikdəki, musəvilikdəki teoloji sistemləri, dini intellektualların din, sekulyarizm, dünyəvilik, Yaradan, həqiqət, dinlərarası dialoq mövzusunda yazdıqlarını bilib-bilmədiyinizdən əmin deyiləm. Hamınız D. Bonhofferi, Şleyermaxeri, K. Bartı, K. Rahneri, L. Sannehi, R. Panikkarı lap elə P. Bergeri –sosioloji modelləri dinlərə tətbiq edən sosioloqu və teoloqu – tanıyırmış, Sosial Müjdə hərəkatından xəbərdarmış, R. Butlmannın bütün xristianlığı silkələyən isəviliyin demifologizasiyasına həsr edilmiş yazılarını oxuyubmuş kimi yazırsınız. Yox əgər, bunlarla dini şaqqalamağınız üçün tanış olmağa lüzum görmürsünüzsə və ya oxuyub bir kənara tullamısınızsa, onda düşünürəm ki, sizə biryönlü desəm məni anlarsınız. Bir mövqedə durub, bir mövqedən yazılmışları oxuyub, bir mövqedən yazırsınız? Çox pakizə! Mənim buna deyəcək sözüm yoxdur.

Özünüz yazıb özünüz də oxuyursunuz və dinin indiyə qədər də tam qurtula bilmədiyi hansı problemləri vardısa (qarşı düşüncəyə dözümsüzlük, ona ad qoyub stereotipləşdirmək, bütün gerçəkliyi sadə dini formulalarda izah etməyə qadir olduğunu iddia etmək, konstruktiv özünütənqid və qarşı tərəfi dinləmək mədəniyyətinin olmaması və s.), sizin də çağdaş çağda o problemləri donuq sovet təfəkküründən miras almanız məni o qədər rahatsız etmir. Lakin dinə və ya hər hansı şəkildə ümumiyyətlə fövqəltəbii varlığa dayandığını iddia edən dəyər sistemlərinə qarşı tənqidləriniz təkəbbür, özündənrazılıq dili, “bu da belə getdi” yazıtərzi ilə bir araya gəldikdə artıq çəkilməz olur. Bir az çoxyönlü olmaqla heç nə itirməzsiniz.

Dini bu şəkildə qurbanlıq qoyun kimi qabağına qatıb, cümləpərdazlıq edən yazıların daha bir ümumi özəlliyi də onların insan davranışlarında təzahür edən və maddiləşən və ya əsas elementi insan olan sistemləri (əgər məsələyə sosioloji baxış bucağından yanaşarsaq) mücərrədləşdirmədə ağını çıxartmağa, onu mühitindən ayırıb, sanki öz-özünə, əlaqəsiz-filansız mövcudmuş kimi onunla rəftar etməyə deyilir. Bizim dindən yazan sekulyar din qəssabları da eynilə bu şəkildə hərəkət edirlər.

Din, sanki müstəqil, kontekstdən, insanlardan, tarixdən, sosial gerçəklikdən təcrid olunmuş bir şeymiş kimi yazırlar. Əlbəttə, sözdə onların hər hansı birinin din və mühit arasında əlaqəni inkar edəcəyini düşünmürəm. Lakin nədənsə yazılarında bunu nəzərə almaları heç cür özünü göstərmir. Bu cür mücərrəd, mühit (kontekst) və din əlaqəsini nəzər almayan və ya nəzərə almaq üçün yer qoymayan yazılar əksərən mexanist, mürəkkəbliyi-bütövlüyü bu və ya digər faktora müncər edəcək qədər sadəlövh olur. Əl-Qəzalidən, C.Əfqanidən misallar verib, Quranı\İncili diskursun daxili şərh ənənəsinə məhəl qoymadan izah edib, İncildən bir – iki məsəl çəkib, Həvari Paulos haqqında İslam müdafiəçilərinin çox çeynənmiş cümlələrini təkrar edib, intellektuallığa iddia etmək özlüyündə pis deyil. Ancaq axı İslam Qəzali ilə, Səudiyyə Ərəbistanıyla, Xristianlıqsa həvarilərlərlə və ya katolikliklə bitmir. Axı nə tez unuduruq ki, bütün dinlərin gündəlik həyatımızda tətbiqi və işləməsi əslində insanla başlayır və insanla bitir və sadəcə bir bu fakta görə, məsələyə sosial-siyasi, tarixi, psixoloji, dindən kənarda qalsa də dinə təsir edən mühit və insan, tarix, yer, mədəniyyət, dövlət, hüquq, ideologiya, təhsil, təbiət və s. faktorlarını nəzərə almadan yanaşmaq esseni, məqaləni ən azından oxucu üçün dəyərdən salır.

İntellektual cavanlıq eləmək pis deyil. Lakin bunu da məncə xatırlamağa dəyər ki, intellektual cavanlıq intellektual beyniqanlı olmaq deməkdir. Mücərrəd, elə bil əbədiyyən dəyişəməyəcək sistemlər kimi dinlə rəftar etmək E. Saidin təsvir edib cikini-bikini aləmə car çəkdiyi və bu gün Qərb şərqşünaslığında heç bir müəllifin ünvanına söylənməsini istəmədiyi orientalist yazıların xüsusiyyətidir ki, təəssüflərlə bu özəllikləri bizim yazarlarda müşahidə edirəm. Qərbin artıq zibil qutusuna tulladıqlarını ordan çıxarıb ölkəyə sırımağın anlamı nədir? Bir az real yazın, göydən enin, yerdə yazın.

(Ardı var)

 

3 Responses to “Din haqqında prinsipcə (2)”

  1. Qasim dayi said

    dini siyasi ideologiyaya cevirmek dogru deyil. Din ile siyaset bir birinden ayri olmalidi

  2. Ay Mesihi said

    Eger sohbet meqaleye etirazdan gedirse, anladigim qederile, men dinin siyasi ideologiyaya cevrilmesini desteklemek sheklinde sherh edilecek bir shey yazmamisham.

  3. Qasim Dayi said

    Mesihi qardash;

    Yazdigim sherh oz fikrimi eks etdirir. Yazdigin butun meqaleleri oxuduqdan sonra bir elave kimi dushunmek olar

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

 
%d bloggers like this: