Gündəliyim®

Gündəliyin Nəbzini Tut

Azərbaycan Demokratik Respublikası

Posted by gundeliyim on 27 May 2007

XIX əsrin əvvəllərində ölkənin Rusiya və İran arasında bölüşdürülməsindən bəri Azərbaycan vətənpərvərlərinin ürəklərində özünə yuva salmış müstəqillik arzuları Rusiya monarxiyasının süqutu ilə konkret cizgilər əldə etməyə başladı. Birinci dünya müharibəsinin üç ili ərzində Rusiya imperiyası fəlakət həddində idi.

[Azərbaycan Demokratik Respublikasının Bayrağı]

Rusiyada liberal-demokratik inqi¬lab başlandı, 1917-ci ilin fevralında II Nikolay taxt-tacdan əl çəkdi. Hakimiyyətə gələn Müvəqqəti hökumət 1917-ci il noyabrın sonuna Müəssislər Məclisinə seçkilər təyin etdi. 1917-ci il noyabrın 7-də Müvəqqəti hökumətin bolşeviklər tərəfindən yıxılmasına baxmayaraq, Müəssislər Məclisinə seçkilər keçirildi. Bolşeviklər bu seçkilərdə yerlərin əksəriyyətini qazanmağa ümid edirdilər…

Cənubi Qafqaz, bu seçkilərdə vahid seçki dairəsini təşkil edirdi. Burada seçicilərin səslərini almaq uğrunda bolşeviklər və mülayim sosialistlər, unitar Rusiya dövləti tərəfdarları və federalistlər (Rusiya imperiyasına daxil olan ölkələr üçün geniş muxtariyyət istəyənlər) mübarizə aparırdılar.

Cənubi Qafqaz seçki dairəsində seçkilər sonuncuların tam qələbəsi ilə nəticələndi. Cənubi Qafqazda Ümumrusiya Müəssislər Məclisinə seçkilər 1917-ci il noyabrın 26-28-də keçirildi. Seçkidə 2.455.274 seçici iştirak edirdi. Seçkilərin nəticələrinə görə, öz ölkələrinin muxtariyyəti tələbini müdafiə edən namizədlər seçicilərin səslərinin dörddə üçünə qədərini aldılar (gürcü menşevikləri — 26,9%, Azərbaycanın Müsavat Partiyası — 25,1%, erməni Daşnaksütyun Partiyası — 22,7%). Azərbaycan əhalisi arasında Müsavat Partiyası səslərin 66,5%-ni aldı. Bu, əhalinin Müsavat Partiyasının irəli sürdüyü milli dövlətçiliyin inkişafı ideyasını tam müdafiə etdiyini göstərirdi.

Bu dövrün tanınmış tədqiqatçılarından olan tarixçi Aydın Balayevin(1) göstərdiyi kimi, Müsavatın seçkiqabağı platformasında aşağıdakı müddəalar əks olunurdu: Rusiyanın federativ demokratik respublikaya çevrilməsi və onun tərkibində Azərbaycana milli-ərazi muxtariyyətinin verilməsi; insanın əsas haqlarının təmin edilməsi; qadınların hüquq bərabərliyi; istifadə olunmayan malikanə, xəzinə, kilsə və s. torpaqlarının pulsuz olaraq zəhmətkeşlərin ixtiyarına verilməsi; səkkiz saatlıq iş günü; tətil və həmkarlar ittifaqları azadlıqları və s.

Seçkiləri uduzan bolşeviklər 1918-ci ilin yanvarında Peterburqda öz işinə başlamaq istəyən Müəssislər Məclisini buraxırlar. Lakin davam etməkdə olan dünya və vətəndaş müharibələri mərkəzin ucqarlarda təsirini zəiflədir, Rusiya qoşunları Cənubi Qafqazı nizamsız şəkildə tərk edirlər. Bu vaxt Müəssislər Məclisinin Cənubi Qafqazdan seçilmiş deputatları (34 nəfər) Tiflisdə toplaşaraq 1918-ci il fevralın sonunda Cənubi Qafqaz Seymini — regionun qanunverici orqanını yaradırlar. Bu, faktik olaraq, Azər¬baycan, Gür¬cüstan və Ermənistanın ərazilərində Rusiyadan asılı ol-mayan Cənubi Qafqaz Federasiyasının (Zaqafqaziya Federasiyası) yaradılmasına gətirib çıxarır.

Cənubi Qafqaz Seyminin ilk addımlarından biri Osmanlı Türkiyəsi ilə sülh danışıqlarının başlanmasından ibarət oldu. Türkiyə hər an keçmiş Rusiya imperiyası ərazilə-rinə hücumlarını bərpa edə bilərdi. Osmanlı hökuməti Seymi Cənubi Qafqaz ölkələrinin Rusiyanın tərkibindən çıxması haqqında qərar qəbul etməyə çağırır, eyni zamanda Batum, Qars və Ərdəhan sancaqlarının Türkiyəyə verilməsini də tələb edirdi. Birlikdə əksəriyyət təşkil edən gürcü və erməni fraksiyaları Türkiyənin təkliflərini qəbul etmədilər və Türkiyəyə qarşı vuruşan ölkələrin emissarlarının təhriki ilə ona müharibə elan etdilər. Bu müharibə 8 gün davam etdi və Türkiyənin tam qələbəsi, Batum və Qarsı türk qoşunlarının ələ keçirməsi ilə nəticələndi. 1918-ci il aprelin 19-da Azərbaycan deputatları Cənubi Qafqazın dərhal müstəqil elan olunmasını tələb etdilər və bildirdilər ki, əks halda onlar müstə¬qil Azərbaycan Respublikasının yaradıldığını elan edəcəklər. Ertəsi gün Cənubi Qafqazın müstəqilliyi ideyasını gürcü deputatlar da müdafiə etdilər. Aprelin 22-də Seym Cənubi Qafqazı müstəqil federativ respublika elan etdi. Lakin türk qoşunları Gürcüstan və Ermənistana hücumlarını davam etdirirdi. Gürcüstana himayədarlıq edən alman hökumətinin məsləhəti ilə gürcü deputatlar mayın 27-də Gürcüstanın müstəqilliyini elan etdilər. Onlar ümid edirdilər ki, Gürcüstan beynəlxalq hüququn subyekti statusunu aldıqdan sonra türk qoşunlarının hücum¬larının qarşısı alına bilər.

Mayın 27-də azərbaycanlı deputatlar özlərinin fövqəladə yığıncağında Azərbaycanın müvəqqəti Milli Şurasının yaradılması haqqında qərar qəbul edirlər, Məmməd Əmin Rəsulzadə (Müsavat Partiyası) onun sədri seçilir. 1918-ci il mayın 28-də Tiflisdə Milli Şura Azərbaycanın müstəqilliyini və İstiqlaliyyət Bəyannaməsini elan edir.

Azərbaycan Demokratik Respublikası / Azərbaycan Xalq Cümhuriyyəti / آذربایجان دمکراتیک جمهوریتی .
(1918 – 1920).

Banisi: Məmməd Əmin Rəsulzadə.

Görkəmli dövlət xadimləri: Əlimərdan bəy Topçubaşov, Fətəli xan Xoylu, Nəsib bəy Yusifbəyli,Camo bəy Hacınski,Xudadat bəy Məlik-Aslanov,Əkbər ağa Şeyxülislamov,Cəfərov Məmməd Yusif,Sultanov Xosrov,Xəlil bəy Xasməmmədov

İstiqlal Bəyannaməsi :
1918-ci il mayın 28-də keçirilən iclasda Azərbaycan Milli Şurasının İstiqlal Bəyannaməsi elan edildi.

İstiqlal Bəyannaməsi bütün türk-müsəlman dünyasında, ümumiyyətlə bütün Şərqdə, ilk dəfə olaraq Azərbaycanda demokratik parlamentli respublikanın yaradılmasan xəbər verirdi.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

 
%d bloggers like this: