Gündəliyim®

Gündəliyin Nəbzini Tut

Archive for the ‘Yazar’ Category

Təhsil əks-təhsilə bərabərdir.

Posted by gundeliyim on 2 October 2007

Erkin Qədirli

Fikirlərimi ifadə etməzdən öncə Isaak Newton’nun xatirəsindənmi deyim, ruhundanmı deyim (özündən alınmayacaq) üzr istəmək istəyirəm ki, onun ‘təsir əks-təsirə bərabərdir’ düsturunu bir qədər kobud parafraz etdim. Mən ardıcıl olaraq təbiət qanunlarını cəmiyyətə şamil etmək cəhdlərinin ələyhinə çıxmışam. Odur ki, mövqeyimi dəyşidirmiş kimi görünmək istəməzdim. Belə bir başlıq seçməyimdə yanılmış ola bilərəm. Daha doğrusu, belə başlıq yanlış təssəvvürlər yarada bilər. Ona görə də, bu olmasın deyə, hamınızdan xahiş edirəm başliqdakı ifadəyə səbəb-nəticə əlaqəsi deyil, töhfə-məhsul əlaqəsi çərçivəsində yanaşın.

Təhsil bir sistemdir. Sistemin girişi və çıxışı olur. Çıxışında verdiyi məhsul keyfiyyətcə girişində aldığı töhfədən artıqdırsa, onda sistem faydalı sayılır. Onun faydalı iş əmsalı gözlənildiyindən aşağı ola bilər, amma hər halda məhsulu töhfəsindən çoxdursa, sistem faydalı sayıla bilər. Əks təqdirdə (yəni, məhsulu töhfəsindən azdırsa) sistem zərərlidir və ya ən azından faydasızdır. Zərərli olduqda sistem təhlükəlidir, sadəcə faydasız olduqda isə – lazımsız. Təhsil sistemi heç bir halda lazımsız ola bilmir, ona görə də o, ya faydalı olur, ya da zərərli. Təhsil sisteminin zərərli olması kimlərəsə lazım ola biləcəyi ehtimalını da nəzərdən qaçırmaq olmaz. Təhsil sistemi faydalı olduqda onun məhsulu, şərti götürsək, ziyalılar olur, zərərli olduqda isə – ziyanlılar.

Təhsil sistemdirsə əgər, onda onun əsas və törəmə məqsədləri olmalıdır. Indiyə qədər bizdə hesab edirlər ki, təhsil prosesi guya iki məcradan ibarətdir: təlim və tərbiyyə. Onların çıxışında, muvafiq olaraq, savad və ədəb (-ərkan) olmalıdır. Ikisi bir yerdə guya hər şeyin yerini bilən (savad) və özünü yaxşı aparan (ədəb) adamların yetişdirilməsinə xidmət etməlidir. Qəribədir, dilimizdə ‘özünü yaxşı aparan’ ifadəsi nədən vektorsuzdur? Özünü haraya yaxşı aparan? Yaxşı ki, hələ özünü aparan, başqasını deyil. Başı özünü aparmağa qarışmış adamın başqa ictimai yüklərin (vəzifələrin) daşımasını gözləməyə dəyərmi? Başı özünü aparmağa qarışmış adamın özündən başqa kimsəni düşünməsi nə dərəcədə mümkündür? Baş demişkən, nədən ‘özünü aparmaq’ kəlməsi – müsbət, ‘özbaşına’ kəlməsi isə mənfi mənalarda istifadə edilir? Məncə, aparılması vacib olan bir şey varsa, o da başdır. Bədən başa tabe olur, axı! Təhsil sistemimizdə isə bədən tərbiyyəsi dərsi var, amma baş tərbiyyəsinə əhəmiyyət verən yoxdur. Bəlkə elə ona görədir ki, bizdə daha çox bədən davranışlarına (geyim, duruş, oturuş və s.) nəzarət etməyə meyli çox güclüdür? Bəlkə məhz buna görə də cəmiyyətimizi daha çox narahat edənlər vicdanını satanlar (yaltaqlar, əclaflar) deyil, bədənini satanlardır (fayişələr, “mavilər”)?

Biz bədən tərbiyyəsi (idmanı demirəm) ilə məşğul olduğumuzdan düşüncələrimiz qalıb ‘özbaşına’. Ona gorə də çoxları hesab edir ki, ‘özbaşınalıq’ ‘özünü-aparmalıqdan’ pisdir. Ona görə də, muəllimin (yalnız məktəblərdə deyil, hətta universitətlərdə) şagirdə (tələbəyə) ən çox tutduğu iradlar (kontekstdən asılı olaraq) bunlardır: “duz otur!”, “qalx ayağa!”, “yerindən danışma!”, “çıx bayıra!”, “kəs səsini!”, və s. Ehh, məktəb bir yana, hətta parlamentin keçmiş sədri, vəzifədə olarkən, iclasda deputatların birinə “yerindən danışma” demişdi. Deyirəm də – bədən tərbiyyəsi.

Mən uşaqlığımda (sovet illəri idi) yay tətillərimi Hacıkənd’də (Gəncənin yaxınlığında; 20-30 dəqiqəlik yoldu) keçirərdim (nənəmin anasının evində). Hacıkənd’də çoxlu pioner düşərgələri var idi (rus və azerbaycan bölmələri). Ətrafda hər yerdə uşaqların, tərbiyyəçilərin, şeypurun və zərb alətlərinin səsi gəlirdi. O vaxtlar mənə çox qəribə gəlirdi, nədən rus bölməsinin uşaqlarını səhər oyadanda “Vstavay, vstavay, posteli ubiray!” mahnısını oxuyardılar, azerbaycan bölməsinin uşaqlarını səhər oyadanda isə – “Pendir-çörək, şirin çay, gecikənə yoxdur pay!” mahnısını? Fərqi duyursunuz? Rus bölməsinin uşaqlarına öhdəlik öyrədilirdi (baş tərbiyyəsi) – səhər yataqdan qalxan kimi, yatdığın yeri səliqə-səhmana sal, sonra yataq otağını tərk et. Azərbaycan bölməsinin uşaqlarına isə, yerindən qalxan kimi, yemək haqqında düşünmək, yeməyə başqalarından tez çatmaq öyrədilirdi (bədən tərbiyyəsi). Hər halda mahnılardan gələn əsas alt-şüur mesajı məhz belə olduğuna əmin ola bilərsiniz. Mesaj çox vaxt mənadan daha vacib olur və daha tez yaddaşda qalır.

 

Posted in Erkin Qədirli, Yazar | 6 Comments »

Din haqqında prinsipcə (3)

Posted by gundeliyim on 5 September 2007

Ay Məsihi

Bəs nə etmək lazımdır? Məncə başqa yanaşmalara da ciddi və sekulyar din qəssabı xürafatı olmadan baxmaq lazımdır.

Birincisi, bunu anlamaq və birdəfəlik qəbul etmək gərəkdir ki, intellektual, oxumuş olmaq, gəlişmiş, açıqgörüşlü və az-çox sekularist olmaq, əgər sekularizmdən konsept kimi bəhs olunursa, radikal sekulyaristlərin, liberalların, solların, sağların, ateistlərin, aqnostiklərin, deistlərin, qabaqdal(l)ıq edənlərin inhisarında deyil və ümumiyyətlə özünü qabaqcıl-intellektual göstərmək üçün dini şaqqalayıb onun qabırğasına ağlına gələni həm də ağzına gətirib döşəməyə ehtiyac yoxdur. Sekulyar önyarqılama, liberalizm, solçuluq və s. və ia hər nə qədər elmlə silahlansa da, insan hüquqlarından-filandan bəhs etsə də, nə Yaradanın mövcudluğu, nə də elm-din münasibətləri hələ ki akademik dünyada tam həll olunmayıb və kimsənin aidiyyətli bir məsələ bitmədən və ya az-çox sabitləşmədən öz dünyagörüşünü qabaqcıllıq adı altında normaya çevirərək içtimai diskursa diktə etməsi və qarşı tərəfi açıq və bərabər əsaslarla içtimai müzakirədən və cəmiyyətə təsirdən “bunlar təhlükədir, bunlar geridə qalıb, bunlar ölkəni işğal etdi” deyə dolayı yolla istisna etməyə çalışması, liberalizmin, açıqdüşüncəlilik ideyasının özünə ziddir. Bu mənada dindən yazanların çoxunun daxili konseptual ziddiyyətlə məsələyə yanaşması məncə kimsəyə xeyir vermir.

İkincisi, bunu nəzərə almaq yararlı ola bilər: din və ya dinəbənzər sosial sistemlər dünyanın hər yerində etnik kimliklə yanaşı içtimai və fərdi kimliyin ən əsas determinatorlarından və təzahürlərindən biridir. Ən azından yaxın bir neçə yüz il üçün bu mənə görə belə də qalacaqdır. Buna görə də bir millətin dini kimliyini bu cür mexaniki, barmaqarası tənqidlə bir küncə sıxışdırmaq dinin mənfi təzahürlərinə qarşı mübarizə aparmaqdan daha çox qaş düzəltmək gərəkən yerdə gözü vurub çıxartmağa bənzəyir. Dinə qarşı aqressiv yanaşma dini aqressivlikdə günahkar hesab edənlərə başucalığı gətirmir. Əksinə, dinlə – sosial-siyasi həyatın istər açıqda, istərsə də gizlində önəmli faktorlarından biri ilə – dialoqa girərəkdən, onu təkmilləşdirməyə yəni islah etməyə çalışaraqdan davranmaq və onu zamanla sistemlə barışmağa çəkmək gərəkdir (əgər buna ehtiyac varsa təbii ki). Dini öldürməklə, Nitsşedən bir – iki cümlə əzbərləyib sağa-sola fəlsəfə püskürməklə əldə edilən dinin daha da aqressivləşməsi, radikallaşması və qütbləşməsidir. Unutmayaq ki, din istənilən digər dünyəvi ideologiyadan fərqli olaraq insanın rasionallıqla şərtləşdirməyə ehtiyac duymadığı inanca dayanır və bu mənada insan qruplarını ən gözlənilməz hərəkətlərə sövq edəcək silah ola bilər. Buna yol verməmək üçün insanları çağdaş dövrün paradiqmalarını göz önünə alaraqdan din sahəsində maarifləndirmək və dinlə digər düşüncə sistemləri arasında ahəngdarlığa nail olmaq daha önəmlidir, nəinki dinə Feyerbaxdan qalma çeynənmiş cümlələrlə yanaşıb, bir az indi dəbə düşmüş dəyərlərin nisbiliyindən dəm vurub milyonları qütbləşdirmək. Ucdantutma bütün dindarları bir araya qoyub geridəqalmış, mühafizəkar damğası vurmazdan və özünü sığortalamaq üçün dindara-inanana yönəlik bir-iki xoş “dejurnı” cümləni esseyə, məqaləyə yamamazdan öncə, bir maraqlanmaq lazımdır ki, dini qovmaqla yerinə nə gətirəcəksiniz və əgər gətirdiyiniz radikal-dinsiz sekulyarizmdirsə, bizə xeyriylə yanaşı o daha nələri gətirəcək?

Üçüncüsü, dinlərarası münasibətlərə və dini dünyagörüşü dinamikasını diqqət yetirərək onu öyrənmək önəmlidir. Dini dünyagörüşü sadəcə İslamla bitmir. İslam özü də radikalların, mühafizəkarların və ya əsl, mücərrəd, islamın olmamasından dəm vurmaqla zaman keçirənlərin inhisarında deyil. İslam dünyası və islam diskursu indi müxtəlif səbəblərdən heç də allı-güllü dövrlərini yaşamır, bununla belə, hətta İslamda da günümüz üçün aktual, önəmli yazan yazarlar vardır və İslamın dövrlə ayaqlaşması üçün yavaş-yavaş hərəkatlar formalaşmaqdadır. Bu azmış kimi, hər şeyin elmlə və elm çərçivəsində həllinin mümkünlüyünü düşünərəkdən transsendental-dini və fəlsəfi məsələlər haqqında mülahizə yürütmənin ən müvafiq və legitim diskursu olan teologiyanı içtimai diskursdan “dinidir-geridəqalmışlıqdır-radikaldır-lazımsızdır” bəhanəsi altında istisna etməklə əslində insanları dini maarifləndirmədən uzaqlaşdırmış və elə bununla da dinin mənfi təzahürlərinə məruz qalmasına yol açmış oluruq. Odur ki, teologiyaya, çağdaş dünyanın müxtəlif ölkələrindəki müxtəlif dinlərin ardıcılı olan intellektualların yazıb-pozduqlarına göz atmaq və onları öyrənib analiz etmək, azəri ziyalısının-intellektualının mənafeyindədir (hələ bir də bu intellektual öncül, yeni, islahatçı olmaq iddiasındadırsa). İslamı və ya dini azlıqların dini kimliyini xoş “dejurnı” cümlələr fonunda geridəqalmışlıqdır-vaxtıkeçmişdir-bütün bəlaların mənbəyidir deyə özündənrazı tonda, sovetdən qalma bilgiylə inkar etmək və toplumun bu kimliyini repressiv şəkildə rədd edib yeni sosial travmalara yol açmaqdansa, özünün daxili resursları hesabına islam çağdaş dövr üçün zamanın mürəkkəbliklərini nəzərə alaraqdan nə təklif edə bilər və islam necə gəlişdirilə bilər sualına cavab axtarmaq da dini “söküb-yığan” (psevdo)intellektuaların heç olmasa öz liberalist, solçu, sağçı, postmodernistçi dəyərlərinə hörmət xatirinə bir borcu olmalıdır. Sizlərin yalnız qatı sekularizm və dinsizlik şəklində sistemə qatqınız, hər halda dinin səmimiyyətlə və sekulyarist qəssab xürafatı olmadan islahını bacarmaq kimi bir nailiyyətdən daha az effektli olar hər halda. Çünki din də cəmiyyətin bir parçasıdır və özünün bütün yalan-doğruları, ziddiyyətləri ilə birlikdə indiyə qədər insan-Yaradan münasibətləri haqqında ən çox tarixi, zəngin, bədii, mistik, sosial, genişmiqyaslı, müxtəlif bəşəri təcrübənin toparlandığı, ən azından hələlik nə elmlə, nə də fəlsəfə ilə tam əvəzlənməsi mümkün olmayan, sosial-siyasi və mənəvi-psixoloji diskursdur, resursdur. Əksinə, sizin hərtərəfli (sizin biryönlülüyünüzün əksi) oxumuş olaraqdan dinin əhəmiyyətini, rolunu (eləcə də onun aradan qaldırıldığı zaman mümkün nəticələri) anlayaraqdan dini sistemi islah etməyi və mötədil dinlə, mötədil sekulyarizmi bir araya gətirməyi bacarmanız həm toplumun, həm də ayrı-ayrı fərdlərin marağında olar. Bu, cəmiyyətin ifrat qütbləşməsini zəiflədər və insanlara dinə münasibətdə daha içdən, sərbəst, şəxsi seçim əsasında davranmağa ortam yaradar. Din və sekulyarizmin toplumun dəyərlər sistemində biri-birini tarazlaşdırması onların birinin digərini qovması və gözlənilməz, arzuolunmaz nəticələrə yol açmasından daha önəmlidir məncə. Bu isə dinə qarşı tarazlaşdırımış yanaşma tələb edir. Dinlə bağlı balanslaşdırılmış yanaşma sadəcə hava və su kimi vacibdir.

Və ən sonda: düzünü desəm, əgər məqsədiniz dinin tamamən toplumdan istisnasına nail olmaqdırsa (məqsədiniz bu olmasa da belə, yazılarınızın sərtliyi, təkəbbürü və biryönlülüyü buna yol aça bilər), o zaman əmin edirəm sizi, din qəssablığına vaxtınız hələ çox olacaq. Hər nə də olsa, gələcəyin rəsmi artıq ümumi ştrixlərlə çəkilmişdir və o özünə fokus olmuş eqopit(y)alistlərin, yaradıcılıq adı altında insan təbiətinin qaranlıq yönlərinə də qol-qanad vermiş “hər şey yolveriləndir” prinsipiylə yaşayanların, informasiyanı-dünyanı anlayıb, hiss edib, bəsirətlə duyub həzm edərəkdən deyil, internetdən, ordan-burdan, informasiya bolluğundan yararlanıb intellektuallıq quraşdıranların zamanıdır. Qəssablığını etdiyiniz malı şaqqalamağı heç olmasa iddialı olduğunuz ada yaraşan şəkildə gerçəkləşdirin: yəni öncül, islahatçı, oxumuş, qarşı tərəfə sayğılı (yəni təkəbbürsüz) davranan və bilən adına uyğun. Yoxsa hər vurduğunuz balta naşılıqdan başqa heç nə göstərməyəcək.

 

 

 

Posted in Ay Məsihi, Din, Yazar | Leave a Comment »

Başlıqsız…

Posted by gundeliyim on 30 August 2007

Qasım Dayı

Əvvəlcə ölkə bahalaşdı, xalq əvvəlkindən daha çox soyulmağa başlandı…

Xalq da nə etdiyini bilmir, başını itirib.. Azərbaycandakı vəziyyət çox acınacaqlıdı; ağlamalıdı…

O gün bina aşdı Azərbaycanda; Başa düşmürəm niyə o daş yaşlı ağsaqqalın başına düşür, o daşın düşməsinə səbəb olan qarınqulu, bivec  pəzəvəngin  başına düşmür…

Eybi yoxdu, o gündə gələcək birinin yox hamısının başına yekə daş düşəcək; xalq daşı – altından çıxa belə bilməyəcəklər…

Bu xalqı kölə etmək istəyənlər var, ancaq əməlləri qursaqlarında qalacaq…

Bir ölkədə nə qədər kukla, təlxək olar ilahi… Şəxsiyyətini itirmiş, insanlığı getmiş, qazisindən rüşvət istəyən, xalqının boynuna kəndir keçirən bu məxluqatlar bu xalqdanmı törədi?…

Son bir həftədir Azərbaycanda o qədər eybəcərliklərin şahidi oluram ki, mütləq zəhərimi tökməliyəm; ilan olub sancmaq lazımdı bu peysər filləri, atəş olub yandırmaq lazımdı bu taxta qurularını, aslan olub parçalamaq lazımdı bu çaqqalları, sözümüzlə edam etməliyik, qələmimizlə kəsməliyik bu laqeyd başları..

 

Posted in Qasım Dayı, Yazar | 2 Comments »

Din haqqında prinsipcə (2)

Posted by gundeliyim on 29 August 2007

Ay Məsihi

Məncə biryönlülük İsəvilik bir tərəfə dursun, İslamın özündə belə son illərdə dərinləşən fikir-ideya çarpışmalarını, müxtəlifliyini, islamı çağdaşlaşdırmağa, onu islah etməyə çalışan aydınların düşüncə və yazılarıyla tam tanış olmamaqdan, Sovet dövründə din haqqında quraşdırılmış və artıq çoxlarının tarix arxivinə atdığı nəzəriyyələrdən başqa bir çox yanaşmaları yetərincə öyrənməməkdən qaynaqlanır.

Bununla belə – mən ümid edirəm – dini şaqqalayan gənclərimiz İrşad Mancinin, Müqtədar Xanın, Seyid Hüseyn Nəsrin və s. yazılarına hər halda baxmamış olmazlar. Akademik dünyada tanınan (həm də Qərbdə), islamı tənqid edən müsəlman feministlərdən Leyla Əhmədin, Naval Al Sadavinin, Fatima Mernissinin, Əminə Vadudun yazılarını bir çoxlarınız yəqin ki, oxuduqdan sonra belə sərt tənqid edirsiniz (yoxsa səhv edirəm?). Talal Asadın sekularizm antropologiyasına həsr edilmiş yazılarından, bir çoxlarının təkrarladığı “Allah ölüb” mülahizəsinə Qərb dünyasında verilən teoloji reaksiyadan xəbərdar olarsınız belə gurultuyu yazılar yazmaq üçün. Ancaq niyə işinizi bunlarla bitmiş hesab edirsiniz?

Məsələn, mənə maraqlıdır bilim Azadlıq Teologiyasından, liberal teologiyadan yazılarınıza nə gətirirsiniz? Yoxsa bunları oxumamısınız və heç ehtiyac da görmürsünüz?  Niyə də bilməyəsiniz? Dini yalnız bir mövqedən daha yaxşı, daha ətraflı izah edəcəyinizimi düşünürsünüz? Kimsə sizə dini tənqid etməyin, din haqqında bir mövqedə durub danışmayın demir. Din gəlişsə, məhz bu cür tənqidlərin hesabına gəlişəcək. Bununla belə, məncə hər hansı bir tənqidin-mövqenin dəyəri o mövqedən danışan, yazan adamın radikallığı, od-alov püskürməsi ilə deyil, məhz qarşı tərəfin də mövqeyini, fikirlərini, şərh ənənəsini, daxili diskursunu nə dərəcədə bilməsi və bu bilgiylə necə davranması ilə ölçülür. Siz İslam Kəlamını və Fiqhini, Xristian teologiyasını və müasir bibliyaşünaslığı, İudaizmin Midraş ənənəsini və Kabbalistikanı, Buddizmi, Hinduizmi, Sintoizmi, Daosizmi, Falun Dafa hərəkatını, bu ənənələrin arxasındakı tarixi və çağdaş gəlişmələri yəni elə gözəl bilirsiniz ki, belə yuxarıdan-aşağı, sanki bütün həqiqəti sizə veriblərmiş kimi dinlə rəftar edirsiniz?

Belə yuxarıdan aşağı, təkəbbürlü üslubda yazmaq üçün (hərçənd bilginizin çoxluğu heç bir şeyə qarşı təkəbbürlü olmağa əsas vermir) sekularizmin, liberalizmin, solçuluğun, sağçılığın, postmodernizmin və s. bu kimi düşüncə-dəyər sistemlərinin ciddi tənqidini (ki o ciddi tənqidlərə artıq cavablarınız var yəqin), düşünürəm ki, yaxşı bilirsiniz. Lakin, deyək ki İsəvilikdəki, musəvilikdəki teoloji sistemləri, dini intellektualların din, sekulyarizm, dünyəvilik, Yaradan, həqiqət, dinlərarası dialoq mövzusunda yazdıqlarını bilib-bilmədiyinizdən əmin deyiləm. Hamınız D. Bonhofferi, Şleyermaxeri, K. Bartı, K. Rahneri, L. Sannehi, R. Panikkarı lap elə P. Bergeri –sosioloji modelləri dinlərə tətbiq edən sosioloqu və teoloqu – tanıyırmış, Sosial Müjdə hərəkatından xəbərdarmış, R. Butlmannın bütün xristianlığı silkələyən isəviliyin demifologizasiyasına həsr edilmiş yazılarını oxuyubmuş kimi yazırsınız. Yox əgər, bunlarla dini şaqqalamağınız üçün tanış olmağa lüzum görmürsünüzsə və ya oxuyub bir kənara tullamısınızsa, onda düşünürəm ki, sizə biryönlü desəm məni anlarsınız. Bir mövqedə durub, bir mövqedən yazılmışları oxuyub, bir mövqedən yazırsınız? Çox pakizə! Mənim buna deyəcək sözüm yoxdur.

Özünüz yazıb özünüz də oxuyursunuz və dinin indiyə qədər də tam qurtula bilmədiyi hansı problemləri vardısa (qarşı düşüncəyə dözümsüzlük, ona ad qoyub stereotipləşdirmək, bütün gerçəkliyi sadə dini formulalarda izah etməyə qadir olduğunu iddia etmək, konstruktiv özünütənqid və qarşı tərəfi dinləmək mədəniyyətinin olmaması və s.), sizin də çağdaş çağda o problemləri donuq sovet təfəkküründən miras almanız məni o qədər rahatsız etmir. Lakin dinə və ya hər hansı şəkildə ümumiyyətlə fövqəltəbii varlığa dayandığını iddia edən dəyər sistemlərinə qarşı tənqidləriniz təkəbbür, özündənrazılıq dili, “bu da belə getdi” yazıtərzi ilə bir araya gəldikdə artıq çəkilməz olur. Bir az çoxyönlü olmaqla heç nə itirməzsiniz.

Dini bu şəkildə qurbanlıq qoyun kimi qabağına qatıb, cümləpərdazlıq edən yazıların daha bir ümumi özəlliyi də onların insan davranışlarında təzahür edən və maddiləşən və ya əsas elementi insan olan sistemləri (əgər məsələyə sosioloji baxış bucağından yanaşarsaq) mücərrədləşdirmədə ağını çıxartmağa, onu mühitindən ayırıb, sanki öz-özünə, əlaqəsiz-filansız mövcudmuş kimi onunla rəftar etməyə deyilir. Bizim dindən yazan sekulyar din qəssabları da eynilə bu şəkildə hərəkət edirlər.

Din, sanki müstəqil, kontekstdən, insanlardan, tarixdən, sosial gerçəklikdən təcrid olunmuş bir şeymiş kimi yazırlar. Əlbəttə, sözdə onların hər hansı birinin din və mühit arasında əlaqəni inkar edəcəyini düşünmürəm. Lakin nədənsə yazılarında bunu nəzərə almaları heç cür özünü göstərmir. Bu cür mücərrəd, mühit (kontekst) və din əlaqəsini nəzər almayan və ya nəzərə almaq üçün yer qoymayan yazılar əksərən mexanist, mürəkkəbliyi-bütövlüyü bu və ya digər faktora müncər edəcək qədər sadəlövh olur. Əl-Qəzalidən, C.Əfqanidən misallar verib, Quranı\İncili diskursun daxili şərh ənənəsinə məhəl qoymadan izah edib, İncildən bir – iki məsəl çəkib, Həvari Paulos haqqında İslam müdafiəçilərinin çox çeynənmiş cümlələrini təkrar edib, intellektuallığa iddia etmək özlüyündə pis deyil. Ancaq axı İslam Qəzali ilə, Səudiyyə Ərəbistanıyla, Xristianlıqsa həvarilərlərlə və ya katolikliklə bitmir. Axı nə tez unuduruq ki, bütün dinlərin gündəlik həyatımızda tətbiqi və işləməsi əslində insanla başlayır və insanla bitir və sadəcə bir bu fakta görə, məsələyə sosial-siyasi, tarixi, psixoloji, dindən kənarda qalsa də dinə təsir edən mühit və insan, tarix, yer, mədəniyyət, dövlət, hüquq, ideologiya, təhsil, təbiət və s. faktorlarını nəzərə almadan yanaşmaq esseni, məqaləni ən azından oxucu üçün dəyərdən salır.

İntellektual cavanlıq eləmək pis deyil. Lakin bunu da məncə xatırlamağa dəyər ki, intellektual cavanlıq intellektual beyniqanlı olmaq deməkdir. Mücərrəd, elə bil əbədiyyən dəyişəməyəcək sistemlər kimi dinlə rəftar etmək E. Saidin təsvir edib cikini-bikini aləmə car çəkdiyi və bu gün Qərb şərqşünaslığında heç bir müəllifin ünvanına söylənməsini istəmədiyi orientalist yazıların xüsusiyyətidir ki, təəssüflərlə bu özəllikləri bizim yazarlarda müşahidə edirəm. Qərbin artıq zibil qutusuna tulladıqlarını ordan çıxarıb ölkəyə sırımağın anlamı nədir? Bir az real yazın, göydən enin, yerdə yazın.

(Ardı var)

 

Posted in Ay Məsihi, Din, Yazar | 3 Comments »

Ö L Ü R D Ü M …

Posted by gundeliyim on 27 August 2007

hemid.jpgKamil Həmidov

kamilhamidov@gmail.com

Ağrı bütün vücuduma sahib olduqca, damarlarımda axan qanın qaynarlaşdığını duyunca ölürdüm. Siz heç dağlardakı nəhəng qaya parçalarını hiss etmisinizmi? Indi mən məhz həmin daş paçasıydım. Qışqırmaq, ağrılarımı var-gücümlə ətrafdakılara yaymaq, bununla sanki onu özümdən uzaqlaşdırmaq istəyirdim.
- Əkbər!!! Yenə də ağrıların güclənib? Allah, bu nə müsibətdir biz düşmüşük. Axı sənə neyləmişik ?

Ömür-gün yoldaşım Leyla, artıq il yarım idi ki, yorğan-döşəyimin yanından çəkilmir, acılarımı mənimlə başabaş yaşayır, evdən uzaqlaşmağı özünə sığışdırmırdı. Həm də axı gedəcəyi başqa yer də yox idi.

Leylanın əlləri üzümdə idi. Qışqıra bilmədiyimdən əzablarım sifətimdə yeni-yeni qırışlar açmaqla əks olunurdu. Leyla, qırışlarla mübarizə aparır, ucuz İran sabunları ilə paltar yumaqdan zərifliyini itirmiş kobud barmaqlarıyla qırışları bir-bir üzümdən ayırır, onu hamarlaşdırmağa çalışırdı. Sonra isə zorla, zorla dodaqlarımın qutaracaqlarını yuxarı çəkir, qulaqlarıma – “Sən həmişə güləməlisən, həyatı sevməlisən, ondan doymamalısan” pıçıldayırdı.

“Yadındamı həyatımızın hər dəqiqəsi? Əzabla əldə etdiklərimiz? Oğlumuzun dünyaya gəldiyi gün yadındamı? Necə sevinirdin?! Nazık divarlar arxasından sənin muğamatını eşidən qonşular həmin dəqiqə oğlumuz olduğunu bilmişdilər: “Bəxtəvər başına, yəqin oğlu olub da” (bu beş qız yiyəsi qapıbir qonşunun bəxtəvərnaməsi idi). Sən indi bütün bunlardan necə asanlıqla imtina edə bilərsən?”

Qəfildən Leyla ayağa durdu. Təşvişə düşdüm. Yanımdan aralanmasından möhkəm qorxdum. O, qapıdan çıxdı. Offfffffffffffffffff …. Ağrılar yenə şiddətlənməyə başladı.

30 saniyəlik tənhalıq bir qərinəyə bərabər göründü. Birdən kimisə başım üstündə hiss etdim. Leyla guclə göz qapaqlarımı açır, öz duzlu göz yaşları ilə dodaqlarımı isladırdı. O, yenə də qırışlarımı dartırdı. “Bax gör, indi sənə nə göstərəcəm! Və inanacaqsan ki, mənim Əkbərimə heç nə olmayıb! Eşidirsiz, ay camaat, mənim Əkbərimə heç nə olmayıb!!!” – Artıq Leyla da özünü itirmişdi. Sevinc gözləyən parıltılı gözlərini məni dikmişdi. 0, arxasından, gizlətdiyi güzgünü çıxartdı, zorla barmaqları ilə sifətimdə kremsiz qrim əməliyyatı apardı. Sanki rejissorun tapşırığını yerinə yetirməliydi. Bu gün səhnəyə həmişəyaşar, cavan, çöhrəsində gülüş gəzdirən aktyor hazırlamalıydı. Çox qəribədir, həyat teatra, biz insanlar isə aktyorlara necə də oxşayırıq. Hər ikimiz rol icra edirik. Gülməliydi. Amma mən nə qədər çalışsam da gülə bilmirdim. Əksinə qışqırmaq, bağırmaq, bununla sanki əzabları özümdən kənara tullamaq istəyirdim. Bədənimin ağırlaşdığını, hüceyrələrimdəki qanın qaynadığını bütün varlığımla yenə hiss edirdim.

“Nə, Əkbər, nə demək istəyirsən, nə pıçıldayırsan?” – Leyla bütün diqqətini, qulalarını mənə yönəltdi.

Mənsə heç vaxt dilin, dodağın tonlarla ağırlığa bərabər olduğunu bilməzdim. “ Qoyma məni o oğraşın yanında basdırsınlar!”- Axır ki, deyə bildim. Bu sözləri deyə bildiyimə sevinmək istədim. Amma sevinə bilmədim. Leyla da mənimlə bərabər 20 il əvvəlki o dəhşətli gecəyə qayıtdı.

İşdən yorğun evə qayıtmışdım. Ev deyəndə ki, nə ev… Ata-anam lütün biriydilər. Toyumu böyük ögey qardaşım etdiyindən valideynlərim məni öz evlərinə buraxmadılar. Biz də həyətin küncündəki əvvəllər tövlə olan daxmaya yığışmağa məcbur olduq. Yaxşı ki, həyatda yaxşı dostlar var. Onların köməyi insanı sınmaqdan, ümidsizlikdən saxlayır. İdarədəki şöbə müdirim həyətdə təzə ev tikməyə mənə söz vermişdi: “Əkbər, narahat olma, burda sənə elə bir ev tikək ki, iki göz istəsin baxmağa”.

Nə isə.. Həmin gecə evə qayıdanda dəhşətli səslər eşitdim.

- “Rədd ol, Çıx burdan. Əkbər, hardasan?! Arif, məni bu ocağa düçar etdiyin yerdə görüm lənətə gələsən.”

- “Qancıq, tat qızı, gözəl bədənin var ha! Oğlum ağzının dadını bilir. Qancıq!”

İlahi, bu nədir, atamın başı xarab olub? Bu nə müsibətdir?

Hikkəylə qapını açmaq istəsəm də alınmadı. Təpiklə onu yerindən çıxartdım. Mənim Leylamın əynində yalnız alt paltarı var idi. İnana bilməzdim: Atam qarşımda sarsılmış, çürümüş budaq kimi durmuşdu.

Axı bu necə ola bilərdi? Hətta birinci sinifdən ata-ananın həyatda ən müqəddəs varlıq olduqlarını eşitmişdim: “Uşaqlar üçün ən yaxın insanlar ata-anadır. Daima övladlarını pis nəzərdən qoruyar, yaxşı günlərini görmək istiyərlər.” – 5-ci sinifdəki müəlliməmə – Cəmilə müəlliməyə nifrət etməyə başladım, yalan danışdığı üçün, uşaqlığımdan istifadə edərək məni aldatdığı üçün…

- Oğraş, çıx bayıraaaaaaaaaaaa! – Mən sonuncu iniltilərimi edirdim.

“Əkbər, nə oldu sənə? Qurban olum, gözlərini yumma. Sənsiz necə yaşayacam, sənsiz 3 uşağı necə böyüdəcəm. Axı onlar indi-indi böyüməyə başlayıblar. Hələ indi tələbə olublar, sənin ölməyə haqqın yoxdur! Eşidirsən məni?! Haqqın yoxdur !” – Leylanın qaynar dodaqları dodaqlarıma yapışdı.

“Leyla, mən səni sevirəm!” – bu sözlərdən sonra gözlərim yumuldu.

Artıq ağır deyildim. Heç isti də deyildim, nə bədənimi, nə də onun qaynarlığını hiss etmirdim. Qəribəydi, tamamilə heç nə hiss etmirdim. Azad idim, indi daşınılması mənə mümkünsüz görünən yükdən azad idim. Qurtulduum ! – deyərək qışqırmaq istədim. Amma alınmadı, çünki artıq ölmüşdüm ….

Bakı şəhəri,

26 avqust 2007-ci il

 

Posted in Kamil Həmidov, Yazar | 8 Comments »

Din haqqında prinsipcə

Posted by gundeliyim on 18 August 2007

Ay Məsihi

Və ya dinə daha nə cür yanaşmaq olar

Azərbaycan mətbuatını, özəlliklə də gənclərin yazıb-pozduğu mətbu orqanlarını izləyən oxucu kimi son dövrlərdə maraqlı bir axımın şahidi oluram: Azərbaycan gəncliyinin bir qismi və ya özünü intellektual (indi ziyalı sözünü ya aydın, ya da daha qərbsayağı səslənən intellektual sözüylə əvəzləyiblər), geniş dünyagörüşlü hesab edən, daha doğrusu bu imtiyazgətirici adı mənimsəyib cəmiyyətin qabaqcılı rolunda çıxış etmək iddiasında bulunan bir qrup gənc dini qabağına qatıb satlıq mal kimi sağdan sola, soldan da sağa qovur. İş o yerə gəlib çatıb ki, artıq din az qala bütün bəlaların mənbəyi rolunda çıxış edir.

Ölkəni süstlük bürüyüb? Dindir gunahkar! Ata qızını bıcaqlayıb? Dindir təqsirkar! Cəmiyyət rejimin basqısına hələ də dözür? Dindir xatakar! Azərilər hələ millət kimi formalaşmayıb? Din! Kənddə birinin qoyunu ölüb? Din!! Küçədə birisi yerə tüpürdü? Din!!!… Bir sözlə, din indi olub qapazaltı, gələn birini vurur, gedən ikisini. Dini geridəqalmışlıq, çağdaşlığın əksi, radikalizm kimi stereotiplərlə eyniləşdirmək də artıq uzaq gələcəyin işi deyil. Onu cəmiyyətdən qovmağa, yadlaşdırmağa və hər şeydə təqsirkar görməyə çalışanlar belə var.

Etiraf edim, gəncliyin bir parçasının, həm də oxumuş, dünyagörmüş, qabaqcıl gənc və güc olmaq adını mənimsəmiş, iddialı hissəsinin mürəkkəb sosial-siyasi və tarixi problemləri, məsələləri sadəlövhcəsinə və qələbə tonuyla (elə bil düzəlib hər yaraqları, qalıb saqqal daraqları) tək bir sosial faktora müncər etməsi məndə qarışıq hisslər oyadır. Bu heç də xoş deyil və düzünü desəm, zatən yarıqaranlıq Azərbaycanın gələcəyini daha da tünd tonlara bürüməkdən başqa bir şeyə yaramır. Niyə?

Öncə, söhbətin niyəsinə keçməzdən əvvəl bir – iki məsələyə toxunum ki, sonra da məni şalvarı qısabalaqlı, uzun saqqallı kimi stereotipləşdirmədə (hər nə də olsa indi dini qapazlamadan yazanlara istər-istəməz ya dindar, ya da ənənəviçi deyib geridəqalmışlaşdırırlar) bəlkə az aqressiv olasınız. Mən ənənəvi dini mövqedən hər hansı biri dini düşüncə sistemini müdafiə etmirəm. Bu yazını yazmaqda da məqsəd İslamı və ya hər hansı konkret dini müdafiə etmək deyil, ümumiyyətlə din və dini düşüncə tərzi haqqında bu cür müncəredici (reduksionist) mülahizə yürüdənləri ən azından öz aralarında açıq və daha ciddi mükaliməyə sövq etməkdir. Bundan başqa məqalədə mənim məqsədim din və içtimai nizam arasındakı münasibət deyil, ümumiyyətlə dinə yanaşma barədədir. Heç bir qrupun adından danışmıram və kimsəni də təmsil etmirəm.

Bir tərəfdən, bunu anlayıram və qəbul edirəm ki, dinin tənqidi zəruridir və bu səmimi, geniş və açıq dünyagörüşlü dindarlara özlərini başqalarının gözüylə görməyə, həm də zəifliklərini aradan qaldırmağa, dinlərini toplumla ayaqlaşdırmaq cəhdlərində yardım edir. Bundan başqa dinin və ümumiyyətlə dini düşüncənin tənqidi, bir zehni iş olaraqdan ən azından qarşı qoyan, alternativ və deməli tarazlaşdırıcı, ayıldıcı, maarifləndirici diskursu yaradır. Bunsuz dinin donuqluqdan çıxması, çevik və içtimai proseslərə müsbət qatqısı olan sistemə çevrilməsi sadəcə mümkün deyil. Təndiq də təbii ki, müsbət, konstruktiv olmalıdır, dinin məhz belə sistemə çevrilməsi üçün. Müxtəlif mətbu orqanlarında gedən tənqidi yazılar, dinin mənfi təzahürlərini aşkarlamağa, onların aradan qaldırılması üçün cəhd etməyə və bununla da toplumdakı sabit, repressiv adətləri aradan qaldırmağa və ya dövrə uyğunlaşdırıb, yumşaltmağa yardım edir. Bu mənada dinin tənqidi həm də dinlə siyasətin bir araya gəlib mümkün, lakin arzuolunmaz rejimlər yaratmasına qarşı əhalini hazırlamış olur.

