Gündəliyim®

Gündəliyin Nəbzini Tut

Din haqqında prinsipcə

Posted by gundeliyim on 18 August 2007

Ay Məsihi

Və ya dinə daha nə cür yanaşmaq olar

Azərbaycan mətbuatını, özəlliklə də gənclərin yazıb-pozduğu mətbu orqanlarını izləyən oxucu kimi son dövrlərdə maraqlı bir axımın şahidi oluram: Azərbaycan gəncliyinin bir qismi və ya özünü intellektual (indi ziyalı sözünü ya aydın, ya da daha qərbsayağı səslənən intellektual sözüylə əvəzləyiblər), geniş dünyagörüşlü hesab edən, daha doğrusu bu imtiyazgətirici adı mənimsəyib cəmiyyətin qabaqcılı rolunda çıxış etmək iddiasında bulunan bir qrup gənc dini qabağına qatıb satlıq mal kimi sağdan sola, soldan da sağa qovur. İş o yerə gəlib çatıb ki, artıq din az qala bütün bəlaların mənbəyi rolunda çıxış edir.

Ölkəni süstlük bürüyüb? Dindir gunahkar! Ata qızını bıcaqlayıb? Dindir təqsirkar! Cəmiyyət rejimin basqısına hələ də dözür? Dindir xatakar! Azərilər hələ millət kimi formalaşmayıb? Din! Kənddə birinin qoyunu ölüb? Din!! Küçədə birisi yerə tüpürdü? Din!!!… Bir sözlə, din indi olub qapazaltı, gələn birini vurur, gedən ikisini. Dini geridəqalmışlıq, çağdaşlığın əksi, radikalizm kimi stereotiplərlə eyniləşdirmək də artıq uzaq gələcəyin işi deyil. Onu cəmiyyətdən qovmağa, yadlaşdırmağa və hər şeydə təqsirkar görməyə çalışanlar belə var.

Etiraf edim, gəncliyin bir parçasının, həm də oxumuş, dünyagörmüş, qabaqcıl gənc və güc olmaq adını mənimsəmiş, iddialı hissəsinin mürəkkəb sosial-siyasi və tarixi problemləri, məsələləri sadəlövhcəsinə və qələbə tonuyla (elə bil düzəlib hər yaraqları, qalıb saqqal daraqları) tək bir sosial faktora müncər etməsi məndə qarışıq hisslər oyadır. Bu heç də xoş deyil və düzünü desəm, zatən yarıqaranlıq Azərbaycanın gələcəyini daha da tünd tonlara bürüməkdən başqa bir şeyə yaramır. Niyə?

Öncə, söhbətin niyəsinə keçməzdən əvvəl bir – iki məsələyə toxunum ki, sonra da məni şalvarı qısabalaqlı, uzun saqqallı kimi stereotipləşdirmədə (hər nə də olsa indi dini qapazlamadan yazanlara istər-istəməz ya dindar, ya da ənənəviçi deyib geridəqalmışlaşdırırlar) bəlkə az aqressiv olasınız. Mən ənənəvi dini mövqedən hər hansı biri dini düşüncə sistemini müdafiə etmirəm. Bu yazını yazmaqda da məqsəd İslamı və ya hər hansı konkret dini müdafiə etmək deyil, ümumiyyətlə din və dini düşüncə tərzi haqqında bu cür müncəredici (reduksionist) mülahizə yürüdənləri ən azından öz aralarında açıq və daha ciddi mükaliməyə sövq etməkdir. Bundan başqa məqalədə mənim məqsədim din və içtimai nizam arasındakı münasibət deyil, ümumiyyətlə dinə yanaşma barədədir. Heç bir qrupun adından danışmıram və kimsəni də təmsil etmirəm.

Bir tərəfdən, bunu anlayıram və qəbul edirəm ki, dinin tənqidi zəruridir və bu səmimi, geniş və açıq dünyagörüşlü dindarlara özlərini başqalarının gözüylə görməyə, həm də zəifliklərini aradan qaldırmağa, dinlərini toplumla ayaqlaşdırmaq cəhdlərində yardım edir. Bundan başqa dinin və ümumiyyətlə dini düşüncənin tənqidi, bir zehni iş olaraqdan ən azından qarşı qoyan, alternativ və deməli tarazlaşdırıcı, ayıldıcı, maarifləndirici diskursu yaradır. Bunsuz dinin donuqluqdan çıxması, çevik və içtimai proseslərə müsbət qatqısı olan sistemə çevrilməsi sadəcə mümkün deyil. Təndiq də təbii ki, müsbət, konstruktiv olmalıdır, dinin məhz belə sistemə çevrilməsi üçün. Müxtəlif mətbu orqanlarında gedən tənqidi yazılar, dinin mənfi təzahürlərini aşkarlamağa, onların aradan qaldırılması üçün cəhd etməyə və bununla da toplumdakı sabit, repressiv adətləri aradan qaldırmağa və ya dövrə uyğunlaşdırıb, yumşaltmağa yardım edir. Bu mənada dinin tənqidi həm də dinlə siyasətin bir araya gəlib mümkün, lakin arzuolunmaz rejimlər yaratmasına qarşı əhalini hazırlamış olur.

Digər tərəfdən də yanılmaq və şişirdilmiş subyektivizmə varmaq ehtimalını göz önünə alaraqdan hərdən düşünürəm, konkret dini tənqid ara-sıra dini düşüncəni qapazlamağa çevrilir və onu bu cür qapazaltıya çevirən gənclər din haqqında tarazlaşdırılmış və çək-çevir edilmiş bilgidən daha çox ümumilikdə (əsaslı-əsassız) stereotiplərlə mülahizə yürüdür. Fikrimcə, bəlkə də bunun bir səbəbi biryönlülükdür. Azərbaycanın, banal da olsa bunu təkrar xatırladaq, dünyəvi və sekulyar sistemə qovuşması məhz Rusiyaya ilhaq edildikdən sonra, xüsusən də Sovet İttifaqının bir parçası olduğu zamanlarda baş verib. Özünün bəlli ideoloji seçimlərindən dolayı Sovet İttifaqının ümumilikdə intellektual mühiti, tək-tük dissidentləri çıxmaqla dinə bir çox yöndən, yəni çoxyönlü deyil, məhz bir yöndən, sırf maddiyyatçı-müncəredici (materialist-reduksionist) izah, keçmişin qalığı nöqteyi-nəzərindən yanaşmışdır.

İdeoloji plüralizmin olmadığı bir ölkədən Azərbaycanın mirası onsuz da müxtəlif səbəblərdən dolayı teoloji ənənənin və düşüncənin zəif gəlişdiyi ölkəmizdə bu ənənənin olan-qalanının və dini-aydın düşüncəlilərin itirilməsidir. İndiyə qalıb, oxuyub ortaya çıxanlar isə vulqar materializmə yuvarlanacaq qədər sadəlövh şəkildə dinlə münasibətdə olurlar.

(Ardı var)

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

 
%d bloggers like this: