Gündəliyim®

Gündəliyin Nəbzini Tut

Archive for the ‘Naib Ələkbərov’ Category

“İçək Qarabağın Şərəfinə!”

Posted by gundeliyim on 3 August 2007

Naib Ələkbərov

naib16@yahoo.co.uk

Başdan deyim: bu yazı bir başa heç kimə ünvanlanmayıb. Bu yazının adresi ümumilikdə götürdüyümüzdə bizik. Birdigər üzərində durmaq istədiyim məsələ: Mənim kimin içki içib kimin içmədiyi vəya kimin hər hansı bir şəkildə “party” düzəltib düzəltmədiyi vəya ümumiyyətlə ayrı-ayrılıqda şəxslərin elədiyi hərəkətlər maraqlandırmır. Bu hər kəsin özünün biləcəyi şeydir. Gedən gedər, getməyən də getməz. Buna qarışmağa heç kimin haqqı yoxdur. Mən də qarışmayacağam. Mənim qarışmaq istədiyim məsələ bir az qəliz məsələdir. Keçək bu
qəliz məsələni əlimizdən gəldiyi və dilmizin döndüyü qədər aydınlaşdırmağa.

Yayın gəlişi ilə əlaqədar olsa ki, günlük heyatımızda “dincəlmək” və “party” sözləri daha çox işlənməyə başladı. Qruplara göndərilən yazılarda da. Dincəlmək gərəkli olan bir şeydir. “Yaxşı işləmək üçün yaxşı dincəlmək də lazımdır” fikrinə dəstək oluram. Mən bir az fərqli bir fikir atım ortalığa: Bəli, yaxşı işləmək üçün yaxşı dincəlmək lazımdır, ancaq dincəlmək haqqına sahib olmaq üçün yaxşı işləmək lazımdır. Demək istədiyim bu döngünün başlanğıcı yaxşı işləməklə başlayır, yaxşı dincəlməklə deyil.

Mən bir neçə vaxtdan bəri qorxularımdan yazıram. Mənə elə gəlir ki, bizim xəbəri olmadığımız mənə göre çox əhəmiyyətli bir şey var: İçki süfrələri vəya “party hip-hopu” ile yaşadığımız həyatın həqiqətlərinin fərqli olduğundan xəbərsizik məncə. Məsələn, otururuq süfrə başına və ilk sağlığımızı deyirik: “İçək Qarabağın xətrinə”. Mənə elə gəlir (mənə bu günlərdə çox sey elə gəlir, ancaq bu mövzuda daha sonra) bizim Qarabağın xətrinə içməklə Qarabağın azad olması arasında heç bir əlaqə yoxdur. Statistika diliylə desək, bu əlaqə parametrəsi statistik olaraq mənasızdır. O zaman demək ki, bizim Qarabağın xətrinə içməklə bizim Qarabağa verdiyimiz heç bir şey yoxdur. Və demək ki, biz Qarabağı azad etmək məqsədi ilə içki süfrəsinin başına oturmağımız lazım deyil. Və demək ki, Qarabağı azad etmək üçün Qarabağı azad etməyə yarayacaq başqa şeylər etməliyik.

Və ya başqa bir sağlıq: İçək Azərbaycanın gələcəyi xətrinə. Ay başınıza dönüm, Azərbaycanın gələcəyinin yaxşı vəya pis olması ilə Azərbaycanın gələcəyi xətrinə içilməsi arasında necə bir əlaqə qura bilirsiniz? Mən nə qədər istədimsə bir əlaqə tapa bilmədim. Mənim bildiyim şey, gələcəyimizin bu gündən daha yaxşı olmasını istəyiriksə bu günə gələrkən yanımızda gətirdiyimiz və ona gorə də bu “pis” günümüzə səbəb olan xasiyyətlərimizdən əl çəkməliyik. Sübutunu istəyirsiniz? Bu günkü sürünməmiz. Bu günümüzə səbəb dünəndən bu günə gələrkən dünən etdiyimiz səhvlər və gələrkən əl çəkmədiyimiz vəyya çəkə bilmədiyimiz və yanımızda gətirdiyimiz “başımız”. Böyük usta M.Ə.Sabir demişkən,
“əslafımıza həqiqi xələf olduğumuz üçün başımızdan çıxmayan və çıxa bilməyən pis adətlərimizdən vaz keçməliyik”. Mən bu haqda daha əvvəl də yazdığımdan bu mövzuya detaylı olaraq toxunmayacağam.

Gələk əsas məsələyə: Azərbaycanın xətrinə içmək məsələsinə. Mən demirəm içmə. İstədiyin qədər iç. Yenə də deyirəm: buna heç kimin qarışmağa haqqi yoxdur. Bir çox ölkədə olduğu kimi dövlətin də qarışmağa haqqı yoxdur. Ancaq Qarabağı azad etmək üçün vəya Azərbaycanı daha firavan bir gələcəyə aparmaq üçün içmə. Çünkü sən içməklə nə Qarabağ azad olmur, nə də Azərbaycan daha firavan bir gələcəyə getmir. Bu mənim fikrimdir. Başqa bir şey: mənə elə gəlir ki, biz bəzən bir çox məsələmizi “party” məclİŞLƏRində həll etməyə çalışdığımız üçün həyatın həqiqətlərindən uzaqlaşırıq.

“Party” nə deməkdir? Mənim bildigim “party” bir grup insanın bir araya gələrək günün təzyiqini və yorğunluğunu atmaq üçün əylənmə vasitəsidır. Mənim bizdən istədiyim bir şey var: “Party”yə yığışdığımızda vəya hər hansı bir cürə əylənməyə çalışdığımızda nə Qarabağdan, nə də Azərbaycanın gələcəyindən danışmayaq. Başqa bir dillə ifadə etsəm, Azərbaycanın gələcəiynin firavan olması üçün vəya Qarabağı azad etmək məqsədi ilə içməyək və əylənməyək. Çünkü bu məsələlər “party”məclİŞLƏRindəki içki süfrələri başında həll ediləcək məsələlərdən deyil. Bu məsələləri həll etmək üçün “ayıq” başa ehtiyacımız var. Əgər “kefli” olmaqdan əl çəkə bilmiriksə, o zaman bizdən istədiyim böyük Cəlilin kefli İskəndəri olmamızdır. Kaş hamımız kefli İskəndər qədər “ayıq” olmağı bacara bilsək… Nə isə.

Demək ki, istəyən “party”də əylənsin, istəyən içki süfrələri başında, istəyən də başqa bir cürə. Demək istədiyim budur “əyləncə məclİşlərindən” bir şey gözləməyək. Təkcə gedək əylənək və yorgunluğumuzu ataq. O qədər. Ancaq əylənməyin də haqqına sahib olmaq üçün lazımı qədər işləyib yorulduqdan sonra əylənək. Yoxsa həftə səkkiz mən doqquz bütün həyatımızı eyləncə süfrələrində keçirməyək. Əyər biz Qarabağı azad
etmək üçün vəya Azərbaycanın aydınlıq gələcəyi üçün içki məclİŞLƏRini və “party”ləri bir vasitə olaraq görürüksə, bundan əmin olun ki, nə Qarabağ azad olacaq nə də Azərbaycanın gələcəyi firavan olacaq. Bu mövzuda indilik bu qədər. Bu mövzulara təkrar qayıdacağam…

Posted in Naib Ələkbərov, Yazar | 1 Comment »

Problemlərimiz

Posted by gundeliyim on 24 July 2007

Naib Ələkbərov

naib16@yahoo.co.uk

Bilənlərimiz çox yaxşı bilirlər ki, bizim çox böyük problemlərimiz var (bilməyənlərimizin bilməsi üçün bilənlərimiz əllərindən gələni etsələr də indilik bir nəticə almayıblar. Bilməyənlərimiz bilmək istəməməkdə cəhd göstərirlər). Demokratiyanın olmaması, azad fikrin əmələ gəlməsinə uyqun şəraitin olmaması,məmur özbaşınalığının tüğyanı, yoxsulluq, səhiyyədə, təhsildə və cəmiyyətin hər bir sahəsindəki sayısız hesabsız
problemlər, Qarabaq və s….
Mən indi soruşsam ki, “Sizcə Azərbaycanın ən böyük problemi nədir?”, açıq olmasa da 90 faizi təxmini yuxarıda saydığım cavabları verəcək. Ancaq Azərbaycanın təxminən 10 faizinin problemləri isə digər 90 faizdən çox fərglənəcəkdir. Məsələn 90 faizin yarıdan çoxu ayağına geyəcək ayaqqabı olmamasından şikayət edəcəkdir. Çünkü 40 faizi yoxsulluq içində yaşayan bir cəmiyyətdə bu rəqəm normal statistikadır. Digər 10 faizə qaldıqda isə, toxun acdan xəbəri olmadığı kimi xalqın 90 faizinin yaşamından xəbərsiz quş südü ilə bəslənib, quş tükü yastıqlarda yataraq, haqqı olmayan yollarla əldə etdikləri var dövlətə sahib olub haqqı olmadıqları firavanlıq içində yaşadıqları üçün, onları xalqın 90 faizinin yoxsulluğu heç də maraqlandırmayacaqdır. Onlar səbəbkarı olduqları xalqın digər 90 faizinin yoxsulluğundan xəbərsiz, günlərini gün etməklə məşqul olduqlarından “Mən tox olum özgələr ilə nədir halım?” (M.Ə.Sabir) deyəcəklərdir. Bu 10 faizlik hissənin problemi olsa olsa 24 saatlıq zaman
müddətinin günlərini gün etməyə yetmədiyi olacaqdır.

Yayın qızmar vaxtında Antalyada havanın istiliyindən, qışın oğlan çağında da Azərbaycanın böyük şəhərləri daxil olmaqla böyük bir hissəsi elektrik və qazsız əziyyət çəkərkən, onlar haqqı olmadıqları sahibi olduqları var dövlətlərinin gücü ilə dünyanın dörd mövsüm isti olan bölgələrində günlərini gün edərkən qış vaxtı havanın niyə bu qədər isti olduğu mübahisəsini edəcəklərdir. Hətta bu insanlar üçün günəşin niyə qərbdən deyil şərqdən doğması böyük bir problem ola biləcəkdir.

Bu 10 faizlik qismin əslində heç bir problemi olmadığından hər gün əyləncə və firavanlıq içində keçən həyatlarının nə qədər sıxıcı olduğundan danışacaqlardır. Bu 10 faiz xalqın digər 90 faizinin ayaqında ayaqqabı, üzərində də geyəcək paltosu olmadığı üçün qışın qış vaxtı bir parça çörək dalınca iki büklüm olan beli və soyuqdan göm göy olan əllərinə baxaraq, “aaa, onun əllərinə bax, göm göydü. Belinə bax,nə qədər əyridi. Belə də bel, belə də əl olar?” deyib istehza ilə gülə biləcəklərdir.

Xalqın 90 faizinin problemi başından aşdığı halda, digər 10 faizinin əslində heç bir problemi olmadığından, bu 10 faizin problemləri problemsizlik
olacaqdır. Problemsizlik problemi olan bu insanlar problemləri başlarından aşan digər insanların problemlərinə səbəb olduqlarını heç ağıllarına da gətirmədən digər 90 faizin gününü göy əskiyə çevirib həyatlarını cəhənnəmə çevirərkən, öz həyatlarını cənnət içində yaşayacaqlardır.

Həə, dəyərli dostlar və dost olmayanlar (şəxsi elektron poçt adresimə göndərilən məktublardan sonra bu ifadəni işlətmək qərarına gəldim). Bu gün yenə də dilimin döndüyü, ağlımın kəsdiyi qədər bizdən danışmağa çalışdım. Bizdən və problemlərimizdən indilik bu qədər. Heç təbii ki, bizlə əlaqədar gecə gündüz danişsaq da danışıb qurtara bilmərik. Nə isə, indilik bu qədər…

Posted in Naib Ələkbərov, Yazar | Leave a Comment »

Beyin və Qəlb gözlərim qapalı, hərəkətsiz qalmışam…

Posted by gundeliyim on 19 July 2007

Naib Ələkbərov

naib16@yahoo.co.uk

Hər vaxtınız xeyir olsun! ALLAHDAN hamıya cansağlığı və müvəffəqiyyətlər arzulayıram!

Bu gün səhər yuxudan qalxdım. Üstümdə qəribə bir ağırlıq hiss elədim. Ayağa qalxmaq istədim. Olmadı. Sağa sola dönmək istədim. O da olmadı. Gözlərimi açdım, bir az ətrafa göz atdım. Üzərimdə olan və məni hərəkətsiz yatağa məhkum edən bu qəribə ağırlığı fikirləşmək istədim. Xilas olmalıydım bu yükdən. Ayağa qalxmalıydım çünkü. Bir ömür boyu yataqda qalacaq
deyildim ki!
Təkrar bir cəhd ilə məni özünə məhkum edən bu yataqdan uzaqlaşmaq istədim. Gücüm çatmadı. Bütün bədənimdəki oynaqlarım elə bil ki funksiyalarını itirmişdilər. Elebil ki dörd tərəfimi daş divarla hörüb məni də içinə atmışdılar. Elə bil ki, ayaqlarıma yüz illərin ağırlığını bağlamışdılar. Elə bil ki, əllərimi işlədiyim günahlarımın kəndirləriylə möhkəm-möhkəm bağlamışdılar məni hərəktsiz qoymaq üçün.

Bir az heç bir hərəkətə cürət belə etmədən yerimdə eləcə donub qaldım. Bu mənim içindən xilas olmaq istədiyim və xilas ola bilmədiyim məcburi hərəkətsizlik idi. Gözlərim açıqdı, ətrafımı görə bilirdim. Ancaq beyin və qəlb gözlərimin bağlı olmasına görə ətrafımda olanları qiymətləndirə bilmirdim. Beyin gözlərim necə də açıq olsunlar ki? İllərcə mənim yerimə başqaları düşünmədi mi? İllərclə məni düşünməkdən məhrum etmədilər mi? İllərcə düşünməkdən məhrum edildiyi üçün düşünməyi unutdu beynim… Gözləri kor oldu illərcə görməkdən məhrum edilən beynimin. Ancaq baxmağın görmək üçün kifayət olduğunu söylədilər mənə. Beynimin istifadəsinə, ağlına ehtiyac qoymadılar illərcə. Qəlb gözlərimə qalanda, onlar da görmürlər daha. Əvvəlki kimi “bum, bum”la vurmur daha qəlbim. Qəlbimin gözlərinə əvvəl olduğu kimi qan axmır daha. Çünki, qəlbimin gözlərinə o qanı daşıyan gözün qan damarlarını kəsiblər. Qəlbimin gözləri qansız qaldığı üçün kordurlar. Qəlbim də vurmur daha əvvəl olduğu kimi “səsli küylü”. Mən qəlbimi yaşada bilmədiyimdən, qəlbim də məni yaşada bilmir indi.

Bəli, bu gün sabah yataqdan qalxa bilmədim. Üzərimdə özümsüzlüyün yükü vardı. Özümsüzlük yükü çox ağırdır. Daşımaq mümkün deyil. Özümsüzlük yükü ilə yaşamağımız Mümkünsüzdür! Bu yükdən xilas olmağımız lazımdır! Bizi yatağa bağlayan, hərəkətsiz qoyan bu yükdən. Bu yükdən xilas olmaq üçün də özümüz zənn etdiyimiz özümsüzlükdən xilas olmaq lazımdır! Biz silkinməliyik, özümüzə geri dönməliyik!

Hərəkətsizəm indi…Hərəkətsiz qalmışam…. Özümdən uzaqlaşdığım üçün… Beyin və qəlb gözlərim kor olduğu üçün… Özümsüz yaşadığım üçün… Hərəkətsiz qalmışam…

Özümə dönməliyəm! Beyin və qəlb gözlərimi açmalıyam! bir ömür boyu yatağa məhkum olub hərəkətsiz qala bilmərəm ki!

Posted in Naib Ələkbərov, Yazar | Leave a Comment »

Cavabını Axtardığım Suallarım….

Posted by gundeliyim on 28 June 2007

Naib Ələkbərov

naib16@yahoo.co.uk

“İşlər belə getsə, belə getməsin!
Getsə bu gedişi durduracağam, Bütün Azərbaycan oğullarını Öz kişi bətnimdən doğuracağam!!!”

Xəlil Rza Ulutürk

Mən bu gün sizə bir az suallar verəcəyəm. Suallarım mənim cavabını axtardığım və tapa bilmədiyim suallardandırlar. Cavabını tapa bilən olsa, xahiş edırəm, mənə də bildirsin. Bəzi suallarımı mən əvvəllər bir çox yerdə soruşmuşdum. Ancaq cavab ala bilmədiyimdən təkrar soruşmaq ehtiyyacı hiss etdim. Xülasə, giriş hissəsini uzun tutmadan keçək mətləbə.

1-ci sual: Bir ölkə düşünün. Tarixi mənbələrə əsasən, bu ölkənin 20-ci əsrin əvvəllərində Azərbaycan Türkləri demişkən ərazisi 114.000 km2 olub. Bunu mən demirəm, tarixi mənbələr deyirlər. 20-ci əsrin ortalarında olan hadisələrdən bu ölkədə yaşayan xalqın xəbəri olmayıb və 20-ci əsrin sonlarına gəlindiyində xalq bir də ayılıb görüb ki, cəmi cümlətanı 86,6 min km2 ərazisi qalıb. 20-ci əsrin sonlarında isə bu ölkənin ərazisinin 17 faizini təkrar əlindən alıblar. Sadə bir hesablama ilə bu ölkənin ərazisi indi təxminən 70.000 km2 qalıb. İndi mənim sizdən soruşmaq istədiyim bunlardır: Kim deyə bilər rəhmətlik M. Ə. Sabir demişkən “bu xalq əslafına həqiqi xələf olduğu üçün” Rəhmətlik Xəlil Rza Ulutürk demiş “İşlər belə getsə və də bu gedişi durduracaq kimsə olmadığı üçün”;
a) bu ölkənin 21-ci əsrin sonlarında nə qədər ərazisi olacaqdır?
b) Ya 22-ci əsrə girərkən bu ölkənin ərazisinin nə qədər olacağını deyə biləcək olan var?
c) Çox demirəm, məsələn üc əsr sonra bu ölkədən bir əsər əlamət qalacaq?

Keçək ikinci sualımıza. Bu ölkənin hələ ki var olan ərazisi təxminən 70.000 km2. Bu ölkənin əhalisi də təxminən 8,5 milyon nəfərdir. Bir sual üçün bu qədər məlumat bəsdi. Sualım belədir: Bu ölkənin ərazisinin ən azı 90 faizi ən çoxu 10 faizinin ixtiyarına
verilibsə:
a) Bu ölkənin ən çoxu 10 faizi olan bu hissəsi bu ölkənin ən az nə qədərini şəxsi mülkiyyətləri kimi istifadə edirlər?
b) Bu ölkənin ən azı 90 faiz olan əhalisi bu ölkənin ən çox neçə faiz torpaqlarından istifadə edə bilir?
c) Məhəmmədhüseyn kişinin (ALLAH sənə rəhmət eləsin Mirzə Cəlil) damından su axan kiçik bir daxmasından başqa heç bir şeyi yoxsa, ancaq bu ölkənin 90 faizini şəxsi mülkiyyəti kimi istifadə edən o 10 faizdən olan lotu Məmmədin Anadolu türkləri demiş “itləri, arabaları, yatları, qatları, atları, xülasə hər şeyi” varsa, Məhəmmədhüseyn kişinin sahib olduğu var dövlətlə lotu Məmmədin sahib olduğu var dövlət arasinda neçə dəfə fərq var?

3-cü sual. Bu sualım son zamanlarda Azərbaycanda baş vermiş bizim bir çoxumuzun heç də vecinə olmayan hadisələrlə əlaqədardır. Biz Həsən Bəy Zərdabini nəyə görə maarifçi, alim və Azərbaycanın ən əhəmiyyətli tarixi şəxslərindən biri kimi dəyərləndiririk? Bir çox fəaliyyətinə görə, Azərbaycanda ilk qəzet olan “Əkinçi” qəzetini dərc etdiyinə görə. Bu məlumat qalsin indilik bir tərəfdə. Keçən dəfə çoxumuzun vecinə olmayan bir hadisə baş verdi və Azərbaycan’da qəzetlər bağlandi. Indi sizə mənim suallarım belədir:
a)”Əkinçi” qəzetini dərc etdirdiyi və xalqın maariflənməsi üçün əhəmiyyətli fəaliyyətləri olan Həsən Bəy Zərdabi’yə biz 130 il sonra “maarifçi, alim, böyük şəxsiyyət” deyirik. Mənə deyə bilərsiniz ki ,bu gün qəzetləri bağlayan bizi 130 il sonra necə xatırlayacaqlar?
b) Əgər Əkinçi qəzeti bizin maariflənməmizə xidmətləri olmuşdursa ki, olmuşdur (burada hər hansı şübhə yaradacaq heç bir şey yoxdur), sizcə qəzetlərin bağlanmasının bizə necə təsiri olacaqdır?

Suallarım hələlik bu qədər. Bilənlərdən xahiş edirəm cavablarını həm qrupa, həm də mənə göndərsinlər.

(Suallarım qurtarmadı)

Posted in Naib Ələkbərov, Yazar | 2 Comments »

Yad ellərdə başqadır dilənçilik

Posted by gundeliyim on 23 April 2007

Naib Ələkbərov

naib16@yahoo.co.uk

Sizlərə bu gün şahidi olduğum bir hadisəni danışacağam. Dilənçiləri bilirsiniz. Bəzən əlində körpə uşaqlı bir qadın, bəzən kiçik yaşında bir uşaq vəya bəzən yaşlı bir qadın vəya kişi. Bəzən qabağınızı kəsər ve sizdən “ALLAH rızası üçün evinə bir parça çörək almaq üçün” pul istəyər, bəzən də yolun kənarında durub, yoldan keçən insanlardan dilənirlər.
Hər nə cürə olursa olsun, mənim həmişə onlara yazığım gəlib . Bilirəm, bəziləriniz deyəcəksiniz ki, “evində hər cür yaxşı imkanları olan insanlar da asan qazanc yeri olaraq dilənçilik etdiklərinə rastlaşmışıq”.Sizlərə haq verirəm… Mən də belə insanlarla rastlaşmışam. Hər nə cürə olursa olsun mənim bu insanlara yazığım gəlir. Sizə şahid olduğum bir hadisəni danışım.
Keçən gün Almanyada yaşadiğim şəhərin türk dükanin birinə nə isə almaq üçün getmişdim. Dükandan çıxdığımda, dükanin qapısının yanında gənc bir gadının cılız və utancaq səslə diləndiyini gördüm. Bu qadın Türk idi. Yaşı ən çox 35 olardı. Dilənçilik etdiyi üçün utanırdı. Bu səbəbdən səsi yavaşca çıxırdı. Əvvəlcə bu yavaş səsiylə nə dediyini başa düşmədim. Dayandım, yenidən dediklərinə qulaq asdım. Yenə də bir şey başa düşmədim. Mənə tərəf uzanan əli gördüm və qısıq səslə “ALLAH rızası üçün…” səsini eşitdim. Sözünü tam qurtara bilmədi və üzünü yana çevirdi. Mən üzərimə bir az pul alıb geri gəldiyimdə qadının orada olmadığını gördüm.

Bu qadının o mənə dediyiniz “hər cür imkanı olan” dilənçilərdən olmadığını başa düşmüşdüm mən. İmkansızlıq gətirmişdi onu oraya. Dilənmək üçün də hər hansı bir küçəni vəya yeri seçməmişdi. Türk mağazasının qapısının yanını seçmişdi. Çünkü “başqalarından” dilənməyi bəlkə də özüne ar bilmişdi və buna görə də “özünkülərdən” dilənirdi. Bilmirəm… Sıxıldığı səsinin yavaş çıxmasından bilinirdi. O mağazaya daha sonralar da çox gedib gəlirəm və hər gedişimdə yanima bir az da olsa pul götürürəm. Bəlkə o qadına bir daha rast gələrəm deyə. Ancaq o qadına bir daha rast gəlmədim. ALLAH bilir haradadır. Başqa bir yerdə dilənçilik edib etmədiyi, yoxsa dilənçiliyə ehtiyacı olmadan yaşaya bilib bilmədiyini bilmirəm. Təkcə ümüdüm, dilənçilik etmədən yaşaya bilməsidir heç şübhəsiz…
Siz baxmayın önünüzü kəsib sizdən min üzlə pul dilənənlərə. Mən bunu fikirləşirəm: yad ellərdə başqa olur dilənçilik. Oralarda min üzə girə bilmirsən dilənmək üçün. Oralarda yüksek səslə qışqıra da bilmirsən. Oralarda ancaq cılız səslə dilənçilik edirsən. Əlini uzadırsan önündən keçənlərə və yalvara da bilmirsən bəzən, çünkü nə qədər istəsən də səsin çıxmır. “ALLAH rızası üçün” deyə bilmirsən çox vaxt. Kəlimələr düyünlənir boğazında. “A..AAA…” deyə bilirsən ancaq. Başını aşağı salırsan, çünkü gözlərinə baxa bilmirsən dilənən insanların. Utanırsan və üzün qızarır.

Mən bütün bunların şahidi oldum. Mən nəyi fikirləşirəm indi, bilirsiniz? Görəsən Azərbaycan deyilən ölkənin nə qədəri yad ellərdə utana utana üzü qızararaq dilənir? İmkanım olsaydı araşdırardım bunu. Və bu araşdırmanı üzü qızarmadan və utanmadan onları yad ellərdə utana-utana, üzü qızararaq dilənməyə məcbur edənlərin qabağına qoyardım və onları ittiham edərdim.

Yad ellərdə başqadır dilənçilik.
Sıxıla-sıxıla dilənirsən…
Üzün qızarır dilənəndə…
Səsin çıxmır və yalvara bilmirsən yanından keçib gedənlərə…
Barmaqların istər-istəməz qısıldığı üçün əlin tam açılmır diləndiyində…
Dilənə bilmirsən yad ellərdə…

ALLAH hec kimi nə vətənində, nə də yad ellərdə dilənməyə məcbur etməsin.

Posted in Naib Ələkbərov, Yazar | Leave a Comment »

Mirzə Ələkbər Sabirə Şikayət

Posted by gundeliyim on 30 March 2007

Naib Ələkbərov

naib16@yahoo.co.uk

Bu gün bizi, hamımızı, səni, məni, onu böyük üstad Mirzə Ələkbər Sabirə tək-tək şikayət edəcəyəm. Bizim öhdəmizdən yenə o gələr…

Səni narahat etdiyim üçün məni bağışla, usta. Səni axirət dünyanda da rahat buraxmırıq… Mənsub olduğun xalqın, fərdi olduğun ölkənin vəziyyətini görüb onsuz da rahat olmadığını bilirəm. Ancaq başqa əlacım qalmayıb, heç bir şeyə ümidim qalmayıb, səndən başqa üz tutacaq kimsəm, sənin qapından başqa gedəcək qapım da yox, bağışla məni usta, səni narahat etdiyim üçün bağışla məni. Sən bu xalqın əzab-əziyyətinə dözməyib, için-için özünü yeyib xəstələndiyində dediyin o sözləri unuda bilmirəm, usta:

Arizi qəmlər əlindən ürəyim şişmiş idi,
Zənn edirdim edəcəkdir ona çarə ciyərim.
Bəxti mənhusimə bax, mən bu təmənnada ikən,
Başladı şişməyə indi üzü qarə ciyərim.

Sən bu xalqın əzablı, dözülməz həyatına dözə bilmədin. Sən əgər indi yaşamış olsaydın, yenə də ürəyin şişəcəkdi, yenə də ciyərin su bağlayacaqdı, çünki xalqının vəziyyəti o zamankından yaxşı deyil, usta. Səndən üzr istəyirəm, “yaşasaydın” dedim. Sen ölməmisən ki. Kim deyir ki sen ölmüsən? Ölən bizik xəbərimiz yoxdur. Bilirsən usta, hər zaman eşitmişəm ki, deyirlər yatmaq elə ölmək kimi bir şeydir. Sənin də dediyin kimi, “bizlər yatırıq və bizə yuxudan oyanmağa da icazə vermirlər”. Necə demişdin sən, yadıma salım:

Səs salma yatanlar ayılar qoy hələ yatsın,
Yatmışları razı deyiləm kimsə oyatsın,
Tək tək ayılan varsa da haqq dadıma çatsın,
Mən salim olum cümlə cahan batsa da batsın.

Bizdə bir dəyişilik yoxdur usta, yenə də eyni gündəyik. Biz dərin yuxuya getmişik və yatdığımızdan da xəbərimiz yoxdur, sən isə həmişə fikirlərinlə bizə yol göstərirsən, ancaq biz yenə də doğru yolu görmək istəmirik ki, istəmirik. Özüm-özümə soruşuram: görəsən ölü kimdir, sən yoxsa biz?
Sən necə deyirdin:

Fəhlə özünü sən də bir insanmı sanırsan?!
Pulsuz kişi, insanlığı asanmı sanırsan?!

İnsan olanın cahü cəlalı gərək olsun,
İnsan olanın dövləti, mali gərək olsun,
Hümmət demirəm, evləri ali gərək olsun?!

Hə, usta. Indi sadəcə fəhləni deyil, aidiyyatı olduğun xalqın 90 faizini insan yerinə qoymurlar. Nümayəndəsi olduğun xalqın 90 faizinin günü gün deyil, çünki “yatmaqla məşğuldurlar” . Qalan 10 faizini soruşursansa, usta unutdum deməyə. Onlar elə sənin zamanındaki kimi bu ölkənin varını yoxunu talan etməklə məşğuldurlar. Bu ölkənin sahibi onlardır, usta. Bu xalq deyil. Sən necə demişdin:

Daş qəlbli insanları neylərdin ilahi,
Bizdə bu soyuq qanları neylərdin ilahi?

Dəyişməmişik usta, əgər nəsə dəyişiklik olmuşsa da, daha da daşlaşmışıq, daha da soyuq qanlı olmuşuq. “Fatmaların, Tükəzbanların” yenə də əlacsızdır… Bilirsən usta, “məzlumlarin yenə də göz yaşı sel olub axmaqdadır”. Axı necə dəyişək ki? Sən özün bir şe`rində belə demişdin:

Zülmətsevər insanlarız üç beş yaşımızdan,
Fitnə göyərir torpağımızdan, daşımızdan.
Tarac edərək bac alırız qardaşımızdan,
Çıxmaz, çıxa bilməz də bu adət başımızdan,
Əslafımıza çünki həqiqi xələfiz biz,
Öz qövmümüzün başına əngəl kələfiz biz.

Hə, usta. Bizlər bir-birimizi didməkdən, yox etməkdən əl çəkə bilmirik, “çünki əslafımıza həqiqi xələfiz”, usta…

Eh usta. Deyilib qurtaran deyil bizim dərdlərimiz. Biz səni doğru başa düşmədik ki. Bizə səni doğru başa salmadılar ki. Sənin de dediyin kimi, biz insanıq və “görməyə bilərik, duymaya bilərik, amma düşünməyə bilmərik”. Ancaq biz indi düşünmürük. Bizim yerimizə başqaları düşünür, bizim yerimizə qərar verirlər. Düşünmə qabiliyyətini itirmiş və ya itirtilmiş bir xalqdan nə gözləmək olar ki? Usta üzr istəyirəm, sualı sənə vermədim, səni onsuz da həddinden artıq narahat etdim. Bir də bu suallarımla səni daha da narahat etməyə haqqım yoxdur. Əslində sən bu sualın cavabını 100 il əvvəl vermisən, biz şagirdlərin 100 il keçsə də sənin dediklərini başa düşə bilmirik. “Düşünmə qabiliyyəti əlindən alınmış bizin” sənin söylədiklərini necə başa düşə bilərik ki?
Nə isə usta, səni çox yorduğumun fərqindəyəm. Sənə bir şey daha deyib gedəcəyəm. Torpaqların sənin vaxtındaki kimi deyil, usta. Biz indi Qarabağa gedə bilmirik. Biz indi yetim qalmışıq, Qarabağsız qaldığımızdan bəri yetim qalmışıq. Bir xalq bütünüylə yetim qalıb, usta.

Usta, səndən bir şey daha istəyəcəyəm. Səndən bir xahişim var: Sənin qələm dostlarından, bu xalqın bədbin şairlərindən olan Hadiyə bir sözümü catdıra bilersenmi, usta? Hadi bir şe`rində demişdi:

Imzasını atmış miləl övrağı həyata,
Yox millətimin imzası imzalar içində.

Nə olar usta, qələm dostun Hadiyə hələ də “bu millətin imzasının imzalar içində olmadığını” deyə bilərsən mi? Qapına gəldim, hər vaxt olduğu kimi, məni əli boş geri göndərmədin. Sənin önündə diz çöküb, təşəkkür edirəm. Bizi aydınlatdığın, bizlərin yolumuzu işıqlandırdığın üçün.. Ancaq biz sənə layiq şagird ola bilmədik, bağışla bizi usta. Bağışla bizi.

Bağışla bizi… Bağışla bizi….

Posted in Naib Ələkbərov, Yazar | Leave a Comment »

Saqqalsız və cübbəsiz şeyxlər

Posted by gundeliyim on 20 March 2007

naibb.JPG

Naib Ələkbərov

naib16@yahoo.co.uk

Azərbaycan qəribə bir ölkədir. Bu ölkə əslində qəribə deyil, qəribə olan o ölkədə yaşayanlardır. Nəyə görə mi? Nəql edim. Hamımız qulaq asaq. Istəyən qulaq asmaya bilər. Öz işidir. Necə deyərlər demokratiya deyilən bir şey var.

Demokratik bir cəmiyyət dedim, yadıma demokratik olmayan cəmiyyətler geldi. Şeyxlər, krallar və əmirlərin idarəsi altinda olub demokratiyadan zərrə qədər xəbəri olmayan ölkələr yadıma düşdü. Şeyx dediyimdə mənim yadıma ilk olaraq saqqal ve cübbə düşür. Bu dəfə də “Şeyx” dediyim anda yadıma saqqal və cübbə düşdü. Şeyxlə saqqal və cübbə ayrılmaz şeydir.
Şeyx deyildiyində sizin yadınıza ne düşür bilmirəm. Şeyxlərin, kralların və əmirlərin hakim olduqları ölkələr deyərkən də, yadıma ilk olaraq aclıq, səfalət içində olan milyonlar gəlir. Əslində bu ölkələrdə 7 ulduzlu otel, qızıldan saraylar da görmək mümkündür. Bu ölkələr hər cürə resurslara da sahibdirlər. Ancaq bütün bunların sadə xalqa heç bir aiddiyyatı yoxdur.

Bizdə də şeyxler, krallar, əmirlər var. Qızıldan saraylarin olduğu da deyilir. Mən görməmişəm hələ, ancaq niyə də olmasın?.

Azərbaycan deyilən ölkənin milyonlarının səfalət və yoxsulluq içində olduqları qətidir. Buna qarşı hər halda deyəcəyiniz bir argument olmaz. Əgər deyərsinizsə, o zaman əlinizdən tutaram ve sizi siradan xalqın arasina apararam. Özünüz də xalqın hansı vəziyyət olacağını görəcəksiniz.
Əslində bir şeyi görmək ücün görmək istəməlisən. Məsələn, qabağında bir qadın səfalət və yoxsulluqdan zar-zar ağlayırsa, sən qadınınn bu vəziyyətinə “keyfi yüksəkdir və bu səbəblə də musiqi züm-zümə edir” də deyə bilərsən. Cünki görmək istəmirsən. Qəlb gözlərin kor olub. Gözündən beyninə və qəlbinə gedən damarlarında tıxaclar var. Yəni sən xəstəsən. Gözünün gördüyündən asılı olmayaraq, əslində sən korsan və görmürsən.

Dediyim kimi, bizim krallarımız var (bizdə krallar var), şeyxlərimiz, əmirlərimiz var. Ancaq bizdəki, kralların, şeyxlərin və əmirlərin digər monarxiya ölkələrdən fərqi bizimkilərin saqqalsız, cübbəsiz və fəssiz olmalarıdır. Başqa heç bir fərqi yoxdur. Bizdə də demokratiya yoxdur, onlarda da. Bizdə də xalq səfalət icinde əziyyət çəkir, onlarda da. Bizdə də ölkənin resursları o şeyx, krallar və əmirlərin ciblərinə axır, onlarda da. Dediyim kimi, əslində heç bir fərq yoxdur aramızda. Sadəcə tək fərqimiz bizim krallar, əmirlər və şeyxlərimizin saqqalsız, cübbəsiz və fəssiz olmalarıdır. Bizim o rəhmətlik Cəlil Memmedquluzadənin “Ölülər” əsərindəki şeyxdən də fərqimiz, bizim indiki şeyxlərimizin “o kənddən bu kəndə gələrkən artıq eşşəkdən” deyil, qərb istehsalı olan son model maşınlardan istifadə etmələridir. Həə, bir şey daha.

Bizim nəinki şeyxlər, ərəblər və krallar olan ölkələrdən fərqimiz yoxdur, elə 100 il əvvəlki
Azərbaycandan da fərqimiz yoxdur. Sadəcə yeni zəmanəyə uyğunlaşmışıq, o qədər…

ALLAH sənə rəhmət eləsin Mirzə Cəlil!

Posted in Naib Ələkbərov, Yazar | Leave a Comment »

 
Follow

Get every new post delivered to your Inbox.