Gündəliyim®

Gündəliyin Nəbzini Tut

Archive for the ‘Bəxtiyar Vahabzadə’ Category

Güman Qalıb Allaha

Posted by gundeliyim on 20 July 2007

Bəxtiyar Vahabzadə

Talan olmuş bir zaman ürəklərdə bəslənən,
Ümid ilə süslənən
O arzular, o kamlar.
Körpülərin üstündən indi sel sular keçir,
Altındansa, adamlar.

İndi yalan and olub
Hər şey tərs-avand olub.
Yayın oğlan çağında
Buludlar yaman dolub.

Hamı düz yoldan qaçıb, əyri yola işləyir
Saatın əqrəbləri soldan sağa işləmir,
Sağdan sola işləyir.
Bu qaranlıq gecənin hələ sonu görünmür
Səhər dönür axşama, gecə səhərə dönmür.
Gündüzləri alışıb, gecələri sönmüşük
Biz ağılla hiss edib, ürəklə düşünmüşük.
Özümüzə qayıdır atdığımız oxumuz
“Toxam” – deyir acımız, “acam” – deyir toxumuz.
Alçalmağı heç kəsin toxunmur vüqarına
Qol götürüb oynayır bu millət ac qarına.
Bir-birinə uyuşmur sozümüzlə içimiz
Toyda ağı söyləyib, yasda gülüsürük biz.
“Xoşbəxtəm” deyənlərə dilənçi qaçqınımız
Çadırından hay verir.
Ona bu “xoşbəxtliyi” bəxş eləyən kəslərə
Öz ömründən pay verir.
Nə gerimiz bəllidir, nə irəlimiz bizim
Əlirnizin yerinə işləyir səhər, axşam
Yalnız dilimiz bizim.
Nə arxada, nə öndə məlum bir yerimiz yox
Hara getdiyimizdən vallah, xəbərimiz yox.

Biz bir şeyi bilmədik:
Hər əsrin öz damarı, hər günün öz rüzgarı!
Bu günün qıfılına düşə bilməz, dünənin
Pas bağlamış açarı.
Ürək qalıb o tayda, güman qalıb bu tayda
Bir işıq istəyirik iynənin ucu boyda.
Ümidə də güman yox, ümid gümandan baha
Üzlər göyə tikilmiş, güman qalıb Allaha.

1 iyul, 1998

Posted in Bəxtiyar Vahabzadə, Lirika, Şe'r | Leave a Comment »

Əsarət-Azadlıq

Posted by gundeliyim on 20 June 2007

Bəxtiyar Vahabzadə

Əsarət odunda bişdi nəslimiz,
Azadlıq eşqinə yandıq, yaxıldıq.
Çatıb azadlığa, bu məbəddə biz,
Şükür namazını qıbləsiz qıldıq.

İndi biz azadıq, bizi bir zaman,
Şeytandan qoruyan abır-həyadan.
Azadıq düşmənə qəzəbdən, kindən,
Millət hədəf olub öz nifrətinə.
Qurtarıb özgənin əsarətindən
Düşdük özümüzün əsarətinə.

Azadlıq rəhmdən, insafdan da biz,
Millətin haqqıya üzbəüz olduq.
Ana yurdumuzun qansız, rəhmsiz,
Qəddar talançısı özümüz olduq.

Yoxdur əvəzimiz yalançılıqda,
Bu ona şər atır, o, buna böhtan.
Yurdu dağıtmaqda, talançılıqda,
Azadlıq qorxudan, Allah xofundan.

İndi azadlığım mənə qənimdir,
Bu gizli oyundan baş açmır fələk.
Məni kor quyudan çıxaran kəndir,
İndi boğazıma keçib halqa tək…

17 avqust, 1996.

Posted in Bəxtiyar Vahabzadə, Lirika, Şe'r | 1 Comment »

Nağıl Həyat

Posted by gundeliyim on 4 June 2007

Ustad Bəxtiyar Vahabzadənin ifasında mükəmməl şer

Posted in Bəxtiyar Vahabzadə, Video, Şe'r | Leave a Comment »

Özüm Olmalıyam

Posted by gundeliyim on 6 May 2007

Bəxtiyar Vahabzadə

Özünü dərk elə, özünü anla,
Gah ona, gah buna baş əydin yetər.
Özgəyə bu qədər yalvarmağınla,
Özünə düşmənsən özgədən betər.

Bizim özlüyümüz getdi büsbütün,
Hanı bəs kişilik, hanı bəs qürur?
Dünyaya hökm edən qoca ŞƏRQ bu gün,
Qərbin çubuğuyla oturub-durur.

Yada əyilməkdən vallah, yorulduq,
Bezmədik özgəni yamsılamaqdan.
İtdi mənliyimiz taninmaz olduq,
Təmiz qanımıza qan calamaqdan.
Tanımaq istəmir bu dünya Bizi,
Təqlidə boğdurduq mənliyimizi.

Tanınmaq istərəm mən öz səsimlə,
Bəsdir yaşadığın bir məhkum kimi,
Dünyanın gözünə yaxşı, pisimlə,
Görünmək istərəm olduğum kimi.

Nəyəmsə, mən oyam, qarayam, ya ağ,
Niyə özgəsinə küsənməliyəm?
Özüm olmalıyam, mən özüm ancaq,
Özüm deyiləmsə, demək heç nəyəm!

Posted in Bəxtiyar Vahabzadə, Lirika, Şe'r | 1 Comment »