Gündəliyim®

Gündəliyin Nəbzini Tut

Mirzə Ələkbər Sabirə Şikayət

Posted by gundeliyim on 30 March 2007

Naib Ələkbərov

naib16@yahoo.co.uk

Bu gün bizi, hamımızı, səni, məni, onu böyük üstad Mirzə Ələkbər Sabirə tək-tək şikayət edəcəyəm. Bizim öhdəmizdən yenə o gələr…

Səni narahat etdiyim üçün məni bağışla, usta. Səni axirət dünyanda da rahat buraxmırıq… Mənsub olduğun xalqın, fərdi olduğun ölkənin vəziyyətini görüb onsuz da rahat olmadığını bilirəm. Ancaq başqa əlacım qalmayıb, heç bir şeyə ümidim qalmayıb, səndən başqa üz tutacaq kimsəm, sənin qapından başqa gedəcək qapım da yox, bağışla məni usta, səni narahat etdiyim üçün bağışla məni. Sən bu xalqın əzab-əziyyətinə dözməyib, için-için özünü yeyib xəstələndiyində dediyin o sözləri unuda bilmirəm, usta:

Arizi qəmlər əlindən ürəyim şişmiş idi,
Zənn edirdim edəcəkdir ona çarə ciyərim.
Bəxti mənhusimə bax, mən bu təmənnada ikən,
Başladı şişməyə indi üzü qarə ciyərim.

Sən bu xalqın əzablı, dözülməz həyatına dözə bilmədin. Sən əgər indi yaşamış olsaydın, yenə də ürəyin şişəcəkdi, yenə də ciyərin su bağlayacaqdı, çünki xalqının vəziyyəti o zamankından yaxşı deyil, usta. Səndən üzr istəyirəm, “yaşasaydın” dedim. Sen ölməmisən ki. Kim deyir ki sen ölmüsən? Ölən bizik xəbərimiz yoxdur. Bilirsən usta, hər zaman eşitmişəm ki, deyirlər yatmaq elə ölmək kimi bir şeydir. Sənin də dediyin kimi, “bizlər yatırıq və bizə yuxudan oyanmağa da icazə vermirlər”. Necə demişdin sən, yadıma salım:

Səs salma yatanlar ayılar qoy hələ yatsın,
Yatmışları razı deyiləm kimsə oyatsın,
Tək tək ayılan varsa da haqq dadıma çatsın,
Mən salim olum cümlə cahan batsa da batsın.

Bizdə bir dəyişilik yoxdur usta, yenə də eyni gündəyik. Biz dərin yuxuya getmişik və yatdığımızdan da xəbərimiz yoxdur, sən isə həmişə fikirlərinlə bizə yol göstərirsən, ancaq biz yenə də doğru yolu görmək istəmirik ki, istəmirik. Özüm-özümə soruşuram: görəsən ölü kimdir, sən yoxsa biz?
Sən necə deyirdin:

Fəhlə özünü sən də bir insanmı sanırsan?!
Pulsuz kişi, insanlığı asanmı sanırsan?!

İnsan olanın cahü cəlalı gərək olsun,
İnsan olanın dövləti, mali gərək olsun,
Hümmət demirəm, evləri ali gərək olsun?!

Hə, usta. Indi sadəcə fəhləni deyil, aidiyyatı olduğun xalqın 90 faizini insan yerinə qoymurlar. Nümayəndəsi olduğun xalqın 90 faizinin günü gün deyil, çünki “yatmaqla məşğuldurlar” . Qalan 10 faizini soruşursansa, usta unutdum deməyə. Onlar elə sənin zamanındaki kimi bu ölkənin varını yoxunu talan etməklə məşğuldurlar. Bu ölkənin sahibi onlardır, usta. Bu xalq deyil. Sən necə demişdin:

Daş qəlbli insanları neylərdin ilahi,
Bizdə bu soyuq qanları neylərdin ilahi?

Dəyişməmişik usta, əgər nəsə dəyişiklik olmuşsa da, daha da daşlaşmışıq, daha da soyuq qanlı olmuşuq. “Fatmaların, Tükəzbanların” yenə də əlacsızdır… Bilirsən usta, “məzlumlarin yenə də göz yaşı sel olub axmaqdadır”. Axı necə dəyişək ki? Sən özün bir şe`rində belə demişdin:

Zülmətsevər insanlarız üç beş yaşımızdan,
Fitnə göyərir torpağımızdan, daşımızdan.
Tarac edərək bac alırız qardaşımızdan,
Çıxmaz, çıxa bilməz də bu adət başımızdan,
Əslafımıza çünki həqiqi xələfiz biz,
Öz qövmümüzün başına əngəl kələfiz biz.

Hə, usta. Bizlər bir-birimizi didməkdən, yox etməkdən əl çəkə bilmirik, “çünki əslafımıza həqiqi xələfiz”, usta…

Eh usta. Deyilib qurtaran deyil bizim dərdlərimiz. Biz səni doğru başa düşmədik ki. Bizə səni doğru başa salmadılar ki. Sənin de dediyin kimi, biz insanıq və “görməyə bilərik, duymaya bilərik, amma düşünməyə bilmərik”. Ancaq biz indi düşünmürük. Bizim yerimizə başqaları düşünür, bizim yerimizə qərar verirlər. Düşünmə qabiliyyətini itirmiş və ya itirtilmiş bir xalqdan nə gözləmək olar ki? Usta üzr istəyirəm, sualı sənə vermədim, səni onsuz da həddinden artıq narahat etdim. Bir də bu suallarımla səni daha da narahat etməyə haqqım yoxdur. Əslində sən bu sualın cavabını 100 il əvvəl vermisən, biz şagirdlərin 100 il keçsə də sənin dediklərini başa düşə bilmirik. “Düşünmə qabiliyyəti əlindən alınmış bizin” sənin söylədiklərini necə başa düşə bilərik ki?
Nə isə usta, səni çox yorduğumun fərqindəyəm. Sənə bir şey daha deyib gedəcəyəm. Torpaqların sənin vaxtındaki kimi deyil, usta. Biz indi Qarabağa gedə bilmirik. Biz indi yetim qalmışıq, Qarabağsız qaldığımızdan bəri yetim qalmışıq. Bir xalq bütünüylə yetim qalıb, usta.

Usta, səndən bir şey daha istəyəcəyəm. Səndən bir xahişim var: Sənin qələm dostlarından, bu xalqın bədbin şairlərindən olan Hadiyə bir sözümü catdıra bilersenmi, usta? Hadi bir şe`rində demişdi:

Imzasını atmış miləl övrağı həyata,
Yox millətimin imzası imzalar içində.

Nə olar usta, qələm dostun Hadiyə hələ də “bu millətin imzasının imzalar içində olmadığını” deyə bilərsən mi? Qapına gəldim, hər vaxt olduğu kimi, məni əli boş geri göndərmədin. Sənin önündə diz çöküb, təşəkkür edirəm. Bizi aydınlatdığın, bizlərin yolumuzu işıqlandırdığın üçün.. Ancaq biz sənə layiq şagird ola bilmədik, bağışla bizi usta. Bağışla bizi.

Bağışla bizi… Bağışla bizi….

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

 
%d bloggers like this: