Gündəliyim®

Gündəliyin Nəbzini Tut

Öyrədilsin, yoxsa öyrədilməsin?

Posted by gundeliyim on 2 August 2007

Ay Məsihi

Bu aralarda Azərbaycan mətbuatına göz atarkən diqqətimi çəkən bir yazı qarşıma çıxdı. Deputat Gültəkin Hacıyeva 525-ci qəzetə verdiyi əski bir müsahibədə iddia edir ki, Azərbaycanda dini etiqad azadlığı haqqında qanun sərtləşdirilməlidir və bunu da ölkənin təhlükəylə üzləşməsinə bağlayır. O, İslamın məktəblərdə tədrisinin gərəkliliyindən danışır və vaxtın bizim xeyrimizə işləmədiyini deyir.

Təhlükə və vaxtın bizim xeyrimizə işləyib-işləməməsini bir tərəfə qoyuram, bununla oynamaq fikrim yoxdur. Ancaq xanımın toxunduğu islamın tədrisi və qanunun sərtləşdirilməsi məsələsinə toxunmaq lazımdır, çünki əks təqdirdə onlar bizə toxunacaqlar. Son illərdə din Azərbaycanın içtimai diskursunda daha da fəallaşmışdır və müxtəlif təriqətlərin ardıcıllarının qütbləşməsi heç də uzaq gələcəyin işi deyil. Bu təhlükəyə səbəb ola bilər, bu doğrudur. Ancaq olmaya da bilər. Bütün hallarda təhlükədən yan keçmək üçün qanunu sərtləşdirmənin müsbət nəticə verəcəyini gözləmək məncə gülüncdür. Qanunu sərtləşdirmək, onsuz da olmayan dini etiqad azadlığına münasibətdə qanunun özünü təhlükəyə çevirə bilər. Bu dolayısı ilə həm dinin həm də qanunun cəmiyyət üçün qıcıqlandırıcı faktora çevrilməsidir. Ona görə ki, Azərbaycanda qanun deyil, daha çox pul işləyir və qanuna hörmət prinsipi hələ vətəndaşların içinə sinmədiyindən nə məmurlardan, nə də qanunlardan çox şey gözləməyə dəyməz. Bu azmış kimi, belə sərt qanun, gizli toplantılar keçirən kilisələrin, gizli görüşən sələfilərin, vəhhabilərin sayını artırmaqdan başqa heç bir “xeyirli sonuc” verməyəcək. Bəlkə məmurların öz ailələrini saxlamaları və əlavə pul toplamaları üçün artıq qazanc yeri aça bilər, ancaq belə “xeyirli nəticələrə” biz burda baxmırıq. Sərt qanun ölkənin dünyaya və düşüncə müxtəlifliyinə açılmasından daha çox qapanmasına gətirib çıxarır.
Bəs İslam tədris olunarsa necə? Bu mümkündür, ancaq qənaətbəxş deyil. Mümkündür ona görə ki, İslamın tədrisi dünyəvilik prinsipi ilə – bir azdan nümayiş etdirməyə çalışacağıq – bir araya sığır və onun öyrədilməsi insanların arzuolunmaz düşüncə sistemlərinə qarşı dayanıqlılığını artıra bilər. İslamı bilən şəxsin Aum Sinrikyö kimi təşkilatlara üz tutması ehtimalı, bu dini bilməyən birisinin sözügedən təşkilata üzv olması ehtimalından hər halda az olar. Qənaətbəxş deyildir ona görə ki, sadəcə İslamın tədrisi az şeyi həll edir və çox şeyi problemə çevirir, xüsusən müasir dünyada din və dini dünyagörüşü dinamikasını göz önündə bulundursaq. İslamın tədrisi, əgər bu öyrətmə başqa dinlər haqqında bilgi ilə tarazlaşdırılmazsa, başqa dinlərə qarşı dözümsüzlüyü artıra, şəxsin digər dinləri yalnız İslam kateqoriyalarında qiymətləndirməsinə və anlamasına səbəb ola bilər, son nəticədə isə insanda etnosentrizmin (öz etnik, milli-dini dəyərlərini ən yaxşı, ən üstün görmək və başqalarına münasibətdə bu dəyərləri meyar kimi götürmək) formalaşmasına yol açar. Halbuki çağdaş dünya – elə Azərbaycan da – etnosentrik dəyərlərə dayanan, öz milli-mədəni və dini dəyərlər sisteminin mental və coğrafi məkanından kənara çıxdıqda intellektual-mental çaşqınlığa düçar olan şəxsiyyətlərə deyil, çevik, başqa dini-etnik və sivil dəyərlərin müsbət tərəflərini mənimsəyən insanlara ehtiyac duyur. Bundan başqa çağdaş dövrdə dinlərin biri-biri ilə münasibətində savaş və rəqabət gedərək arxa plana keçir, bunun yerinə anlama və dialoq, qarşılıqlı zənginləşdirmə dəyərləri yavaş-yavaş təməl rolunu oynamağa başlayır.

Bəs elə isə nə edək? Bunlara görə, gələcək cəmiyyət və fərd üçün vacib olan, günümüzdə aktuallaşan din-insan-cəmiyyət məsələlərini bir kənara ataq və İslamı və ya hər hansı başqa dini tədris etməyək? Məncə bu da yanlışdır və bir qütbdən digər bir qütbə tullanmaqdan başqa heç nə deyil.
İslamın tədrisi cavabın yarısıdır. Məncə sadəcə islamı deyil, həm də başqa dinləri tədris etmək gərəklidir və bu dinləri heç öyrətməməkdən daha yaxşıdır. Dinlər istəsək də istəməsək də, intellektual xürafatla, (bəlkə siz elə düşünürsünüz ki, sadəcə dini xürafat olur?), təkəbbürlə rədd etsək də, gözümüzü qamaşdıranları yanlışlıqla təqlid edib, dini önəmsiz, geridəqalmışlıq kimi görsək də, hər halda bu qaçınılmaz faktdır ki, sırf dünyəvi və elmi baxış bucağından da din insanlığın mistik-mənəvi təcrübəsinin toparlandığı, kristallaşdığı, dəllaların əlində biznesə, Rəbbi həqiqətən axtaranların əlində isə qurtuluş resursuna çevrildiyi bir sosial, fərdi, tarixi, psixoloji, siyasi fenomendir. Bu fenomenin İnsan qədər yaşı var və onu məktəblərdən qovmaqla biz normal, savadlı, dünyagörüşü geniş, deyək ki liberal insan hazırlamırıq. Əksinə, onu qovmaqla biz dindən xəbərsiz, bəşəriyyətin dini təcrübəsinə özünü doğrultmayan bir elmi xürafat təkəbbürü ilə yanaşan, keçirdiyi sosial-psixoloji sarsıntılarda isə hansı mənəvi resursa necə, niyə və nə zaman müraciət edəcəyini bilməyən, yarımcıq və dayaz, subyektiv bilinc səviyyəsində tam oturmamış, dumanlı dəyərlərlə çalışan insancıqlar yetirmə ehtimalını artırırıq. Ən azından bu ehtimalı azaltmaq üçün dinlər məktəblərdə öyrədilməlidir.

Kimsə mənə etiraz edə bilər – Azərbaycan dünyəvi dövlətdir buna görə də din tədris olunmamalıdır. Bu yanaşma özünü doğrultmur. Dünyəvilik dinin təhsildə əsas və aparıcı mövqeyini, teoloji həqiqətlərin öyrətmədə və dünyanı qavramada yeganəliyini, məcburiliyini və totallığını, dini müddəaların təhsildə qeyri-dini, elmi müddəalar üzərində hakim mövqeyini rədd edir. Başqa sözlə, bu prinsip məktəblərdə Həvvanın Adəmin qabırğasından yaradılmasını, Buddanın dörd həqiqətinin obyektiv və yeganə, məcburi həqiqəttək öyrədilməsini, qəbul olunmasını və başqa müddəaların buna tabe etdirilməsini rədd edir. Bu isə, diqqət edin, dinin tədrisinin dünyəvi dövlətdə mümkünlüyü məsələsi deyil, dinin necə tədris olunması məsələsidir. Din dünyəvi dövlətçilik prinsipinə tərs düşmədən tədris oluna bilər. Bundan başqa dinlərin tədrisi istər cəmiyyət, istərsə də fərd üçün dinlərin heç tədris olunmamasına görə daha müsbət nəticələr verə biləcəyindən dolayı onların tədrisi heç öyrədilməməsindən daha məqsədyönlüdür.

Bunu qəbul edərsək, onda qarşıya çıxan əsas məsələ dünyəvilik prinsipi ilə dinin məktəblərdə tədrisinin bir-birinə sığarlığını təmin etmək olur. Aşağıda mən müəyyən prinsiplər təklif edirəm və bunlar məncə həm dinin necə tədris olunmasına, həm də dinlərin tədrisdə dünyəvilik prinsipi ilə uyuşmasına bir yerə qədər yardım edə bilər.
1. Məqsəd. Dinlərin tədrisində məqsəd fərdi müsəlman, İsəvi, musəvi və ya buddist etmək olmamalıdır. Başqa sözlə dinin tədrisində məqsəd şəxsi bu və ya digər dini dünyagörüşünü seçməyə təhrik etmək, hər hansı dini dünyagörüşünün başqalarından üstünlüyünü sübut etməyə çalışmaq olmamalıdır. Dinin tədrisində məqsəd fərdin fəlsəfi-dini, mistik məsələlər və transsendent reallıq üzərinə düşünməyə hazırlamaq və belə düşüncələri və tolerantlığı stimullaşdırmaqdır. Bu halda öyrətmə geniş mənada dini düşüncə tərzinin, dar mənada isə hər hansı dinin müdafiəsinə yönəlmir. Əksinə belədə tədris stimullaşdırıcı informasiya verir və şəxsi gələcəyə hazırlayır.
2. Dinlərin tədrisi üçün nəzəri qavramların alınmasında resurslarının müxtəlifliyi. Dinlərin orta məktəblərdə tədrisi nəyə əsaslanmalıdır? Hər halda bu tədrisin fizika və ya biologiyaya əsaslanmasını iddia etmək ağlabatan deyil. Müasir dövrdə dinləri bir sosial-ruhi-psixoloji, fenomen olaraqdan müxtəlif sahələr öyrənir. Həmin bu sahələrin pedaqogika və biri-biri ilə kombinasiyası dinlərin tədrisi üçün zəngin bir dərsliyin və ya proqramın ortaya çıxmasına səbəb ola bilər. Həmin bu sahələr (ən əsasları) aşağıdakılardır: 1) Teologiya, 2) Müqayisəli dinşünaslıq-din tarixi, 3) Fəlsəfə. Teologiya Yaradanı və dini din diskursu çərçivəsində öyrənir. Müqayisəli dinşünaslıq dini bir insan fenomeni kimi, sosial-psixoloji aspektdən, davranış nöqteyi – nəzərindən və müqayisə edərəkdən araşdırır. Fəlsəfənin nə olmasını isə özünüz təyin edin, mən onun həddən çox ziddiyyətli təriflərinə varmaq istəmirəm. Onların kombinasiyası həm gərəkən ümumi anlayışlar aparatını verir həm də bir yerə qədər müxtəlif baxış bucaqlarını tarazlaşdırır.
3. Neytral və içinəalıcı (inklusiv) dil. Neytral və içinəalıcı dil dini və ya ruhi sistemlərin öyrədilməsi zamanı, bu sistemlərin birini mərkəzə qoyub, onun anlayışları ilə digərlərini anlatmanı istisna edir. Məsələn, vəhy anlayışı ilə Buddizmə baxmaq olmaz və Buddizmdəki bodhisatva anlayışı ilə İsəvilikdəki diriliş təlimini anlatmaq məqsədyönlü deyildir. Bu həmçinin istifadə edilən dilin bu sistemlərdən birini və ya bir neçəsini implisit qavramlar vasitəsilə istisna etməsini də rədd edir. Başqa sözlə məsələn, öyrədilən fənnin dinlərə giriş adlandırılması arzuolunmazdır, çünki bu zaman Taoizm anlayışdan kənarda qalacaq. Və ya din adı altında Allah anlayışını nəzərdən keçirib (İbrahim din ənənəsində əsas anlayış), deyək ki, mən-eqo-öz anlayışlarını (Buddizm və Hinduizmdə əsas kateqoriyalar) ikinci dərəcəli mövzuya çevirmək özünü doğrultmur.
4. Birləşdirici vahid mövzu və yanaşmanın olması. Belə bir fənni təbii ki, müxtəlin dinlərin kitablarından çıxarışları əks etdirən müntəxəbata çevirmək də doğru deyil. Bu, şagirdə bir yığın əlaqəsiz bilgindən başqa bir şeyi, çətin verə. Əksinə, xronoloji və tematik yanaşmaları əsas götürməklə material hazırlanmalıdır və onlar vahid, ümumi bütün sistemləri içinə alan ideya, konsept ətrafında birləşdirilməlidir. Təbiidir ki, bu zaman müxtəlif din və ruhi düşüncə sistemlərinin təqdim etdiyi çiy materiallardan nümunələr də olduğu kimi təqdim edilməlidir.
5. Gündəlik həyatla əlaqə. Din yalnız gündəlik həyatla əlaqədə götürüldükdə özünün gücünü və zəifliyini göstərir. Şagirdin vəhdəti-vücud təlimini bilməməsi mümkündür, ancaq deyək ki müasir həyatda dinin tətbiqi, onun nəticələri və rolu haqqında bilgi, mətbuatda dinin əksi ilə bağlı məlumatları almaması mümkün deyil. Şagird sadəcə din haqqında bilgini deyil, həm də dini bilgiyə çağdaş cəmiyyətin özünün xofu, rasionallığı ilə birgə necə reaksiya verdiyini də öyrənməlidir. Şagird üçün düşündürücü, çətinlik çıxaran din və dini diskursla bağlı mövzular hazırlanmalıdır ki, o özü müstəqil surətdə düşünsün, axtarsın və mövzunu gerçəkliklə əlaqələndirsin.

Və ən sonda…bütün bunlar heç nəyə gətirməsə də ən azından insanların din və inanc seçimlərində şüurlu, düşünülmüş davranmasına bəlkə yardım edər. Gözünü açıb gördüyünə görə və ya başqa məlumatlara çıxışı olmadığına görə müsəlman olmaq, öyrənib, anlayıb, sevib və hissi edib İsəvi və ya ateist olmaqdan, istər fərd istərsə də cəmiyyətin marağı aspektindən daha az effektlidir.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

 
%d bloggers like this: