Gündəliyim®

Gündəliyin Nəbzini Tut

Archive for the ‘Mətbuat’ Category

Mətbuatdan seçmələr (3)

Posted by gundeliyim on 21 April 2007

Rövşən Hacıbəyli

“Azərbaycanın “Ruznamə”si” adlı məqaləsindən (Azadlıq Qəzeti)

Çoxdan gözlənilən gün gəlib çatdı. Allah cəmi millətlərə bu gündən bəxş eləsin. Neçə illərdir müstəqilliyimizi qazansaq da, açığı demokratiyanın nə demək olduğunu bilməmişdik. Doğrudur, Müsavat partiyasının üzvü Hikmət Hacızadə demokratiya ilə bağlı bəzi kitablar ortaya qoysa da, müxalifətçilik etdiyindən, bu əsərlərin əhalimiz üçün ziyanlı olacağını düşünüb təbliğatına imkan vermədik.

*********

Elşad Miri

“Din adamları yoxsa din biznesmenləri” adlı məqaləsindən (Azadlıq Qəzeti)

Bu gün Azərbaycan vətəndaşlarının 95 faizdən çoxunun müsəlman olduğu bildirilir. Biz də həmin statistika məlumatlarına uyğun olaraq özümüzü “müsəlman” adlandırırıq. Lakin bu müsəlmanlıq daha çox zahiri əlamət olaraq qalır. Müsəlmançılıqdan irəli gələn tələbləri həyata keçirmək məsələsinə gəldikdə isə “dini rəhbərlər” kimi görünən və ya göstərilən
şəxs(lər)i nümunə göstərib özlərinə bəraət qazandırırlar ki, “onların etdiklərinin yanında biz hələ şükürlüyük”.

*********

Humay Süleymanlı

“Nuşivəranın saytlarla söhbəti” adlı məqaləsindən (Azadlıq Qəzeti)

Bir əsr öncə yazarlar ədəbiyyatın bütün üsullarından yararlanıb milləti qəflət yuxusundan
ayıltmağa çalışırdı. Allah hamısına rəhmət eləsin. Aradan keçən yüz ildə ayılanımız da oldu, xorhaxor yatmaqda davam edənimiz də. Indi ayılanlar ha silkələyir, yatanlar ayılmır ki, ayılmır. Etiketə görə, yatana şirin yuxu diləyərlər, ancaq indiki situasiyada başını bürüyüb yatan adama sabiranə “var olan yerdə görüm, yox olasan” deməkdən özümü saxlaya bilmirəm.

*********

Ərhun Saday

“Salam dar ağacı!” adlı məqaləsindən

Bazar günü ANS-in və Türkmən TV-nin efirindən yayımlanan birbaşa translyasiya zamanı öz qulaqlarımla eşitdim ki, Kərkük Məclisinin sədri bəyan etdi ki, onlar bütün türk dövlətlərindən və Azərbaycan hökumətindən maddi- mənəvi- siyasi dəstək istəyirlər.

*********

Eynullq Fətullayev

“Həbsdən öncə” adlı məqalədən (Gündəlik Azərbaycan Qəzeti)

Bu yazı Eynulla Fətullayevin «Realnıy Azerbaydjan» qəzetinin ən son saylarının birində dərc edilib. Baş redaktor barədə qondarma ittihamlarla 2 il 6 ay müddətinə cəza kəsilməsinin və Bayıl həbsxanasına salınmasının kökündə də «xocalıların şərəf və ləyaqətinin təhqir edilməsi» deyil, məhz bu cür yazılar durur. Oxuyun və yəqin edin…

*********

Şahvələd Çobanoğlu

“Eynulla Fətullayevi İlham Əliyev həbs etdirdi” adlı məqaləsindən (Gündəlik Azərbaycan Qəzeti)

İlham Əliyev prezident olduğu gündən indiyəcən vədlər verməkdədir. Yalnız vədlər. Hər bir vətəndaşın prezidenti olmağa söz verən Əliyev hələ yalnız korrupsioner nazirlərin və oğru məmurların, çaladzelərin prezidentidir. İş yerlərinin açılması yalandır. Heydər Əliyev parklarının yeni işçiləri ilə ölkə əhalisinin əmək məşğulluğunu təmin etmək absurddur.

*********

Üzeyir Cəfərov

“Yoldaş general, ordunu çapıb-talamağa hazıram” adlı məqaləsindən (Gündəlik Azərbaycan Qəzeti)

Ölkədə sayı-hesabı bilinməyən xeyli qəzet çıxır. Lakin elələri də var ki, onlar ayda-ildə bir neçə dəfə gözə görünür. Məqsədləri də ordan-burdan 5-10 manat qoparıb millətə vətənpərvərlik və vətəndaşlıq dərsi keçməkdir. Bu kateqoriyadan olan bir neçə qəzet də özlərinə qəşəng bir «otlaq» tapıb. İş-gücləri də ondan ibarətdir ki, Müdafiə Nazirliyi (MN), digər güc strukturları ilə bağlı çoxtirajlı gündəlik qəzetlərdə dərc olunmuş əsaslı, faktlı-sübutlu xəbərlərə öz aləmlərində «cavab» versinlər.

*********

Zamin Hacı

“Azad sözə layiq” adlı məqaləsindən (Yeni Müsavat Qəzeti)

Eynulla Fətullayev “Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetlərini təsis edən gündən bəri həmin mətbu orqanlarının dəyişməz atributu olub. Həmin atribut unudulmaz həmkarımız, Azərbaycandakı çirkin sistemlə döyüşdə qəhrəmancasına həlak olmuş “Monitor” jurnalının yaradıcısı Elmar Hüseynovun çərçivəyə salınmış portretidi. Kimin çəkdiyini bilmədiyim o unikal fotoda Elmar bəy bir əli ilə başını tutub, önündəki vərəqdə nəsə yazır, üzü az qala dumanlı şəkildə görünür.

*********

Azər Ayxan

“Qandallı Demokratiya” adlı məqaləsindən (Yeni Müsavat Qəzeti)

Eynullanı axır ki, həbs etdilər. Neçə ay idi bu işin hazırlığı gedirdi. Hətta arada rəhbərlik etdiyi qəzetləri və internet portallarını da bağladılar. Axırda da özünü tutub saldılar içəri.

*********

Əli Çərkəzoğlu

“14 il dəmir relslər üstündə” adlı məqaləsindən (Zaman Qəzeti)

Elə düşünməyin ki, kiminsə dəmir relslər üstündə dünya səyahətindən bəhs etmək fikrindəyik. Əslində heç dünya ilə işimiz də yoxdur. Yenə öz dərdimizi çözələyirik. İki gün əvvəl İmişli rayonunda vaqonlarda yaşayan məcburi köçkünlərə baş çəkməyə getmişdik. Yaxın qohumlarım iki il öncə Biləsuvardakı qəsəbələrə köçdüyü üçün bir qayda olaraq həmişə ora gedirdim və orada camaatımızın vəziyyətinin o qədər də pis olmadığını görüb
xeyli rahatlanırdım.

*********

Səməd Məlikzadə

“Biabırçılıq küçəsi”nin xoş günləri” adlı məqaləsindən (Zaman Qəzeti)

Son həftələrdə Yeni Yasamala yolu düşməyənlər paytaxtımızın bu yeni və havası təmiz yaşayış kompleksinə üz tutmuş olsalar, sevindirici yeniliklərin şahidi ola bilərlər. “Ət bazarı” kimi tanınan küçənin görkəmi qısa müddətdə, demək olar ki, başdan-başa dəyişib. İllərlə çirkab və üfunət mənbəyi olan həmin ünvanda abadlıq işləri davam etdirilir. Özü də bu işlər yalnız küçənin “bazar” hissəsini deyil, hər tərəfini əhatə edir.

*********

Ceyhun Musaoğlu

“Hamımız işverənik” adlı məqaləsindən (Alma Qəzeti)

Bir dəfə məhləmizdə polislərə işverənlik edən birinin marketi yandı. Bu xəbəri eşidən ostumun reaksiyası belə oldu: “Kənddə adam qalmamışdı, yandırmasın. Neyləsin, gördü ki, yandırmağa bir kəs yoxdur, axırda öz marketini yandırdı. Öyrəncəlidi axı…”

 

Posted in Gündəliyim, Mətbuat | Leave a Comment »

Mətbuatdan seçmələr (2)

Posted by gundeliyim on 16 March 2007

Samir SARI

“Konfet verim Şeir də” adlı məqaləsindən (Müsavat Qəzeti)

Desəm, inanmazsınız, Corc Buş da gəncliyində şeir yazırmış. Sadəcə, utanıb çap etdirməyib. Bəlkə hələ indi də yazır. Amma onun son şeirləri güman ki, lirik janrda yox, siyasi pamflet
janrındadır. Elə şeirlərdən birinin məzmununu özlüyümdə belə təsəvvür edirəm:

“Atamın düşməni olmuşdu Səddam,
Axırda mən onu etdirdim edam.
Bir gün bin Ladenə çatacaq növbə,
Qarşımda diz çöküb edəcək tövbə”.

*********

Erkin QƏDİRLİ

“Nekro-iqtisadi artım” adlı şe`rindən (Erkin Qədirlinin Blogu)

Dinamik artır iqtisadiyatımız,
Dünyada gedən prosəslərə rəğmən.
Adam başına düşən gəlirdən
Mənim başıma, bəs, düşmür nədən?

*********

Nihad

“Qoğalın nağılı” adlı məqaləsindən (Azadlıq Qəzeti)

Yəqin bu nağılı hamınız bilirsiniz. Təkrarlamağa ehtiyac yoxdur. Sadəcə, nağılın dövrümüzlə nə dərəcədə əlaqəlı olduğunu göstərmək istəyirəm. Deməli, bir zəhmətkeş ailəsi, yəni nənə ilə baba, əlbir olub bir qoğal YAPırlar. Xəsislik etməyib evlərindəki yağı, unu sərf edirlər bu qoğalın hazırlanmasına. YAPılmış qoğal o qədər yağlanır ki, nənə və babaya kələk gəlir, onları quru yurd üstündə qoyub qaçır.

*********

Əli ƏKBƏR

“Gəncliyin düşmənləri” adlı məqaləsindən (Alma Qəzeti)

Azərbaycanda yaltaqlığa nifrət edən, yaltaqlığa yox deyən gənc nəsil yetişməkdədir.
Hal belə olunca, yaltaqlığın keşiyində dayanan “milli” və “mental” sərkərdələr,
gəncliyə qarşı hücuma keçiblər. Demokratik dövlətimizdə müxtəlif fikirli insanları
boğmaq istəyən gənclik düşməni bu çuşkalar, nə hikmətdirsə, müxalifət qəzetlərində cəmləşiblər.

*********

Əli ÇƏRKƏZOĞLU

“Sonradan ayılmışlar, yelqovan və dağdağan tumu” adlı məqaləsindən (Zaman Qəzeti)

Birdən elə bil boşluğa düşürsən. Canın sıxılır, sağına-soluna baxırsan, ozünə baxırsan, başa düşürsən ki, çox şeyi uduzmusan. Qorxursan ki, sabah uşaqlar yaxandan yapışıb soruşacaqlar ki, onlara nə gün ağlamısan. Əslində sən tək deyilsən. Sənin kimisi yüzlərlədir.

*********

Qvami MƏHƏBBƏTOĞLU

Çox nigaranam (Allah sənə rəhmət eləsin, Mirzə Cəlil) adlı məqaləsindən (Zaman Qəzeti)

Elə bu yazının son nöqtəsini qoyurdum ki, içimdən gələn bir səs məni silkələdi: “Niyə yenə baş-ayaq yazırsan?” Dedim, ay içimdəki, əzizim, unutma ki, mənim aləmimdə başmaq baş qabı, papaq isə “pa” sözündən olub, ayaqla bağlı nəyə isə işarədir. Bəlkə də, mənim baş-ayaq atmağım ayaq qabını başıma, baş qabını isə ayağıma geydiyimdən irəli gəlir?

*********

Seymur BAYCAN

“SMS dilənçiləri” adlı məqaləsindən (Gündəlik Azərbaycan Qəzeti)

Azərbaycan böyük bir mağardır. Yəni el dilində desək, palatka. Həqiqətən də Məhərrəmlik
və Ramazan aylarında camaat üzə düşüb toyları, nişanları təxirə saldıqda Azərbaycana
ölü bir sükut çökür. Niyə? Bu sualın doğmasını şərtləndirən bir çox amillər var. Məsələn,
şadlıq evləri bağlanır. Xeyli müğənni, manıs dəstəsi işsiz qalır. Şadlıq evlərində çalışan
ofisiant, qabyuyan, aşpaz ordusunu da gəlin müğənni ordusunun üstünə. Bundan başqa, toydan çıxanda arvad-uşağını bədxərclik edərək taksiylə evə aparan kişilərin hesabına pul qazanan taksi sürücüləri toyların kökü kəsiləndə salonun işığını yandırıb bekarçılıqdan krossvord həll edirlər.

 

 

 

Posted in Gündəliyim, Mətbuat | Leave a Comment »

Mətbuatdan seçmələr…

Posted by gundeliyim on 9 March 2007

Əli Əkbər
“EŞŞƏYİM YOX, PİŞİYİM ÖLDÜ!” adlı məqaləsindən (Alma Qəzeti)

Sevimli pişiyimi itirdim srağagün. Yaşıl gözlü, uzun tüklü, boz rəngli pişiyimi. Elə mənalı gözlərlə baxardı ki, mənə, sanki pişik yox, professor idi. Dünyanın ən gözəl heyvanı, artıq əbədiyyətə qovuşub.

Zamin Hacı

“TƏZƏK ÜZƏRİNDƏ ORNAMENTLƏR” adlı məqaləsindən (Müsavat Qəzeti)

Delfinlər ağıllı məxluqlardır. Əgər bir gün eşitsəm ki, Ziya Məmmədovun şəxsi fermer təsərrüfatına məxsus delfinin başı xarab olmuşdur, özünü, məsələn, qurbağa sayıb səhərdən axşamacan qur-qur quruldayır – təəccüblənmərəm.

Nabatəli Qulamoğlu

Biz afrikalı deyilik…” adlı məqaləsindən (Azadlıq Qəzeti)

Ilahi, bu susmaq mədəniyyətini kimdən öyrənmişik? Yəni, biz hamımız Novruzəlinin nəvələriyik? Axı o qədər də avam deyilik…

Yox, xalqı təhqir etmək olmaz. Mən də xalqımızın hər hansı bir nümayəndəsinin təhqir olunmasını istəmirəm. Istəmirəm ki, banan Afrikada bitdiyi halda mənim ölkəmi “banan respublikası” adlandırsınlar.

X. QOCA

“Məmurların yazılmamış qanunları” adlı məqaləsindən (525-ci Qəzet)

Əl çalmaq da bir mədəniyyətdir. Gərək harada, kimə, necə əl çalmağı da biləsən. Əl çalmaq üçün “özünü öldürənlər” daha çox pis əməllərlə məşğul olanlardır! Ümumiyyətlə, mən həmişə demişəm, yazmışam və belə düşünürəm ki, yaltaqlar böyük xəyanətkar olurlar.

Qvami Məhəbbətoğlu
Bax, buna inanıram” adlı məqaləsindən (Zaman Qəzeti)

İndi bütün rayonlarda ötən ilin nəticələri ilə bağlı şıdırğı hesabat yığıncaqları keçirilir.
Bu günlərdə onlardan birinin iştirakçısı olmaq mənə də nəsib oldu. Bu mənada özümü respublikamızın ən bəxtəvər adamlarından biri hesab etməməyə haqqım yoxdur. Bunu etiraf etməsəm, mənə gülərlər…

Əziz Mustafa

Çanaq yenə də bızım başımızda çatlayacaq? adlı məqaləsindən (Zaman Qəzeti)

Bilmirəm, dünyada bizdən çox döyülən, söyülən, əzilən ikinci bir millət var, ya yox? Hər halda “Tarixi-Nadiri” oxuyanda, keçmişdə başımıza gətirilənləri saf-çürük edəndə bizə bənzəyən hansısa xalqın, hansısa millətin ola biləcəyinə inana bilmirəm…

Famil Cəfərli

“Şahbikə qarının 8 mart sualı” adlı məqaləsindən (Gündəlik Azərbaycan Qəzeti)

Düzdü, bəzi ağzıgöyçəklər də var, dilləri dinc durmur, deyirlər ki, adamların sayından artıq açılan yeni iş yerləri bekarçılıqdan və ÜDM-in bolluğundan yeyib-içib savaşırlar, ortada ölüm-itim çox olur. O da ola bilər ki, həmin iş yerləri açılanda ikicanlı olur, sonradan doğub-törəyirlər, ona görə də dəqiq haqq-hesab aparmaq qəlizləşir.

Posted in Gündəliyim, Mətbuat | 1 Comment »

 
Follow

Get every new post delivered to your Inbox.