Gündəliyim®

Gündəliyin Nəbzini Tut

Archive for August, 2007

Lisenziyasız bina

Posted by gundeliyim on 31 August 2007

karikaturabina.jpg

 

 

Posted in Gündəliyim, Karikatura | 2 Comments »

Prezidentin məsuliyyəti

Posted by gundeliyim on 30 August 2007

Bina uçqunu və Prezident üstündən şübhələrin qalxması üçün nə etməlidir?..

 

Posted in Ilqar Məmmədov, Video | 2 Comments »

Başlıqsız…

Posted by gundeliyim on 30 August 2007

Qasım Dayı

Əvvəlcə ölkə bahalaşdı, xalq əvvəlkindən daha çox soyulmağa başlandı…

Xalq da nə etdiyini bilmir, başını itirib.. Azərbaycandakı vəziyyət çox acınacaqlıdı; ağlamalıdı…

O gün bina aşdı Azərbaycanda; Başa düşmürəm niyə o daş yaşlı ağsaqqalın başına düşür, o daşın düşməsinə səbəb olan qarınqulu, bivec  pəzəvəngin  başına düşmür…

Eybi yoxdu, o gündə gələcək birinin yox hamısının başına yekə daş düşəcək; xalq daşı – altından çıxa belə bilməyəcəklər…

Bu xalqı kölə etmək istəyənlər var, ancaq əməlləri qursaqlarında qalacaq…

Bir ölkədə nə qədər kukla, təlxək olar ilahi… Şəxsiyyətini itirmiş, insanlığı getmiş, qazisindən rüşvət istəyən, xalqının boynuna kəndir keçirən bu məxluqatlar bu xalqdanmı törədi?…

Son bir həftədir Azərbaycanda o qədər eybəcərliklərin şahidi oluram ki, mütləq zəhərimi tökməliyəm; ilan olub sancmaq lazımdı bu peysər filləri, atəş olub yandırmaq lazımdı bu taxta qurularını, aslan olub parçalamaq lazımdı bu çaqqalları, sözümüzlə edam etməliyik, qələmimizlə kəsməliyik bu laqeyd başları..

 

Posted in Qasım Dayı, Yazar | 2 Comments »

Biri də çökdü…

Posted by gundeliyim on 29 August 2007

Bu necə inkişafdırkı, dala gedirik, baş aldatmaqla məşğuluq…

Yeni tikilən körpülər damladır, yeni tikilən binalar aşır… Beləliklə də ölkə inkişaf edir?!..

 

Posted in Video | Leave a Comment »

Din haqqında prinsipcə (2)

Posted by gundeliyim on 29 August 2007

Ay Məsihi

Məncə biryönlülük İsəvilik bir tərəfə dursun, İslamın özündə belə son illərdə dərinləşən fikir-ideya çarpışmalarını, müxtəlifliyini, islamı çağdaşlaşdırmağa, onu islah etməyə çalışan aydınların düşüncə və yazılarıyla tam tanış olmamaqdan, Sovet dövründə din haqqında quraşdırılmış və artıq çoxlarının tarix arxivinə atdığı nəzəriyyələrdən başqa bir çox yanaşmaları yetərincə öyrənməməkdən qaynaqlanır.

Bununla belə – mən ümid edirəm – dini şaqqalayan gənclərimiz İrşad Mancinin, Müqtədar Xanın, Seyid Hüseyn Nəsrin və s. yazılarına hər halda baxmamış olmazlar. Akademik dünyada tanınan (həm də Qərbdə), islamı tənqid edən müsəlman feministlərdən Leyla Əhmədin, Naval Al Sadavinin, Fatima Mernissinin, Əminə Vadudun yazılarını bir çoxlarınız yəqin ki, oxuduqdan sonra belə sərt tənqid edirsiniz (yoxsa səhv edirəm?). Talal Asadın sekularizm antropologiyasına həsr edilmiş yazılarından, bir çoxlarının təkrarladığı “Allah ölüb” mülahizəsinə Qərb dünyasında verilən teoloji reaksiyadan xəbərdar olarsınız belə gurultuyu yazılar yazmaq üçün. Ancaq niyə işinizi bunlarla bitmiş hesab edirsiniz?

Məsələn, mənə maraqlıdır bilim Azadlıq Teologiyasından, liberal teologiyadan yazılarınıza nə gətirirsiniz? Yoxsa bunları oxumamısınız və heç ehtiyac da görmürsünüz?  Niyə də bilməyəsiniz? Dini yalnız bir mövqedən daha yaxşı, daha ətraflı izah edəcəyinizimi düşünürsünüz? Kimsə sizə dini tənqid etməyin, din haqqında bir mövqedə durub danışmayın demir. Din gəlişsə, məhz bu cür tənqidlərin hesabına gəlişəcək. Bununla belə, məncə hər hansı bir tənqidin-mövqenin dəyəri o mövqedən danışan, yazan adamın radikallığı, od-alov püskürməsi ilə deyil, məhz qarşı tərəfin də mövqeyini, fikirlərini, şərh ənənəsini, daxili diskursunu nə dərəcədə bilməsi və bu bilgiylə necə davranması ilə ölçülür. Siz İslam Kəlamını və Fiqhini, Xristian teologiyasını və müasir bibliyaşünaslığı, İudaizmin Midraş ənənəsini və Kabbalistikanı, Buddizmi, Hinduizmi, Sintoizmi, Daosizmi, Falun Dafa hərəkatını, bu ənənələrin arxasındakı tarixi və çağdaş gəlişmələri yəni elə gözəl bilirsiniz ki, belə yuxarıdan-aşağı, sanki bütün həqiqəti sizə veriblərmiş kimi dinlə rəftar edirsiniz?

Belə yuxarıdan aşağı, təkəbbürlü üslubda yazmaq üçün (hərçənd bilginizin çoxluğu heç bir şeyə qarşı təkəbbürlü olmağa əsas vermir) sekularizmin, liberalizmin, solçuluğun, sağçılığın, postmodernizmin və s. bu kimi düşüncə-dəyər sistemlərinin ciddi tənqidini (ki o ciddi tənqidlərə artıq cavablarınız var yəqin), düşünürəm ki, yaxşı bilirsiniz. Lakin, deyək ki İsəvilikdəki, musəvilikdəki teoloji sistemləri, dini intellektualların din, sekulyarizm, dünyəvilik, Yaradan, həqiqət, dinlərarası dialoq mövzusunda yazdıqlarını bilib-bilmədiyinizdən əmin deyiləm. Hamınız D. Bonhofferi, Şleyermaxeri, K. Bartı, K. Rahneri, L. Sannehi, R. Panikkarı lap elə P. Bergeri –sosioloji modelləri dinlərə tətbiq edən sosioloqu və teoloqu – tanıyırmış, Sosial Müjdə hərəkatından xəbərdarmış, R. Butlmannın bütün xristianlığı silkələyən isəviliyin demifologizasiyasına həsr edilmiş yazılarını oxuyubmuş kimi yazırsınız. Yox əgər, bunlarla dini şaqqalamağınız üçün tanış olmağa lüzum görmürsünüzsə və ya oxuyub bir kənara tullamısınızsa, onda düşünürəm ki, sizə biryönlü desəm məni anlarsınız. Bir mövqedə durub, bir mövqedən yazılmışları oxuyub, bir mövqedən yazırsınız? Çox pakizə! Mənim buna deyəcək sözüm yoxdur.

Özünüz yazıb özünüz də oxuyursunuz və dinin indiyə qədər də tam qurtula bilmədiyi hansı problemləri vardısa (qarşı düşüncəyə dözümsüzlük, ona ad qoyub stereotipləşdirmək, bütün gerçəkliyi sadə dini formulalarda izah etməyə qadir olduğunu iddia etmək, konstruktiv özünütənqid və qarşı tərəfi dinləmək mədəniyyətinin olmaması və s.), sizin də çağdaş çağda o problemləri donuq sovet təfəkküründən miras almanız məni o qədər rahatsız etmir. Lakin dinə və ya hər hansı şəkildə ümumiyyətlə fövqəltəbii varlığa dayandığını iddia edən dəyər sistemlərinə qarşı tənqidləriniz təkəbbür, özündənrazılıq dili, “bu da belə getdi” yazıtərzi ilə bir araya gəldikdə artıq çəkilməz olur. Bir az çoxyönlü olmaqla heç nə itirməzsiniz.

Dini bu şəkildə qurbanlıq qoyun kimi qabağına qatıb, cümləpərdazlıq edən yazıların daha bir ümumi özəlliyi də onların insan davranışlarında təzahür edən və maddiləşən və ya əsas elementi insan olan sistemləri (əgər məsələyə sosioloji baxış bucağından yanaşarsaq) mücərrədləşdirmədə ağını çıxartmağa, onu mühitindən ayırıb, sanki öz-özünə, əlaqəsiz-filansız mövcudmuş kimi onunla rəftar etməyə deyilir. Bizim dindən yazan sekulyar din qəssabları da eynilə bu şəkildə hərəkət edirlər.

Din, sanki müstəqil, kontekstdən, insanlardan, tarixdən, sosial gerçəklikdən təcrid olunmuş bir şeymiş kimi yazırlar. Əlbəttə, sözdə onların hər hansı birinin din və mühit arasında əlaqəni inkar edəcəyini düşünmürəm. Lakin nədənsə yazılarında bunu nəzərə almaları heç cür özünü göstərmir. Bu cür mücərrəd, mühit (kontekst) və din əlaqəsini nəzər almayan və ya nəzərə almaq üçün yer qoymayan yazılar əksərən mexanist, mürəkkəbliyi-bütövlüyü bu və ya digər faktora müncər edəcək qədər sadəlövh olur. Əl-Qəzalidən, C.Əfqanidən misallar verib, Quranı\İncili diskursun daxili şərh ənənəsinə məhəl qoymadan izah edib, İncildən bir – iki məsəl çəkib, Həvari Paulos haqqında İslam müdafiəçilərinin çox çeynənmiş cümlələrini təkrar edib, intellektuallığa iddia etmək özlüyündə pis deyil. Ancaq axı İslam Qəzali ilə, Səudiyyə Ərəbistanıyla, Xristianlıqsa həvarilərlərlə və ya katolikliklə bitmir. Axı nə tez unuduruq ki, bütün dinlərin gündəlik həyatımızda tətbiqi və işləməsi əslində insanla başlayır və insanla bitir və sadəcə bir bu fakta görə, məsələyə sosial-siyasi, tarixi, psixoloji, dindən kənarda qalsa də dinə təsir edən mühit və insan, tarix, yer, mədəniyyət, dövlət, hüquq, ideologiya, təhsil, təbiət və s. faktorlarını nəzərə almadan yanaşmaq esseni, məqaləni ən azından oxucu üçün dəyərdən salır.

İntellektual cavanlıq eləmək pis deyil. Lakin bunu da məncə xatırlamağa dəyər ki, intellektual cavanlıq intellektual beyniqanlı olmaq deməkdir. Mücərrəd, elə bil əbədiyyən dəyişəməyəcək sistemlər kimi dinlə rəftar etmək E. Saidin təsvir edib cikini-bikini aləmə car çəkdiyi və bu gün Qərb şərqşünaslığında heç bir müəllifin ünvanına söylənməsini istəmədiyi orientalist yazıların xüsusiyyətidir ki, təəssüflərlə bu özəllikləri bizim yazarlarda müşahidə edirəm. Qərbin artıq zibil qutusuna tulladıqlarını ordan çıxarıb ölkəyə sırımağın anlamı nədir? Bir az real yazın, göydən enin, yerdə yazın.

(Ardı var)

 

Posted in Ay Məsihi, Din, Yazar | 3 Comments »

AN TV/ Rüşvət

Posted by gundeliyim on 28 August 2007

“MəşədiFilm” Təqdim edir: Nə zamana qədər rüşvətxorluq bizi kirləndirəcək…

RÜŞVƏTXORLARA AR OLSUN!!! 

Posted in AN TV, Video | Leave a Comment »

Ö L Ü R D Ü M …

Posted by gundeliyim on 27 August 2007

hemid.jpgKamil Həmidov

kamilhamidov@gmail.com

Ağrı bütün vücuduma sahib olduqca, damarlarımda axan qanın qaynarlaşdığını duyunca ölürdüm. Siz heç dağlardakı nəhəng qaya parçalarını hiss etmisinizmi? Indi mən məhz həmin daş paçasıydım. Qışqırmaq, ağrılarımı var-gücümlə ətrafdakılara yaymaq, bununla sanki onu özümdən uzaqlaşdırmaq istəyirdim.
- Əkbər!!! Yenə də ağrıların güclənib? Allah, bu nə müsibətdir biz düşmüşük. Axı sənə neyləmişik ?

Ömür-gün yoldaşım Leyla, artıq il yarım idi ki, yorğan-döşəyimin yanından çəkilmir, acılarımı mənimlə başabaş yaşayır, evdən uzaqlaşmağı özünə sığışdırmırdı. Həm də axı gedəcəyi başqa yer də yox idi.

Leylanın əlləri üzümdə idi. Qışqıra bilmədiyimdən əzablarım sifətimdə yeni-yeni qırışlar açmaqla əks olunurdu. Leyla, qırışlarla mübarizə aparır, ucuz İran sabunları ilə paltar yumaqdan zərifliyini itirmiş kobud barmaqlarıyla qırışları bir-bir üzümdən ayırır, onu hamarlaşdırmağa çalışırdı. Sonra isə zorla, zorla dodaqlarımın qutaracaqlarını yuxarı çəkir, qulaqlarıma – “Sən həmişə güləməlisən, həyatı sevməlisən, ondan doymamalısan” pıçıldayırdı.

“Yadındamı həyatımızın hər dəqiqəsi? Əzabla əldə etdiklərimiz? Oğlumuzun dünyaya gəldiyi gün yadındamı? Necə sevinirdin?! Nazık divarlar arxasından sənin muğamatını eşidən qonşular həmin dəqiqə oğlumuz olduğunu bilmişdilər: “Bəxtəvər başına, yəqin oğlu olub da” (bu beş qız yiyəsi qapıbir qonşunun bəxtəvərnaməsi idi). Sən indi bütün bunlardan necə asanlıqla imtina edə bilərsən?”

Qəfildən Leyla ayağa durdu. Təşvişə düşdüm. Yanımdan aralanmasından möhkəm qorxdum. O, qapıdan çıxdı. Offfffffffffffffffff …. Ağrılar yenə şiddətlənməyə başladı.

30 saniyəlik tənhalıq bir qərinəyə bərabər göründü. Birdən kimisə başım üstündə hiss etdim. Leyla guclə göz qapaqlarımı açır, öz duzlu göz yaşları ilə dodaqlarımı isladırdı. O, yenə də qırışlarımı dartırdı. “Bax gör, indi sənə nə göstərəcəm! Və inanacaqsan ki, mənim Əkbərimə heç nə olmayıb! Eşidirsiz, ay camaat, mənim Əkbərimə heç nə olmayıb!!!” – Artıq Leyla da özünü itirmişdi. Sevinc gözləyən parıltılı gözlərini məni dikmişdi. 0, arxasından, gizlətdiyi güzgünü çıxartdı, zorla barmaqları ilə sifətimdə kremsiz qrim əməliyyatı apardı. Sanki rejissorun tapşırığını yerinə yetirməliydi. Bu gün səhnəyə həmişəyaşar, cavan, çöhrəsində gülüş gəzdirən aktyor hazırlamalıydı. Çox qəribədir, həyat teatra, biz insanlar isə aktyorlara necə də oxşayırıq. Hər ikimiz rol icra edirik. Gülməliydi. Amma mən nə qədər çalışsam da gülə bilmirdim. Əksinə qışqırmaq, bağırmaq, bununla sanki əzabları özümdən kənara tullamaq istəyirdim. Bədənimin ağırlaşdığını, hüceyrələrimdəki qanın qaynadığını bütün varlığımla yenə hiss edirdim.

“Nə, Əkbər, nə demək istəyirsən, nə pıçıldayırsan?” – Leyla bütün diqqətini, qulalarını mənə yönəltdi.

Mənsə heç vaxt dilin, dodağın tonlarla ağırlığa bərabər olduğunu bilməzdim. “ Qoyma məni o oğraşın yanında basdırsınlar!”- Axır ki, deyə bildim. Bu sözləri deyə bildiyimə sevinmək istədim. Amma sevinə bilmədim. Leyla da mənimlə bərabər 20 il əvvəlki o dəhşətli gecəyə qayıtdı.

İşdən yorğun evə qayıtmışdım. Ev deyəndə ki, nə ev… Ata-anam lütün biriydilər. Toyumu böyük ögey qardaşım etdiyindən valideynlərim məni öz evlərinə buraxmadılar. Biz də həyətin küncündəki əvvəllər tövlə olan daxmaya yığışmağa məcbur olduq. Yaxşı ki, həyatda yaxşı dostlar var. Onların köməyi insanı sınmaqdan, ümidsizlikdən saxlayır. İdarədəki şöbə müdirim həyətdə təzə ev tikməyə mənə söz vermişdi: “Əkbər, narahat olma, burda sənə elə bir ev tikək ki, iki göz istəsin baxmağa”.

Nə isə.. Həmin gecə evə qayıdanda dəhşətli səslər eşitdim.

- “Rədd ol, Çıx burdan. Əkbər, hardasan?! Arif, məni bu ocağa düçar etdiyin yerdə görüm lənətə gələsən.”

- “Qancıq, tat qızı, gözəl bədənin var ha! Oğlum ağzının dadını bilir. Qancıq!”

İlahi, bu nədir, atamın başı xarab olub? Bu nə müsibətdir?

Hikkəylə qapını açmaq istəsəm də alınmadı. Təpiklə onu yerindən çıxartdım. Mənim Leylamın əynində yalnız alt paltarı var idi. İnana bilməzdim: Atam qarşımda sarsılmış, çürümüş budaq kimi durmuşdu.

Axı bu necə ola bilərdi? Hətta birinci sinifdən ata-ananın həyatda ən müqəddəs varlıq olduqlarını eşitmişdim: “Uşaqlar üçün ən yaxın insanlar ata-anadır. Daima övladlarını pis nəzərdən qoruyar, yaxşı günlərini görmək istiyərlər.” – 5-ci sinifdəki müəlliməmə – Cəmilə müəlliməyə nifrət etməyə başladım, yalan danışdığı üçün, uşaqlığımdan istifadə edərək məni aldatdığı üçün…

- Oğraş, çıx bayıraaaaaaaaaaaa! – Mən sonuncu iniltilərimi edirdim.

“Əkbər, nə oldu sənə? Qurban olum, gözlərini yumma. Sənsiz necə yaşayacam, sənsiz 3 uşağı necə böyüdəcəm. Axı onlar indi-indi böyüməyə başlayıblar. Hələ indi tələbə olublar, sənin ölməyə haqqın yoxdur! Eşidirsən məni?! Haqqın yoxdur !” – Leylanın qaynar dodaqları dodaqlarıma yapışdı.

“Leyla, mən səni sevirəm!” – bu sözlərdən sonra gözlərim yumuldu.

Artıq ağır deyildim. Heç isti də deyildim, nə bədənimi, nə də onun qaynarlığını hiss etmirdim. Qəribəydi, tamamilə heç nə hiss etmirdim. Azad idim, indi daşınılması mənə mümkünsüz görünən yükdən azad idim. Qurtulduum ! – deyərək qışqırmaq istədim. Amma alınmadı, çünki artıq ölmüşdüm ….

Bakı şəhəri,

26 avqust 2007-ci il

 

Posted in Kamil Həmidov, Yazar | 8 Comments »

AN TV/ Xalq-Talk 2 (Quba)

Posted by gundeliyim on 26 August 2007

Milliyətçilik yoxsa Liberalizm… Qısaca Azərbaycan cəmiyyəti üçün nə lazımdı…

Posted in AN TV, Emin Milli, Video | Leave a Comment »

Fikir şəraiti tikir!

Posted by gundeliyim on 25 August 2007

Erkin Qədirli

Fikir etdim. Sinirləndim.
Nəmə lazım? Əsəbləşdim.
Dedim: “Gərək olsun o “it” ,
Zati-aliləri – ŞƏRAIT!”

Sözün ilk hecası ‘şər’ olması
Məni yaman düşündürdü.
Amma dayan! Nəcə olur?
Fikir şəraitdən doğur?

Bəs şərait haqda fikir,
Mənə, onda, hardan gəlir?
Şəraitin də var şərti?
Şərtin də öz şəraiti?

Belə də iş olar? Bəsti!!!
Atıram daş mən o itə,
Hansı ki, şər atır mənə,
Deyir ki, guya mən onsuz,

Fikir doğa bilmərəm. Mən sonsuz???
Şəraitin şər olması mənə məlumdur.
Düşüncənin ondan nə faydası? Fikir məzlumdur?
Yox, mən düşünmürəm belə.

Şəraiti “belə-belə” edirəm hər düşüncəmlə.
Belkə mənim şəraitim düşüncəmin törəməsidir?
Hə-ə, deyəsən düz tapdım. Tapdığımın bünövrəsi -
Düşüncəmin istəməsidir!

Istəsə düşərəm, istəsə qalxaram.
Istəsə aşaram, istəsə çaşaram.
Səhv etməsəm özüm, bilərəm.
Etsəm – üzr dilərəm.

Vacib olan istəməyimdir!
Istək özü bir əməyimdir.
Elə bilirsiniz istək asandır?
Istə görüm! Seçim kalandır:

Sağa-sola, ora-bura,
Ona-buna, gorbagora.
Hərə çəkir bir tərəfə.
Tərəf də, sanki mərəfə.
Elə ki, bürüdü, olursan “xənifə”.

Düşünün, ey soydaşlarım!
Daşı soyan sirdaşlarım.
Sirri daşan yoldaşlarım.
Yoldan çaşan qaqaşlarım.
Bacılarım, qardaşlarım!
Şəraitdən əvvəl – FIKIR’dir!
Fikir şəraiti tikir!

 

Posted in Erkin Qədirli, Lirika, Şe'r | 2 Comments »

AN TV/ Xalq-Talk (Quba)

Posted by gundeliyim on 24 August 2007

anfmbanner.gif

Cəmiyyəti necə dəyişə bilərik? Kim Cəmiyyətin dəyişməsində daha çox rol oynaya bilər – fərd və ya toplum?

Posted in AN TV, Video | Leave a Comment »