Digər tərəfdən də yanılmaq və şişirdilmiş subyektivizmə varmaq ehtimalını göz önünə alaraqdan hərdən düşünürəm, konkret dini tənqid ara-sıra dini düşüncəni qapazlamağa çevrilir və onu bu cür qapazaltıya çevirən gənclər din haqqında tarazlaşdırılmış və çək-çevir edilmiş bilgidən daha çox ümumilikdə (əsaslı-əsassız) stereotiplərlə mülahizə yürüdür. Fikrimcə, bəlkə də bunun bir səbəbi biryönlülükdür. Azərbaycanın, banal da olsa bunu təkrar xatırladaq, dünyəvi və sekulyar sistemə qovuşması məhz Rusiyaya ilhaq edildikdən sonra, xüsusən də Sovet İttifaqının bir parçası olduğu zamanlarda baş verib. Özünün bəlli ideoloji seçimlərindən dolayı Sovet İttifaqının ümumilikdə intellektual mühiti, tək-tük dissidentləri çıxmaqla dinə bir çox yöndən, yəni çoxyönlü deyil, məhz bir yöndən, sırf maddiyyatçı-müncəredici (materialist-reduksionist) izah, keçmişin qalığı nöqteyi-nəzərindən yanaşmışdır.

İdeoloji plüralizmin olmadığı bir ölkədən Azərbaycanın mirası onsuz da müxtəlif səbəblərdən dolayı teoloji ənənənin və düşüncənin zəif gəlişdiyi ölkəmizdə bu ənənənin olan-qalanının və dini-aydın düşüncəlilərin itirilməsidir. İndiyə qalıb, oxuyub ortaya çıxanlar isə vulqar materializmə yuvarlanacaq qədər sadəlövh şəkildə dinlə münasibətdə olurlar.

(Ardı var)

Posted in Ay Məsihi, Din, Yazar | Leave a Comment »

“Tutmaq” yaxud Mırt Ölkə

Posted by gundeliyim on 15 August 2007

Qasım Dayı

Yaxud Mırtbalanın macəraları

Bizdə “tutmaq” köhnə adətlərdəndi.. Hər şeyi tutmağa çalışırıq. “Tutan”ların arasında ən xoşbəxtləri Xəzərdə balıq tutanlardı..

Biri düz söz deyir, digəri onu tutur. Biri digərinin başında turp əkir, digəri hələ onu başında tutur… Biri iqtidarın digəri də müxalifətin tərəfini tutur. Tutmayanın isə hər şey əlində qalır.

Müğənnilər toy tutur, çalğıçılar züy tutur. Biri digərinin quyruğundan tutur, digəri də başqa yerdən tutur. Biri əlində pul tutur, digəri gecələr şam tutur. Biri təsbeh, digəri katibə tutur..
Biri digərinin ağzından söz tutur, digəri də onu tutturur. Bir sözlə hamı nəsə tutur..

Ölkə mırt gününə düşüb ölkə əllərdə gəzir, gündə biri atıb tutur…

Mırtbala da bu ölkəyə baxır, əlindən bir şey gəlmir, ancaq o da tutur… Mırt tutur…

 

Posted in Qasım Dayı, Yazar | Leave a Comment »

Pəncərədən mənzərə

Posted by gundeliyim on 14 August 2007

Gülər Sadıqova

Salxım – salxım küləklər istərəm. O uzaq, gözəl iyli ağacların olduğu bağların qoxusunu gətirsin mənə. O uzaq ölkələrin istisini gətirsin ki, orda küçələr sakitdir. İnsanlar həzin səslə mahnılar oxuyurlar. Günəş o insanları yandırmır, gülümsəyərək işıq saçır.

Dəniz – dəniz yağışlar istərəm. Hər damlasında uzaq səmaların sevgisini gətirsin mənə. O uzaq səmaların ki, orda yağışlar təmiz olur. Orda mələklər arfalarda gözəl musiqilər çalarlar.

Mavi – mavi dənizlər istərəm. Dəli dalğalarıyla gözlərimin yetmədiyi uzaqların xoşbəxt məktublarını gətirsin mənə. O uzaqların ki, məhəbbət hökmranlıq edər. İnsanlar incitməzlər bir birlərini. Şerlə deyərlər sözlərini.

Körpə – körpə ləpələr istərəm. İlıq nəfəsləri, şən gülüşləriylə ayaqlarımı qucaqlasın. Hiss etdirsin mənə körpə saflığını, körpə nikbinliyini.

Ürəyim sıxılar, nəfəsim tutular. Ölkəm gələr gözümün qabağına. Nə sevinən insanlar görərəm, nə şən gülüşlər eşidərəm. İnsanlar unutmuşlar gülməyi, unutmuşlar sevinməyi.

Nə təmiz musiqilər eşidərəm, nə məhəbbət nəğmələri. İnsanlar satmışlar gözəl nəğmələri pula – paraya.

Günəş hirsindən cəhənnəm odu saçar bu insanların üzərinə. Sakitlik tərk etmiş ölkəmi. Mələklər köçmüş, yerlərini şeytanlara vermiş. Yağışlar palçıq tökər. Şerlər övkə dolu. Məhəbbət ucuzlaşmış, incimiş. Körpələr doğularkən gözləri kədərli. Zır zır ağlarlar. Valideynlərinə nifrət edərlər bütün həyatları boyu ki belə lənətlənmiş ölkədə doğulublar.

Pəncərədən boylandım. Uzaqlara – dənizə. Yox, dəniz masmavı, tərtərmiz – deyə düşünərək. Dənizi acıqlı, kədərli, bədbəxt gördüm. Çirklənmiş sular gördüm. Doğulan kimi qocalan ləpələr gördüm. Dənizi nifrət edən gördüm.

Bağladım pəncərəmi, göz yaşlarımla. Gözlərimi yumdum, ümidsizliyimi qovmaqçün. “ düzələcək, hər şey yaxşı olacaq” dedim öz – özümə. Amma beynimin yalan dediyini duydu ürəyim. Razılaşmadı mənimlə. Yığdım əşyalarımı, sınmış qəlbimin sınıq parçalarını. Taksinin pəncərəsindən boylandım, son dəfə yanan ürəyimin alovunu qoyub getdiyim şəhərə baxmaqçün. Tüpürcəkli yollardan, bədbəxt, bədbin sifətlərdən, iyrənc gülüşlərdən, sallanmış qarınlardan, ac körpələrdən, skilet insanlardan başqa heç nə görmədim. Vəssalam.Taksinin də pəncərəsini qaldırdım. Gözlərimi yalnız irəli dikdim. Əlimdən heç nə gəlmir deyə bir azca günahkarlıqdan başqa heç nə hiss etmədim. Sadəcə unutmaq. Unutmaq lazımdı bu zibil həyatı. Hər gün ögüyərək yaşamaqdansa rədd olub, satqın statusu almaq daha yaxşıdı, hər şeyin tərsinə olduğu bu ölkədə.

 

Posted in Gülər Sadıqova, Yazar | 2 Comments »

İstək, inam, iradə.

Posted by gundeliyim on 11 August 2007

Erkin Qədirli

Düşüncələrimizin maqnetik xüsusiyyəti var. Ətrafımızda və bizimlə baş verənlər düşüncələrimizdən asılıdır. Yaxın çevrəmizdə özümüz kimi düşünən insanların olmasi buna sübutdur. Amma yalnız insanlar deyil, hadisələr və onların nəticəsində və ya sayəsində yaran(mış)an şəraitin də düşüncələrimizdən asılı oldugunu göstərmək olur.

Qədim Romalılarin bir deyimi var: “Si duo cum faciunt idem, non est idem.” Tərcüməsi: “Əgər iki nəfər eyni şeyi edirsə, bu artıq eyni şey deyil.” Məsələ obyektin özündə deyil. Məsələ subyektlərin (insanların) obyektlərə verdiyi əhəmiyyətdədir. Inandıqlarınız gerçəkliyinizə çevrilir. Gerçəkliyiniz xoşunuza gəlmirsə, deməli inanclarınızda ve düşüncələrinzdə dəyişikliklər etmək haqqında düşünməli olacaqsınız, çünki gerçəklik özü deyişən deyil. Tez-tez təkrarladıgımız “düzələr” sözü gerçəklik duyumumuzun çəkingən olduğuna bir örnəkdir. “Düzəldərik” deyənlərin sayı həddindən artıq azdır, demək olar ki, ‘yox’ səviyyəsindədir.

Inanclardan əlavə, gözləntilərin də böyük rolu var. Gözlədiklərimiz gerçəkləşməyə meyl edir. “Şər deməsən, xeyir olmaz” atalar sözümüz xeyli dərəcədə çəkingən olduğumuzu göstərir. Təcrübədə isə, şər deyənin başına elə şər də gəlir. Unutmayın ki, “gözəllik baxan gözdədir”. Başqaların da sizdən gözlədikləri şeylər var. Amma başqaların sizdən gözlədikləri sizin özünüzə verdiyiniz qiymətdən asılıdır. Deməli siz başqaların sizə olan münasibətə əhəmiyyətli dərəcədə təsir edə bilirsiniz. Bu təsir iki cur olur:

1) sizə münasibət bəsləyənlərin çevrəsini siz özünüz seçirsiniz (burada “tay tayını tapar” atalar sözümüz lap yerinə düşür);
2) sizə bəslənən münasibətin keyfiyyətini siz özünüz müəyyən edirsiniz (“nə tökərsən aşına, o da çıxar qaşığına”).

Beleliklə, özümüzə verdiyimiz qiymət ətrafımızda olan insanların və baş verən hadisələrin keyfiyyətini, eləcə də bizim hər ikisinə olan münasibətimizi şərtləndirir. Bu yerdə rus dilinde olan bir kəlam xüsisilə xoşuma gəlir: “durak duraka vidit izdaleka”.
Mənfi (negativ) anlayışları müsbət (pozitiv) anlayışlarla əvəz etməyə çalıshın. ‘Pozitiv’ sözü ‘positum’ sözündən törəmədir. ‘Positum’ latınca ‘təyin (etmək)’ deməkdir. Şəraitinizi siz özünüz təyin edirsiniz, əlbəttə buna inana bilsəniz. Inanmasanız, şərait sizi “təyin edəcək”, başqa sözlə “sizə yerinizi göstərəcək”. 3 “E” əvəzinə 3 “I” kateqoriyalar ilə düşünün.

‘Ehtiyac – çətinlik’ vs. ‘Istək – çarə’
‘Ehtimal – çözülməzlik’ vs. ‘Inam – çevrə’
‘Ehtiyat – çəkingənlik’ vs. ‘Iradə – çalışma’

‘Ehtiyac’ ve ondan törəmə kateqoriyalarla düşünsəniz ‘MƏN’-liyinizi (EGO-nuzu) itirəcəksiniz. Ətrafdakıların (hadisələr, insanlar və s.) sizdən asılı olmadığına inanmağa başlayacaqsınız. Çəkingənlik xasiyyətinizə çevriləcək. Siz aciz, kövrək, məsuliyyətsiz və məzlum olacaqsınız. ‘Istək’ və ondan törəmə kateqoriyalar isə, MƏN-liyinizi ifadə etdiyinə gorə, sizi məğrur, tələbkar, intizamlı və dayanıqlı edəcək. Siz, şəraitin özünüzdən asılı olduğuna inanaraq, çalışacaqsınız. Qayğı əvəzinə sayğı tələb edəcəksiniz. Özünüzü və başqalarını ‘adam yerinə qoymağı’ bacaracaqsınız. Dəyişiklik düşüncədən başlayır. Mənfi düşüncəli insanlar mənfi dəyişikliklər edir, müsbət düşüncəlilər isə – müsbət.

Şəraitin (ətraf mühitin) dominant düşüncələrdən asılı olduğunu hər addim görə bilersiniz. Məsələn, nədən BDU-nun ətrafında kitab mağazasi yoxdur, əvəzində isə alt paltardan tutmuş ust paltara qədər, dönərdən tutmuş xaşa qədər, dərmandan tutmuş zəhərə (sigaret) qədər, hər şey satılır? Pul yoxdur? Bəlkə satılası kitab yoxdur? Yox. Pul da var, kitab da. Sadəcə pulu və kitabi bir yerdə görən anlayış yoxdur. Ona görə de pulu olanlar əsasən savadsızdır, savadı olanlar isə əsasən pulsuzdur.

Düşüncə şəraitin şərtidir. Düşüncə şəraitdən əvvəl gəlir və onu yaradır. Düşüncənizi deyişdirmədən şəraitinizi dəyişdirə bilməyəcəksiniz.

 

Posted in Erkin Qədirli, Yazar | 2 Comments »

Sadəlövh?

Posted by gundeliyim on 10 August 2007

Qasım Dayı

Biri deyir ki;

Azərbaycanda rüşvət yoxdu…

Azərbaycan inkişaf edir…

Azərbaycanın ordusu MDB-də ən güclü ordudu…

Məhkəmə insanların hüquqlarını təmin edir…

Azərbaycanda söz azadlığı var…

Azərbaycan demokratik ölkədi…

Bir sözlə, xalq hər şeydən razıdı…

Ne demək olar; Sadəlövh oğlu sadəlövh…

Sadəlövh? Güldürməyin məni… Ya özünüzü lağa qoyursunuz, ya da xalqı…

Posted in Qasım Dayı, Yazar | Leave a Comment »

 
Follow

Get every new post delivered to your Inbox.