Gündəliyim®

Gündəliyin Nəbzini Tut

Azərbaycanda İsəvilik (2)

Posted by gundeliyim on 16 May 2007

Ay Məsihi

Azərbaycan İsəviliyini bir də sosial-siyasi aspektdən xarakerizə etmək olar. Bu bucaqdan baxarsaq, ilk gözə dəyən budur ki, İsəvilik marginal dindir. İslamdan fərqli olaraq o içtimai həyatın mərkəzinə yaxın yerdə deyil, əksinə içtimai həyatın periferiyasındadır. Onun haqqında nə yazan, nə də danışan var. Yazanlar da ağına-bozuna baxmadan, missionerlərdən, onların “təhlükələrindən” və s. yazırlar. İsəviliyin Azərbaycanın içtimai həyatında demək olar ki, heç bir rolu yoxdur. İsəvilik tarixən bu ölkədə çiçəklənmiş bir din olsa da, indi onun nə dövlət, nə etnik, nə də mədəni kimliyin qurulmasında bir töhfəsi yoxdur və ya belə töhfənin olmasında sadəcə kimlərsə maraqlı deyil.

Bundan başqa, İsəvilik etnik cəhətdən bir növ mozaik dindir, o monoetnik deyildir. Bu o deməkdir ki, Azərbaycanda İsəvilik vahid bir etnik qrupla təmsil olunmamışdır. Bundan fərqli olaraq ölkə müsəlmanlarının əksəriyyəti ölkənin ən çoxsaylı milləti olan azərilərdir. Bu mənada dini, etnik və milli kimlik Azərbaycanda, əgər söhbət İslamdan gedirsə, əsasən kəsişir. Lakin əgər söhbət İsəvilikdən gedirsə, Azərbaycanda belə bir kəsişmə yoxdur. İsəvilərin bir qismi rus, bir qismi, udin, bir qismi ukrain, bir qismi qaqauz, bir qismi müxtəlif avropa ölkələrindən gəlib çalışan fərqli etnik qruplara aid insanlar, başqa qismi isə polyaklar, almanlar hətta ermənilərdir. Azərbaycan İsəviliyində müşahidə olunan etnik müxtəliflik, Azərbaycandakı İslamda müşahidə olunmur.

Azərbaycan İsəviliyinin daha bir əlaməti onun ölkədə potensial olaraq yad xalqla, təhlükəylə bir görülməsi, eyniləşdirilməsidir. Bunun dörd səbəbi var: 1) Azərbaycanda çoxluğu təşkil edən Azərilər və ölkədə yerli olan digər etnik qrupların demək olar hamısı (Udinlər çıxılmaqla) müsəlmandır ki, bu fakt artıq özlüyündə İsəviliyi ölkəni birləşdirəcək etnik və milli kimliyin elementi olmaqdan çıxarır, 2) İsəvilik bu ərazidə əsasən gəlmə etnik azlıqların dini kimi görülür, çünki əsasən onlar İsəvidir – Ruslar, Ukraynalılar, almanlar və s. əraziyə sonradan gəlmiş xalqlardır, 3) hazırda Azərbaycanın bir dövlət olaraq müharibə vəziyyətində olduğu Ermənistan öz kimliyindəki İsəvilik elementini təəssüf ki siyasi məqsədlər üçün alətə çevirir (necə ki İslam ölkələrində din alətə çevirilir). 4) Məsələni qəlizləşdirən faktorların arasında həm də İsəviliyi və ya başqa dinləri qəbul edən müsəlmanların dini hərbi xidmətdən yayınmaq üçün alətə çevirmə cəhdləri vardır. Bütün bunlar İsəviliyi çoxluq üçün qıcıqlandırıcı dinə çevirir. Məhz buna görədir ki, ölkənin müsəlman çoxluğu yerli İsəvi azlığın varlığını qəbul etsə də, missionerlərin (yerli və ya gəlmə) İsəviliyi yayma və tanıtma fəaliyyətlərini qəbul etmək istəmir (dini motivlərin də burada rolu var). Azərbaycanda İsəvi olmaq bir qayda olaraq Azəri, Talış, Ləzgi, Kürd, Qırız, Buduq olMAmaq deməkdir. Azərbaycanda İsəvi olmaq potensial olaraq hərbi xidmətə getməyi önləməyə çalışan birisi, və ya rus, ukrain, erməni və s. olmaq deməkdir.

Bütün bunlar İsəviliyi Azərbaycan üçün mürəkkəb dinə çevirir. Doğrudanmı, İsəvilik Azərbaycan üçün təhlükə törədən dindir? Onu təhlükə hesab edib önləməyə cəhd etmək doğrudurmu? İsəviliyin Azərbaycanda önlənməsi gərəkdiyi iddiaları hipotetik olaraq aşağıdakı əsassız inanclardan qaynaqlana bilər: 1) İsəvilik ölkəni müsəlman – İsəvi qruplarına bölür ki, sonradan bu potensial toqquşma mənbəyi ola bilər, 2) İsəvilik hərbi xidmətdən yayınmaya səbəb olur, 3) İsəvilik xarici ölkələrin Azərbaycana təsir üçün istifadə etdiyi vasitədir. Bunlara, ümumi olaraq aşağıdakı arqumentlərlə cavab vermək mümkündür.

Birinci inanc, belə bir gerçəkliyi qulaqardına vurur ki, ölkədəki sosial qrupların müxtəlif dinlərə aid olması qaçınılmaz faktdır. Məsələ, cəmiyyətdəki insanların fərqli dinlərə aid olması deyil, belə bir ayrımın müəyyən həddə qədər gəlişdikdən sonra problem çıxarması barədə inancdır. İsəviliyi ölkəni bölməsinə görə təhlükə görən düşüncə müxtəlif-dinlilik faktının özünü təhlükə olaraq qavrayır. Halbuki, bir cəmiyyətdə müxtəlif dinlər yalnız o zaman bölünmə və təhlükə mənbəyi olur ki, onlar siyasi və s. oyunlarda alət edilirlər. Öz-özlüyündə bir cəmiyyətdə bir neçə dinin olması təhlükə mənbəyi olmadığı kimi, İsəvilik də Azərbaycanda insanlar üçün cəlbedici olmaqla bölücü təhlükəyə çevrilmir. Dinin potensial toqquşma mənbəyi olmasını önləmək üçün ölkəni birləşdirən əsas kimlik elementi din deyil, vətəndaşlıq olmalıdır. (Azərbaycanın Konstitituasiyasının 1-ci maddəsinə görə ölkədə əsas belə element vətəndaşlıqdır). Bundan başqa insanların dini siyasi vasitələrdə oyuncağa çevirməmələri və belə oyunlara qatılmamaları üçün onlara din haqqında normal, obyektiv təhsil vermək lazımdır. İkinci inanc İsəviliyi yanlış olaraq hərbi xidmətdən yayınmaya səbəb görür. Hərbi xidmətə getməkdən imtina etməyə din səbəb ola bilər. Hərbi xidmətdən yayınmaya isə din yalnız vasitə ola bilər, ancaq kütləvi şəkildə deyil. Hərbi xidmətdən yayınmanın əsas səbəbi ordunun bərbad vəziyyəti, ölkədəki iqtisadi və ideoloji çöküş və sairdir. Ayrı-ayrı insanlar öz inanclarından dolayı doğrudan da əlinə silah almaq istəməyə bilər, ancaq bu halda belə, onları alternativ xidmətə çağırmaqla içtimai işin yerinə yetirilməsinə cəlb etmək mümkündür. Dinin hərbi xidmətdən yayınmaqda kütləvi alətə çevrilməsini önləmək üçün, alternativ xidmət haqqında qanun qəbul olunmalı və orda müxtəlif vasitələr nəzərdə tutulmalıdır. Ayrı-ayrı insanlar üçün isə din hər zaman hərbi xidmətdən yayınmaq üçün vasitə olacaqdır, eynilə rüşvət kimi və bunun dindən daha çox, ölkədəki bərbad sistemlə əlaqəsi vardır. İsəviliyi xarici dövlətlərin Azərbaycanın bütövlüyünə qarşı bir aləti kimi görən düşüncə tərzi də son nəticədə yanlışdır. Bütün dinlər dövlətin əlində alətə çevrilə bilər və bundan kimsə sığortalanmayıb. Buna qarşı dövlətin xüsusi xidmət orqanları fəaliyyət göstərir. İsəvilik və ya başqa din öz-özlüyündə heç bir dövlətin əleyhinə vasitə deyildir. Onları sadəcə olaraq vasitə kimi istifadə edirlər. Bundan başqa belə bir vasitə, əleyhinə dinin istifadə olunduğu dövlətin özünün dini ayrı-seçkilikdən dolayı (istər rəsmi istərsə də qeyri-rəsmi, cəmiyyət səviyyəsində) zəif olması deməkdir ki, din də onun əleyhinə istifadə edilə bilir. Buna yol verməmək üçün dini sosial-siyasi həyata inteqrasiya etmək və onun tam ifadə olunasına fürsət vermək lazımdır. Bəs ümumiyyətlə Azərbaycanda İsəviliyin və ya hər hansı başqa dinin yayılması ölkəyə, vətəndaşa nə verə bilər? Və ya başqa dinlərin yayılmasına nəyə görə yol verilməlidir? Məncə aşağıdakı səbəblərdən nəinki Azərbaycanda, eləcə də başqa ölkələrdə İsəvilik də daxil olmaqla dinlərin sərbəst yayılması yolveriləndir:

1. Fərdin hüquq və azadlıqları baxımından istənilən fərdin, şəxsin müəyyən bir dinə inanmaq, və ya inanmamaq, eləcə də istədiyi dini seçmək haqqı vardır. Bu halda önəmli olan fərdin marağı və özünün mənəvi-dini dünyagörüşünü sərbəst təyin etməsidir. Müxtəlif dinlərin yayılmasının qadağan olunduğu (bir dinin faktiki ağalığına dayanan) bir cəmiyyətdə fərdlərin qəbul etməli olduğu lakin onların ruhi-mənəvi istəklərini, tələbatlarını təmin edə bilməyən din fərdə çox az şey vəd edir. Başqa dinlərə girişi olmayan fərdin belə seçim imkanının olmaması onların ruhi inkişafını zəiflədə bilən potensialdır. Fərdin özünü tam realizə etməsi, mənəvi istək və tələbatlarını müvafiq şəkildə ifadə etməsi üçün ona imkan yaradılmalıdır ki, bu da müxtəlif dinlərin, ideyaların cəmiyyətdə açıq dövriyyəsi, dialoqu, müzakirəsi ilə baş verir. Qapalı cəmiyyətlərdəki fərdlərin belə bir imkanının olmaması, onların mənəvi-ruhi zənginləşməsinə mane olur, dünyagörüşünü bəsitləşdirir.
2. Cəmiyyətin ideya və fikir müxtəlifliyi cəhətdən zənginləşməsi. Zənginləşmək, imkanların, seçim potensiallarının artması, güclənmək, müxtəlifləşmək, rəngarənglik deməkdir. Bu bütövlükdə cəmiyyətin varlanmasıdır. Dinlər insanlığın inancı, ritualı, fövqəltəbii varlıq fenomenini, rasionallığı və irrasionallığı, ruhi inkişafı bir araya gətirməyə qadir olan hələlik tək fenomenidir. Fərqli dinlərin bir cəmiyyətdə mövcudluğu, insanların onları öyrənməsi və çək-çevir etməsi, son nəticədə yeni ideyalar, düşüncələr ortaya çıxarmağa sövq edir. Müxtəlif dinlər birlikdə hər hansısa cəmiyyətdə tək bir dinin ola biləcəyindən daha çox ilham mənbəyi olmağa qadirdir. Çağdaş dünya qapalılığa doğru deyil, biri-birinə açılmağa və ideyalardan, düşüncələrdən öyrənməyə yönəlir. Bunun üçün ideyaların, dinlərin cəmiyyətdə sərbəst yayılma imkanı olmalıdır ki, cəmiyyət yeni ideyalar törədə və özünü zənginləşdirə bilsin. Bu azmış kimi, mono-mədəniyyətə, mono-dinə, mono-etnikliyə və s. mono-lara dayanan cəmiyyətlər daxilən zəif olur. Onlar başqa ideyaları öyrənib, assimilə edib, özlərini zənginləşdərməkdən daha çox, özlərini cırlaşmağa və məhvə məhkum edir. Bu cəmiyyətlər ideya, düşüncə və din müxtəlifliyindən bəhrələnən yeni ideyalar, tapıntılar ortaya çıxaran, ruhən və mənən daha zəngin və müxtəlif fərdlər yetişdirməkdən daha çox, zavod-fabrik məhsulları kimi biri-birinə bənzəyən, biri-birinin təkrarı olan oxşar mənəviyyatlı insanlar istehsal edirlər. Bunun son nəticəsi başqa ideyalara açıq olmayan, onların zənginləşdirici potensialını görməyən və buna görə də qaçınılmaz təsirlərdən çökən, dekadensə girən, onlara necə reaksiya verməyi bilməyən insan yığnağıdır.
3. Fərqli sosial maraqların və ruhi-mənəvi tələbatların təmin və ifadə olunması. İstənilən cəmiyyətdə hər zaman, hakim dinin, idelogiyanın, düşüncənin doqmaları ilə razılaşmayan insan qrupları vardır. Bu sadəcə aksiomdur və bunu qəbul etməmək geridəqalmışlıq deməkdir. Bir cəmiyyətdə müxtəlif dinlilik, həmin qrupların öz maraq və ruhi-mənəvi tələblərini ödəmələrinə potensial imkan yaradır. Bu boğulan maraq və tələbatların ifadə olunması, sosial gərginlik yaradan faktorların zəiflədilməsi deməkdir. Bunun üçün də dinlərin sərbəst yayılma imkanı olmalıdır.
4. İsəviliyin daxili mahiyyəti. Bu arqument artıq birbaşa İsəviliyin özü və onun yayılması ilə bağlıdır. İsəviliyin yayılması başqa dinlərə baxınca daha az zərər verməyə qadirdir (əgər belə bir xüsusiyyəti varsa), çünki o: 1) dini və dünyəvi bölgüsünü qəbul etmiş dindir. İsəvilik siyasi hakimiyyəti cəmiyyətdəki əcaiblikləri düzəltmək üçün vasitə kimi görmür. Düzdür, bu müddəa tarixin müxtəlif dövrlərində İsəviliyin dövlətin əlində alət kimi istifadəsinə mane olmamışdır, ancaq söhbət bu halda tarixdən deyil, dinin özünün daxili potensialından gedir. 2) İsəvilik barışığı, sevgini, dözümü və münasibətləri vurğulayan dindir. İsa Məsihə sorulan Yaradanın insanlara ən əsas nəsihəti nədir sualına onun cavabı Yaradanın təkliyi ya çoxluğu haqda intellektual bilgi deyil, Yaradanı sev və qonşunu sev kimi, münasibətləri vurğulayan ifadəsi olmuşdur. Bu o deməkdir ki, ən azından fərdlər səviyyəsində həqiqətən İsəviliyi qəbul edən və vicdanla onun ideallarına sadiq qalan insanlar təhlükə törədəcək varlıqlar deyillər. 3) İsəvilik bir din olaraqdan islahatlara açıqdır və ana prinsiplərinə xələl gətirmədən müasirliyə uyğunlaşdırılır. Bu başqa dinlərdən fərqli olaraq İsəviliklə modernlik arasındakı toqquşmanı zəiflədir. Hətta İsəviliyin ən konservativ qolu olan Katoliklik belə 60-cı illərdən etibarən islahatlara açıqdır və artıq fakt olaraq bütün dinlərin qapısını ağzını kəsən, sekulyarizm, insanların biri-birinə yadlaşması, yayılan materializm-tükəticilik mədəniyyəti ilə məhz islahatlar yolu ilə dil tapmaqdadır.

Məncə bu arqumentlər ən azından dini müxtəliflik, dinlərin monolit cəmiyyətlərdə yayılması məsələsinin nə qədər mürəkkəb olduğunu və kilisə yandırmaqla həll olunmayacağını göstərmək üçün yetərlidir. Dünyanı kilisə yandıraraqdan özümüzə güldürməyin mənası yoxdur. Ancaq dini müxtəliflik və fərqli dinlərlə aktiv, vicdanlı şəkildə dialoqa girmək və onlar üçün ölkədə şərait yaratmaq haqda düşünməyin mənası vardır.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

 
%d bloggers like this: