Gündəliyim®

Gündəliyin Nəbzini Tut

Archive for the ‘Qasım Dayı’ Category

Başlıqsız…

Posted by gundeliyim on 30 August 2007

Qasım Dayı

Əvvəlcə ölkə bahalaşdı, xalq əvvəlkindən daha çox soyulmağa başlandı…

Xalq da nə etdiyini bilmir, başını itirib.. Azərbaycandakı vəziyyət çox acınacaqlıdı; ağlamalıdı…

O gün bina aşdı Azərbaycanda; Başa düşmürəm niyə o daş yaşlı ağsaqqalın başına düşür, o daşın düşməsinə səbəb olan qarınqulu, bivec  pəzəvəngin  başına düşmür…

Eybi yoxdu, o gündə gələcək birinin yox hamısının başına yekə daş düşəcək; xalq daşı – altından çıxa belə bilməyəcəklər…

Bu xalqı kölə etmək istəyənlər var, ancaq əməlləri qursaqlarında qalacaq…

Bir ölkədə nə qədər kukla, təlxək olar ilahi… Şəxsiyyətini itirmiş, insanlığı getmiş, qazisindən rüşvət istəyən, xalqının boynuna kəndir keçirən bu məxluqatlar bu xalqdanmı törədi?…

Son bir həftədir Azərbaycanda o qədər eybəcərliklərin şahidi oluram ki, mütləq zəhərimi tökməliyəm; ilan olub sancmaq lazımdı bu peysər filləri, atəş olub yandırmaq lazımdı bu taxta qurularını, aslan olub parçalamaq lazımdı bu çaqqalları, sözümüzlə edam etməliyik, qələmimizlə kəsməliyik bu laqeyd başları..

 

Posted in Qasım Dayı, Yazar | 2 Comments »

“Tutmaq” yaxud Mırt Ölkə

Posted by gundeliyim on 15 August 2007

Qasım Dayı

Yaxud Mırtbalanın macəraları

Bizdə “tutmaq” köhnə adətlərdəndi.. Hər şeyi tutmağa çalışırıq. “Tutan”ların arasında ən xoşbəxtləri Xəzərdə balıq tutanlardı..

Biri düz söz deyir, digəri onu tutur. Biri digərinin başında turp əkir, digəri hələ onu başında tutur… Biri iqtidarın digəri də müxalifətin tərəfini tutur. Tutmayanın isə hər şey əlində qalır.

Müğənnilər toy tutur, çalğıçılar züy tutur. Biri digərinin quyruğundan tutur, digəri də başqa yerdən tutur. Biri əlində pul tutur, digəri gecələr şam tutur. Biri təsbeh, digəri katibə tutur..
Biri digərinin ağzından söz tutur, digəri də onu tutturur. Bir sözlə hamı nəsə tutur..

Ölkə mırt gününə düşüb ölkə əllərdə gəzir, gündə biri atıb tutur…

Mırtbala da bu ölkəyə baxır, əlindən bir şey gəlmir, ancaq o da tutur… Mırt tutur…

 

Posted in Qasım Dayı, Yazar | Leave a Comment »

Sadəlövh?

Posted by gundeliyim on 10 August 2007

Qasım Dayı

Biri deyir ki;

Azərbaycanda rüşvət yoxdu…

Azərbaycan inkişaf edir…

Azərbaycanın ordusu MDB-də ən güclü ordudu…

Məhkəmə insanların hüquqlarını təmin edir…

Azərbaycanda söz azadlığı var…

Azərbaycan demokratik ölkədi…

Bir sözlə, xalq hər şeydən razıdı…

Ne demək olar; Sadəlövh oğlu sadəlövh…

Sadəlövh? Güldürməyin məni… Ya özünüzü lağa qoyursunuz, ya da xalqı…

Posted in Qasım Dayı, Yazar | Leave a Comment »

Ümum(lar)

Posted by gundeliyim on 31 July 2007

Qasım Dayı

Uzun zamandır yaza bilmirdim, arayan-axtaran bütün oxuculara təşəkkür edirəm. İşləməkdən vaxt tapmaq olur ki… Əvvəl bir yerdə işləyirdim, iatisadiyyatımız inkişaf etdikcəiki yerdə işləməyə başladım. İqtisadiyyat cırır, o qədər inkişaf edib ki, maaşımız çatmır. Deyən yoxdu ki, bu inkişafa stop elə.. Öz aramızdı ümumiyyətlə inkişaf nədi?…

Nəysə keçirəm əsas məsələyə; daha doğrusu ümummilli məsələyə… Mənin “ümum”la başlayan sözlərdən ümumiyyətlə zəhləm gedir, bir dənə ümumiyyətlə sözü xaric.

Klassikləşmiş, ya da sovet iyi gələn bir az da loru şəklində desəm küflənmiş adlandırdığımız bu sözlərdən hələ də istifadə edən ümumrespublika gənclərimiz, ümummilli liderlərimiz, ümumxalq adamlarımız var.

Ümummilli liderin olduğu ümumrespublikanın ümumxalq nümayəndəsi olaraq düşünürəm ki, biz bu cür ümumsözləri işlədərək ümumvəziyyəti bir az daha qəlizləşdiririk.

Ümummilli inkişafın getdiyi bu dövrlərdə ümumxalq obyektləri yerinə ümummilli obyektlərin tikilməsi davam edir. Ümumxalq ulduzları ümummilli mahnılar oxuyur, ümum gənclər təşkilatları ümummilli tədbirlər keçirir, ümumxalq toylarında ümummilli tostlar deyir və s..

Ümummilli televiziya kanalları, ümummilli verilişlər, ümumxalq şouları ilə ümumrespublikamız ümumilli toyxanalara bənzəyir.

Ümummilli olmayan Qarabağımız işğal altındadı nolsun, ümumxalq, həyatından, ümummilli liderindən razıdı… Hər şeyi ümumləşdiririk, bir azdan şey də ümumşey olacaq…

Ümuma hormətsizliklə

 

Posted in Qasım Dayı, Yazar | Leave a Comment »

Irəli ancaq irəli

Posted by gundeliyim on 27 April 2007

Qasım Dayı

Yaxud İrəliyə gedən qafiyələr

Bildiyiniz kimi mən hərdən sinə-dəftər şair oluram. İRƏLİ qardaşlarımızın ünvanıma atdıqları mesajları oxuyunca birdən içimdən bir ilham gəldi, dedim yazacam; Deməli, aşıq sazı aldı əlinə görək nə dedi:

Marş irəli hey marş irəli
Azərbaycanın gəncliyi
Bir addım irəli, üç addım geri
Addımla marş! Bir, iki, bir, iki

Gəl dalımca eylə yaltaqlıq
Pul verim sənə eylə cavanlıq
Bəzi məsələlər qalsın qaranlıq
Bu qədər bəsindi, indi irəli

Nolub yenə bir problem var?
Dərd eləmə dayday sənə maşın alar
Daha nə istəyirsən; pulun var, ofisin var
Bir dənə də pəri, davay get irəli

Bıy nə yaman kökəlmisən
Olmaya kefin yaman kökdü
Bu gün deyəsən yaman şellənmisən
Bəs nə sən də mitinqdə adam döymüsən

Yenə nolub qağa, gəl bəri
Utanma bizimkidi gir içəri
Nə narahat eyləyir səni
Problem deyil qağa, ancaq irəli

Nə gözəl addır ümumrespublika
Bəyənmirlər qoy olsun ümummilli
Bilirəm buna da atacaqlar replika
Ümumsuz olmur; ümum-hamı irəli!!!

PS. Bilirəm ki, nə mənasız şerdi deyənlər olacaq, ancaq siz də mənimlə razılaşarsınız ki, bu şer İRƏLİ-dən daha mənalıdı…

Çiçəklənən dövlətimizdən aldıqları ilhamla irəli gedən gənclərimizin məktublarını isə böyük səbrsizliklə gözləyirəm. Öz fəaliyyətləriylə başqalarına da ilham verməsi həqiqətən çox sevindiricidir.

PPS. Dalğanın təkliflər paketinin altına bir imza da mən atıram… Əslində bu barədə İRƏLİylə müzakirə edilsəydi yaxşı olardı, çünki onlar bir az irəlidədilər axı biz hələ ki o irəlini görə bilmirik. Ola bilsin bu təkliflərin daha modern və şit halını təqdim edə bilərdilər…

Posted in Qasım Dayı, Yazar | Leave a Comment »

Atadan oğula miras

Posted by gundeliyim on 16 April 2007

Qasım Dayı

Yaxud Məşədibadın oğlu olsaydı…

Deyirəm yaman əcəb dünyada yaşayırıq… Bir qarış torpaqda bir-birimizi didməklə məşğuluq. Qarabağa vuruşmağa getməyən iki-üç armagedon Bakıda bir metr torpaq üçün bir-birilərinin başını yarır. Başını yarır nədi, gözünü çıxarır, hətta o yana da keçir…

Keçən dəfə , düşbərə və dümbələk sözlərim irəliyə gedən yoldaşları cin atına mindirib, mindirib nədi kişnədib elə duzlu-məzəli şərhlər yazıblar ki, maşallah tfu tfu göz dəyməsin… Sadəcə oxucularıma hörmət edərək yayınlanmasını istəmədim ki, irəli ümumküftə gənclərimizin səviyyəsinin də nə qədər irəli olduğunu görməsinlər…

Bu arada Gündəliyimdə də artıq YAP-ın şöbəsi fəaliyyət göstərir. Əlabbas qardaş o gün necə gəldi gupluyub. Yenə də Elnur Məcidliyə təşəkkür edirəm ki, burada hər kəsə söz haqqı verib. Nəysə Elnur bəyin də dediyi kimi belə getsə Əlabbas qardaşla aramızda “De gəlsin” başlayacaq.

Müxalifətə əgər iqtidar mıxalifət adını qoyubsa deməli özlərini yaman nasaz hiss edirlər. Bildiyiniz kimi mıx, balaca olmasına baxmayaraq adama batsa incidər. Deyiləsi söz çox var ancaq deyə bilərsiniz ki, başlıqla yazının heç bir əlaqəsi yoxdu toçpatoç bizim iqtidarın həngamələri kimi.. Bir nala bir nıxa vurur, həlləm-qülləm olanda belə olur həmişə… Ancaq mən elə düzüb qoşacam indi ki başlıqla yazı bir birinə bağlanacaq…

Deməli, balaca vaxtı oxuduğumuz nağıllardan başlayaraq, tariximizdən, dədə-babamızdan da görmüşük ki, atanın varisi oğul sayılır. Oğul varis sayıldığına görə də atanın da mirası ona qalır… Vay o ataya ki, oğlu zadı olmasın; onda lap Məşdibadın gününə düşər, var-dövlətini başqaları həzmi-rabə edər..

Miras dəyərli şeydir oğul üçün necə deyərlər ata yadigarı… Bəzən atadan balaca bir sandıq qalır, bəzən bir ev, tarla yaxud bostan qalır. Bəzilərinə də heç nə qalmır, kimisinə atasından nəsihət qalır, kimisinə də var-dövlət..

Ancaq elələri də var ki, onlara atasının vəzifəsi qalır yadigar, kimisinə də bir ölkə…

Posted in Qasım Dayı, Yazar | Leave a Comment »

“Irəli” Qocalar evi

Posted by gundeliyim on 24 March 2007

Qasım Dayı

Yaxud da tez qocalmış gənclər

Düz tapdınız, əlbəttə ki, söhbət İrəli Ümumrespublika Gənclər Təşkilatından gedir. Ümumrespublika demişkən, mənim bu cür formatlı sözlərdən zəhləm gedir. Ümummilli, Ümumxalq yox nə bilim nə… Sovet iyi gəlir bu sözlərdən yə`ni xalq dilində desək sarımsaq qoxusu… Sarımsaq demişkən, yenə ağlıma o zəhrimara qalmış kəlimə gəldi : qurumsaq… Öz aramızdı, içimizdə sarımsaq iyi verən qurumsaqlar da az deyil…

Deməli, o gün yuxarıda qeyd etdiyim təşkilatın saytına girdim… Əməlli başlı elə bil YAP-ın dop-doğmaca gənclik təşkilatının saytıdı.. Özlərini də ümum nəsə adlandırıblar. Bu sayta girdikdən sonra radiasiyadan başımda olan qalan saçlarım da töküldü. Bu sayta girməyənlərə məsləhətim var: girdiyinizdə burnunuzu tutun çünki, sayt kommunizm üfunətinin iyi verir, zəhərlənə bilərsiniz. Bu iy mənə yaman pis tə`sir edib, hələ də başımın ağrısı keçmiyib.

Saytda qoyulan səhifələrin, linklərin 90 faizi işləmir eynən Azərbaycanın indiki dövlət binaları kimi… Biz də moddu axı hər tərəfi iqruşqayla doldursunlar ancaq içi boş olsun eynən bu sayt kimi… Görünür, Azərbaycan kimi sayt da hələ keçid dövrünü yaşayır hələ… İnkişaf etmiş Azərbaycan ilə irəli getmiş gənclərdən bundan artığını gözləmək yersiz olardı… Qocalmış, sroku keçmiş, kiflənmiş fikirlərlə, yazılarla bəzədilən sayt lap qocalar evinə oxşayır. Hələ mən saytdaki komsomol xəbərləri demirəm. Bir saytdaki bir məqalə iki dəfə alt-alta qoyulur, düşüncə yerinə düşüngə yazılır; bunu ancaq irəli əvəzinə geriyə getmə olaraq izah edə bilərsiniz. Bu gün düşüncəyə düşüngə deyən sabah düşbərəyə də dümbələk, deyə bilər.(düşbərə yedim əvəzinə dümbələk yedim)

Saytdaki ən can alıcı nöqtə isə PREZİDENTİ NİYƏ DƏSTƏKLƏYİRİK? adlı yazıdır. Əslində bunun çox qısa cavabı var (Mənim təşkilatımı pulla dəstəkləyəni mən də dəstəkləyərəm), ancaq bizim qocalar, yox, komsomolçular, yox yenə dilim çaşdı irəli gedən gənclər, özlərinə görə əsaslı dəlillərlə açıqlamağa çalışıblar.. Bir sözlə Cırtdanın nağılını oxumaq daha maraqlıdı, elə YAP-ın saytına girməkdə.. Nəysə başımın ağrısı artdı yenə necə tə`sir eliyifsə bu iy mənə… Bilirəm irəlidəki yoldaşlar bu yazıya görə mənə əsəbləşəcəklər, günahımdan keçin siz irəlidə biz geridə…. Birdəki, bu yazımdan sonra nə qədər adam saytıvıza girəcək, onsuzda girən zad yoxdu; çöl ortasındaki daxmaya bənziyir, heç olmasa reytinqi artar.. Təşəkkür lazım deyil…

Oxucularıma isə son olaraq demək istəyirəm ki, bilirəm siz də bu yazımdan sonra bu maraqlı sayta girməyə can atacaqsınız. Əvvəlcədən ürək xəstəliyi olanların sayta girməmələrini tövsiyə edirəm.

Təkrar xəbərdarlıq: Girərkən burnuvuzu tutmağı unutmayın…

Posted in Qasım Dayı, Yazar | Leave a Comment »

Milli Kolxoz

Posted by gundeliyim on 19 March 2007

Qasım Dayı

Kasıfçılığın üzü qara olsun mail adresim yoxdu…

qasim.GIF

Yaxud Azərbaycan deputatxanasına qısa baxış

Artıq bilmirəm bu neçənci dəfədir ki, eşidirəm xalqımızın ləyaqətli deputatlarının toplaşıb birlikdə saqqız çeynədiyi, simiçka çırtdadığı, mırt vurduğu yer olan milli deputatxanada cırışmalar baş verir. Bu onun başını yarır, o bunun gözünü çıxardır. Biri o birisinin əngini əzir, digəri də bir başqasının gözünü göyərdir. Bir dənə şivən arvadlar kimi saç yolmaları qalıb. Onu da səbrsizliklə növbəti seriallarda gözləyirik. Bəlkə də artıq pərdə arxasında o da olub; bəyəm görmürsüz deputatxanaya universitet imtahanıyla qəbul olan vəkillər(imiz) arasında 5 illik təhsil boyunca nə qədər saçı tökülən adam var?..

Bu arada xatırlatmaq istəyirəm ki, deputatxanamızın dünyadaki tamaşaçısının reytinqini
artırma cəhdləri müsbət nəticələnib. Artıq nəinki ölkəmizdə hətta bir sıra dünya dövlətlərində də milli deputatxanamızda təşkil olunan şov proqramlar maraqla izlənilir.

Əslində demokratik Azərbaycanımızda belə şeylərin olmasını heç də təəccüblə qarşılamaq lazım deyil. Demokratiya yolunda sür`ətlə inkişaf edən ölkəmizin bu gedişlə dünya demokratiyasına da yön verəcəyindən heç şübhəm yoxdur.

120 kreslosu olmasına baxmayaraq 5-10 deputatla dünya demokratiyasında analoqu olmayan qanunlar çıxaran deputatxanamız, Ginnesin rekordlar kitabına girməyə namizəd olduğunu da burada qeyd etmək istəyirəm. Məsəlçün bu gün sabah deputatxanamız ölkəmizin Qarabağdan da daha əhəmiyyətli və ən aktual mövzusu olan Aygun-Röya cırışması barədə qanun qəbul etsə təəccüblənmərəm. Bəlkə də bə`zi deputatlarımız artıq bu məsələylə bağlı qanun layihəsi üzərində işləyirlər ya da hardan bilək bəlkə də kamissiya qurub iki müğənninin kliplərinə baxaraq əsas nəticəni çıxartmaqla məşğuldurlar.

Deyirəm əslinə qalsa bizə deputatxana binası belə lazım deyil mənim bu keçəl başım haqqı… Nəyə gərəkdir axı bu qədər artıq xərc?.. Onsuzda bütün deputatlarımızı bir arada görmək olmur (ay başı xaric); çox vaxt 3-4 deputatın gəldiyi bu binanı, mehmanxanaya çevirmək, və ya ticarət yarmarkası eləmək, yaxud toyxana olaraq istifadə etmək ya da icarəyə vermək daha ağıllı işdir.

Artıq dəfələrlə təkrarlamağa ehtiyac yoxdur, xalq da bilir ki, bizim deputatlarımız onsuz da qeyri-adi istedadlara, inanılmaz bacarıqlara sahibdirlər. Həftədə bir dəfə şəhərdəki çayxanalardan birində pivə içib, nərd oynayıb, zər tutaraq da qanun qəbul edə bilərlər.

Nəyə lazımdır o boyda bina ki,sovet kolxozuna çeviriblər, bir birilərinin başında turp əkirlər, soğan biçirlər.

Şumlamağa yer yoxdu məgər?…

Posted in Qasım Dayı, Yazar | Leave a Comment »

 
Follow

Get every new post delivered to your Inbox.