Gündəliyim®

Gündəliyin Nəbzini Tut

Kart növbəsində

Posted by gundeliyim on 27 July 2007

Əvəz Qurbanlı

Bakı metropolitenində gediş haqqının ödənilməsinin kart sisteminə keçirilməsindən sonra fikirləşirdim ki, daha hər şey yaxşı olacaq. Ən azı, işə tələsəndə bezdirici jeton növbələri bizi bir az da gecikdirməyəcək. Üç-beş adamı vaxtında yola sala bilməyən əsəbi jetonsatan qadınların töhmət dolu baxışlarından, adamı pərt edən nalayiq sözlərindən və söyüşlərindən canımızı qurtardığımızı da zənn edirdim. Bəli, bundan sonra bunların heç biri olmayacaq, yalnız metrokartı göstərməklə metropliten stansiyasına daxil olacağıq, lap Avropa ölkələrində olduğu kimi. Lakin təəssüf ki, bu sevincim uzun sürmədi.

Əvvəlcə birdən-birə kart qıtlığı meydana çıxdı və böyük növbələr yaranmağa başladı. Yenə də mənim kimi çoxları işə gecikdi, indi də kartsatan və kartdolduran qadınların məzəmmətedici səsləri eşidilməyə başladı. Bütün bunları görməməkçün metrodan imtina edərək şəhərdaxili marşrutlardan istifadə etmək isə ağılsızlıqdır. Çünki istənilən marşrutda gedişhaqqı 20 qəpikdən aşağı deyildi, metroda isə ondan dörd dəfə ucuz – yəni 5 qəpik idi. Hər nə də olsa, cəhənnəm, metro ən ucuz nəqliyyat vasitəsidir. Metrodan mütləq istifadə etməliyəm, başqa çarəm yoxdur…
Beləcə, çarəsiz günlərimin biriydi. Metroda kart doldurmaq üçün növbəyə dayanmışdım. Bu vaxt kiminsə qoluma toxunduğunu hiss etdim. Dönüb arxaya baxanda, 15-16 yaşlarında, “priçoskalı” bir oğlanın mənə baxdığını gördüm:
– Əmi, məni də keçirərsən? – deyib, əlindəki 5 qəpiklik pulu yoxlayıcı nəzərlərlə mənə uzatdı. Sözsüz ki, oğlana acığım tutdu və onun 5 qəpiklik tutan əlini özünə tərəf itələdim:
– Ayıbdı səninçün, 5 qəpik nə olan şeydi, gəl keçirim səni!
Əvvəl onu keçirdim, sonra da özüm. Oğlan aparatdan keçən kimi “sağ ol” deməyi də unudub platformaya tərəf götürüldü. Əlbəttə, priçoskalı oğlanı “sağ ol” sözünə görə keçirməmişdim və onun təşəkkürünə ehtiyacım da yoxdur. O qədər olmuşdu ki belə hallar, neçə kartı olmayan adamı keçirmişdim aparatdan, nə olan şeydi ki. Axı bir gün mən də kartsız qala bilərəm, kiminsə köməyinə ehtiyacım olar…
Ertəsi gün yenə də həmin oğlanı kart növbəsində gördüm, bu dəfə oğlan yaşlı bir kişidən onu aparatdan keçirməsini xahiş edirdi, bu dəfə də 5 qəpiklik pulu ona uzatmışdı. Kişi də mənim kimi oğlanın pulunu qaytarıb, öz kartıyla onu aparatdan keçirdi. Elə oğlan da öz ənənəsinə sadiq qaldı – yenə “sağ ol” deməyib getdi…
Aradan günlər keçmişdi. Həmişəki kimi yenə də yolum metrodan düşmüşdü. Bu dəfə yuxudan gec durmuşdum, işə vaxtında çatmağım sual altındaydı. Tələsməklə itirdiyim vaxtın yerini doldurmaq istəyirdim. Lakin bədbəxtlikdən, arzulamadığım bir halla üzləşdim – keçid kartını evdə qoymuşdum. Yenidən 2 manatlıq keçid kartı almağım isə söz «konusu» deyil – cibimdə cəmi 20 qəpik pul var. Neyləməli, məcburam kiminsə kartına bir gedişlik yüklətdirib keçəm. Metro zəhrimar da elə bil məni görmüşdü, həmişə camaatın üst-üstə mindiyi kartdoldurma məntəqəsinin qarşısında indi məndən başqa heç kəs yoxdu. Gələnlər də birbaşa aparata yaxınlaşır, əvvəlcədən yüklədikləri kartla keçirdilər. Gözləməkdən başqa çarəm yox idi.
Bu zaman bir neçə gün əvvəl gördüyüm həmin priçoskalı oğlan kartdoldurma məntəqəsinə yaxınlaşdı və əlindəki keçid kartıyla 5 qəpiklik pulu şüşə arxasında əyləşən qadına uzatdı. Bəlkə də eyni hadisə iki dəfə təkrar olunduğundan onun sifəti yadımda qalmışdı, bəli, özüdü ki var! Tez oğlana yaxınlaşdım, yeganə pulum olan 20 qəpikliyi ona uzadaraq:
– Mənimçün də bir gedişlik yüklədərsənmi? – dedim. Hesab elədim ki, oğlan 20 qəpikdən bir gedişlik yüklətdirər, qalan pulu qaytarar. Priçoskalı isə deyəsən məni tanımadı, yenə də yoxlayıcı nəzərlərlə üzümə baxıb, dinməzcə pulu aldı, amma hamısını karta yüklətdirdi. Hirsimdən dişim bağırsağımı kəssə də dillənə bilmirdim. Aparatdan keçə-keçə məni fikir götürmüşdü: yox, ola bilməz! Bəs evə hansı pulla qayıdacağam? Bu anlarda mənə elə gəlirdi ki, priçoskalı oğlan bütün var-dövlətimi özününküləşdirib…
Priçoskalının səsi məni fikirdən ayırdı:
– Əmi, heç olmasa, “sağ ol” de də…
Qulaqlarıma inanmadım, həmin anda hansı hisslər keçirdiyimi bəlkə də bütün ömrüm boyu sözlə ifadə edə bilməyəcəyəm. Qəzəblə bağırdım:
– Nəəəə? Hələ bir sağ ol da istəyirsən? Sənin kartına 1 gediş haqqı, üstəlik də 3 “sağ ol” yüklətdirmişəm, bəs deyil?
Oğlan qorxunun yaratdığı çaşqınlıqla mənə baxdı:
– Əşi, niyə hirslənirsən, bir sözdü dedim də, deməmiş olum, – deyib aradan çıxdı.
O gündən sonra priçoskalıya metroda rast gəlmədim. Həmişə metroya düşəndə kartdoldurma məntəqəsinin qarşısında gözüm istər-istəməz nifrət dolu baxışlarla o priçoskalı fırıldaqçını axtarır…

Qaynaq: http://www.bizimki.org

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

 
%d bloggers like this: