Gündəliyim®

Gündəliyin Nəbzini Tut

Azərbaycanda İsəvilik

Posted by gundeliyim on 9 May 2007

Ay Məsihi

Yəqin yazının adı sizə bir qədər qəribə gələcək. Azərbaycanda İsəvilik?…bu nə deməkdir? Yəni xristianlıq? Aha….düz tapmısınız… . Dünyanın onsuz da bu qarışan vaxtında, Bakıda baş verməsi beş il bundan əvvəl ağlasığmaz bir şeyin – kilisə yandırmaq cəhdlərinin baş verdiyi vaxtda belə bir yazı yazmaq oğrunun yadına daş salmağa bənzəyir. Ancaq şər deməsən xeyir gəlməz deyiblər, ölkədə baş verənlərə göz yummaqla onlar heç yerə qeyb olmur. Qeyb olan bizim ağlımız, sayıqlığımız və özümüzə hörmətimiz olur. Hələ məsihilər üçün xidmətə açılmamış, tikintisi belə bitməmiş bir kilisənin yandırılmasına olan cəhdə mətbuatımızın bir-iki quru fakt – xəbərdən o tərəfə reaksiya verməməsi ölkədə bir şeylərin qeyb olması deməkdir. Buna istəsəniz bir qədər optimist baxıb hələ qeyb olan heç nə yoxdur deyə bilərsiniz. Ancaq onu dana bilməzsiniz ki, kilisə yandırmağa cəhd öz-özlüyündə diqqət mərkəzinə çəkilməsi və üzərində düşünülməsi gərəkən faktdır. İstəsək də istəməsək də. Ona görə ki, Azərbaycanda artıq başqa dinlərə qarşı dözümsüzlüyün ilk nişanələri özünü göstərməkdədir. Bu həm də o deməkdir ki, Azərbaycanda başqa dinlərlə dinc və yanaşı yaşamaq kimi inanclar, dəyərlər artıq qeyb olmağa başlamışdır. İstəsək də, istəməsək də. Nərmin Kamal kimi, ölkədə kilisə ilə məscidin yanaşı mövcudluğunu başqa fikrə, dinə qarşı dözümlülük deyil, məhz biganəlik adlandırmaq mümkündür, ancaq bu hec cür mümkün deyildir ki, kilisəyə od vurub yaxmaq və ya aqressiv şəkildə başqa dinləri ölkədən çıxarmağa çalışmaq, onlara qarşı sakit biganəlikdən yaxşı olsun. Bəs elə isə yaxşı olan nədir? Yaxşının nə olduğunu təyin etmək sizin inancınıza və əxlaqınıza qalmış bir şeydir. Mənim bu yazıda iddia edəcəyim isə bir İsəvi olaraqdan kilisənin yandırılmasına qarşı cəmiyyətimizdəki süstlüyə etirazdır. Və bunu etmək üçün də Azərbaycanda İsəvilik və onun mövcudluğu nə verə bilər sualını cavablandırmağa çalışacam. Dini deyil, rasional və dünyəvi mövqedən fikirlərimi ifadə etməyə çalışacağam ki, sonra kimsə qalxıb sənin arqumentlərin dindarların diskursundan o tərəfə keçmir deməsin.

Öncəliklə, belə bir məsələyə göz ataq görək, Azərbaycanda ümumiyyətlə İsəvilik varmı və varsa onu sosial-siyasi aspektdən necə xarakterizə etmək olar? Bəri başdan onu qeyd edim ki, bu yazıda mən İsəvilik deyiləndə, İsa Məsihi və Yaradanı İncildəki kimi tanıyan və qəbul edən din və onun ardıcıllarını nəzərdə tuturam.

Həmin bu İsəvilik Azərbaycanda vardır və o bu ölkədə tarixi olan dindir. Bu din ölkəmizə İslamdan əvvəl gəlmişdir. Bu azmış kimi, Qafqaz Albaniyası tarixini bilən hər bir kəs Alban hömkdarı Urnayrın dövründə İsəviliyin dövlət səviyyəsində qəbul olunmuş, rəsmi din olduğunu da bilir. Əgər qədimlik önəmli faktordursa, onda Azərbaycanda İsəvilik İslamdan daha qədimdir. Ərəblər Azərbaycanı 7-ci əsrdə işğal edib İslamı gətiriblər, halbuki 4-cü əsrdə artıq İsəvilik Azərbaycanda yerləşmişdi. Həm də işğal yolu ilə deyil. Burdan gələ biləcəyimiz ən qısa və düzünəqulu nəticə budur ki, İsəvilik ölkədə yerli dindir və ya ən azından onun bu ölkədə keçmişi vardır. Etiraz edə bilərsiniz ki, həmin bu İsəvilik, kifayət qədər belə demək mümkünsə, endemikdir və müasir missionerlərin gətirdiyi İsəvilikdən fərqlidir. Razıyam. Müasir missionerlərin gətirdiyi İsəviliyə sonra toxunacam, ancaq hər halda onların arasındakı yaxınlıq onların hər ikisini İsəvilik adlandırmağa imkan verir axı, elə deyil? Hər halda Udinlərin (Azərbaycanda yaşayan yerli xalq) dini – Məsihiliyin missonerlərin ölkəyə gətirdiyi Məsihilikdən daha çox İslama yaxın olduğunu iddia edəcək qədər bilgisiz deyilsiniz. Bu mənada, İsəvilik Azərbaycana yad din deyildir. O yerli dindir və onun bu ölkədə tarixi vardır. Davud Qareci monastır kompleksi ətrafında gedən haqq-hesab da elə həmin bu bəhs etdiyimiz İsəviliyin bu torpaqlarda qədimliyini göstərir.

Azərbaycanda İsəviliyin başqa bir özəlliyi onun kəsilməzliyidir. Bu o deməkdir ki, İsəvilik Azərbaycanda ölüb getməyib, hər zaman fasiləsiz mövcud olub və 21-ci əsrdə də onu yox yerdən çıxarıb bərpa etmirlər. Isəvilik Azərbaycanda həmişə olub. İsəviliyi indiyə qədər qoruyan yerli xalq Udinlərdir. Düzdür, bu doğrudur ki, sovet dövründə İslamı necə zəiflətmişdilərsə, İsəviliyi də eləcə zəiflətmişlərdi. Ancaq İslamın kökünü necə kəsə bilmədilərsə, İsəviliyin də kökünü o cür kəsə bilmədilər. Arasıkəsilmədən yaşayan din, ölkəyə yad olmayan ənənə, dil, tarix, kök, əlaqə və potensial deməkdir.

Lakin bu özəllikləri İsəviliyi tamamən yerliləşdirmir. İsəvilik hər nə qədər yerlidirsə, bir o qədər də tarixin sonrakı dönəmlərində ölkəyə gətirilmiş dindir. Azərbaycanın Ruslar tərəfindən işğalı və sonradan almanların, eləcə də slavyan etnik elementlərinin ölkəyə yerləşdirilməsi İsəviliyi gəlmələşdirir. Onların gəlməsiylə, Azərbaycanda yerli İsəvilik kölgədə qalır və İsəvilik bir yerə qədər yadlaşır. Ruslar öz varlıqlarıyla Azərbaycana başqa bir İsəviliyi (pravosvlavlıq) gətirdilər. Hazırda İsəvilik yenə də Azərbaycana gəlməkdədir, bu dəfə qərbdən missionerlər vasitəsilə. Onların gətirdiyi İsəvilik bu dini ikiqat gəlmələşdirir. Bir çox missionerlərin İsəviliyi Avropa İntibahından sonra oluşmuş Protestantizmdir və o həm pravoslavlıqdan, həm də Katoliklikdən müəyyən fərqlərə malikdir. Bu əlamətlər İsəviliyi ölkədə həm yerli, həm də əcnəbi elementləri olan din kimi xarakterizə etməyə imkan verir. (Lap elə İslamdakı kimi, necə ki, Türklər Şiə Azərbaycana Sünni İslamı gətirir).

(Ardı var)

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

 
%d bloggers like this: