1980-ci illər. Alim Qasımovun gəncliyi, bir az da nostalji…
Archive for May, 2007
Muğam gecə klubunda
Posted by gundeliyim on 31 May 2007
Posted in Klip, Mahnı, Video | Leave a Comment »
Məhəmməd Əmin Rəsulzadə
Posted by gundeliyim on 30 May 2007
Azərbaycan Xalq Cümhuriyyətinin Banisi, İdeoloqu, Milli Şurasının sədri
Məhəmməd Əmin Rəsulzadə
(1884 Bakı - 1955 Ankara)
Azərbaycan milli istiqlal hərəkatının və təkcə türk ellərində deyil, bütün islam aləmində ilk respublika üsul-idarəsi olan Azərbaybaycan Demokratik Respublikasının təməl daşını quran, sonralar ömür yolu, həyatı zəngin və keşməkeşli hadisələrlə dolu bir dastana çevrilən, xalqımızın ölümsüz lideri Məhəmməd Əmin Axund Hacı Molla Ələkbər oğlu Rəsulzadə 1884-cü il yanvarın 31-də Bakının Novxanı kəndində anadan olmuşdur. Atası din xadimi olsa da, həyata açıq gözlə baxmış, məktəb yaşına çatmış oğlunu şəriət dərslərini yox, dünyəvi elmləri öyrənməyə yönəltmişdir. Onun, oğlunu məşhur pedaqoq S.M.Qənizadənın (1846-1942) müdir olduğu ikinci “Rus-müsəlman” məktəbinə qoyması gələcək mütəfəkkirin taleyində böyük rol oynamışdır. Buranı bitirdikdən sonra M.Ə.Rəsulzadə öz təhsilini Bakı texniki məktəbində, rus dilində davam etdirmişdir. Onun inqilabi fəaliyyətinin ilk illəri də məhz bu dövrə təsadüf edir. 1902-ci ildə on yeddi yaşında olan M.Ə.Rəsulzadə “Müsəlman gənclik təşkilatını yaratmışdır (“Azərbaycan türk kultur dərgisi”, Ankara No269, 1989-cu il, səh.49). Bu XX əsrdə Azərbaycanda rus müstəmləkə üsul-idarəsinə qarşı gizli mübarizə aparan ilk siyasi təşkilat idi.
Bir az sonra “Müsəlman demokratik “Müsavat” cəmiyyəti” adı ilə gizli fəaliyyət göstərən bu təşkilatın bir qolu da İranda qurulmuş və burada başlanmış məşrutə inqilabına istiqamət verici rəhbər qüvvəyə çevrilmişdir. M.Ə.Rəsulzadə ədəbi yaradıcılığa da bu illərdə başlamış, “Müxəmməs” adlı ilk “Şərqi Rus” qəzetində (1903-cü il No20) çap olunmuşdur. 1904-cü ilin axırlarında “Müsəlman demokratik “Müsavat” cəmiyyəti”nin əsasında RSDFP-nin Bakı komitəsinin nəzdində “Müsəlman sosial-demokrat “Hümmət” təşkilatı” yaradılmışdır. Bu təşkilatın baniləri Mir Həsən Mövsümov (1882-1907), Məmməd Həsən Hacınski (1875-1931) və Məhəmməd Əmin Rəsulzadə olmuşlar. (“Бакински рабочи” qəzeti, No60, 18 mart, 1923-cü il). M.Əzizbəyov, N.Nərimanov, S.M.Əfəndiyev və başqa görkəmli inqilabçılar da 1905-ci ildən bu təşkilatın üzvü idilər. Təşkilatın “Hümmət” adlı qəzeti də nəşr edilmiş, (1904-1905-ci illər, cami 6 nömrə), qəzetin əsas naşirlərindən biri də M.Ə.Rəsulzadə olmuşdur. Lakin hələlik onun bir nömrəsi də tapılmamışdır.
Bundan sonra qəzet öz nəşrini dayandırır, 1906-cı ilin dekabrından “Təkamül” adı ilə çıxır. Həmin illərdə Bakı neft mədənlərində və Azərbaycanın qəzalarına ana dilində inqilabi qəzet və intibahnamələrin göndərilməsi bilavasitə M.Ə.Rəsulzadənin adı ilə bağlıdır. 1907-ci il sentyabrın 29-da inqilabçı fəhlə Xanlar Səfərəliyevin Bibi-Heybətdə dəfn günü, onun qəbri üstündə keçirilən böyük yığıncaqda P.Caparidze, S.M.Əfəndiyev, İ.V.Stalin ilə birlikdə M.Ə.Rəsulzadə də alovlu nitq söyləmişdir. Onu da qeyd etmək lazımdır ki, M.Ə.Rəsulzadə əsrimizin əvvəllərindən başlayaraq 1907-ci ilin axırlarına qədər Bakıda inqilabi fəaliyyət göstərən İ.Stalinlə çox səmimi və yaxın dost olmuşdur. Hələ 1905-ci ildə Balaxanı neft mədənlərində varlılar Stalini, fəhlələri tətilə dəvət etdiyi üçün, neft quyusuna atmaq istəmişlər. Özünü hadisə yerinə çatdıran M.Ə.Rəsulzadə Stalini ölümdən xilas etmişdir. O, Stalinin Bayıl həbsxanasından gizli surətdə qaçırılmasının da təşkilatçısı olmuşdur. 1954-cü ildə, İstanbulda çıxan “Dünya” qəzeti M.Ə.Rəsulzadənin “Stalin ilə inqilab” adlı sil-silə xatirə-məqaləsini çap etdirmişdir. O, həmin yazıda da bu barədə söhbət açır. (“Dünya” qəzeti, 23 may 1954-cü il). M.Ə.Rəsulzadənin həmin dövrdə Əlibəy Hüseynzadənin (1864-1941) redaktor olduğu “Fyuzat”, həmçinin Əhmədbəy Ağayevin (1869-1939) redaktorluğu ilə çıxan “İrşad” və “Tərəqqi” qəzetlərində müxtəlif mövzularda məqalələri və şerləri çap olunmuşdur. Müəyyən müddət o “İrşad” qəzetinin müvəqqəti redaktoru da olmuşdur. 1907-ci ildə çapdan çıxmış gələcəyin böyük bəstəkarı Üzeyir Hacıbəyovun (1885-1948) “Türk-rus və rus-türk lüğəti” kitabının naşiri M.Ə.Rəsulzadə olmuşdur. Yenə də həmin ildə o, A.Blyumun “Fəhlə sinfinə hansı azadlıq lazımdır (Xalq nümayəndəliyi haqqında)” kitabını Azərbaycan dilinə təcümə edib və “Təkamül” qəzeti redaksiyası adından Orucov qardaşlarının mətbəəsində çap etdirmişdir. Həmin dövrlərdə bolşeviklərin Rusiya imperiyasının sərhədlərini saxlamaqla və yalnız sinfi ziddiyyətləri aradan qaldırmaq uğrunda mübarizə apardıqlarını hiss eləyən M.Ə.Rəsulzadə RSDFP-nin sıralarından uzaqlaşdı. O, rus müstəmləkə üsul-idarəsinə qarşı Azərbaycan milli istiqlal hərəkatının təməl daşını qurmağa başladı . 1908-ci il dekabrın 5-də Məmhəməd Əminin “Qaranlıqda işıqlar” pyesi tamaşaya qoyuldu. Pyesin ana xəttini milli oyanış və istiqlal hərəkatının təbliği təşkil edirdi. O, özünün bu əsəri ilə “Azərbaycana muxtariyyət” şüarı fikrini yaymağa başlamış və rus çarizm üsul-idarəsi istibdadını yıxmağa çağırırdı. Onun bu pyesi Azərbaycanda milli-istiqlal hərəkatı ilə tam bağlı olan ilk dram əsəridir. Bu əsərdən başqa M.Ə.Rəsulzadənin həmin ildə yazdığı “Nagəhan bəla” adlı pyesi də vardır. 1908-ci ilin axırında M.Ə.Rəsulzadə çar üsul-idarəsi tərəfindən onun həbs olunması təhlükəsi ilə əlaqədar olaraq Bakını tərk edərək İrana yola düşür. O, İranda şahlıq üsul-idarəsinə qarşı başlanmış məşrutə inqilabının əsas rəhbərlərindən biri olur. M.Ə.Rəsulzadə Təbrizdə xalqımızın milli qəhrəmanı Səttarxanla və onun silahdaşları ilə görüşür. Cənubi Azərbaycanın şəhər və kəndlərini gəzir, öz doğma xalqının acınacaqlı vəziyyətini yaxından müşahidə edir. Bu müşahidələr sonralar M.Ə.Rəsulzadənin ədəbi yaradıcılığında təsirsiz qalmır. Məmməd Əmin Rəsulzadə Avropa təhsili görmüş bir qrup İran ziyalısı (Seyid Həsən Tağızadə, Hüseynqulu xan Nəvvab, Süləyman Mirzə, Seyid Məhəmməd Rza və b.) ilə birlikdə 1910-cu ilin sentyabr ayında İran demokrat partiyasının əsasını qoyur. O, bu pariyanın əsas orqanı olan “İrane Nou” və “İrane Ahat” qəzetlərinin baş redaktoru olur. Həmin qəzetlərdə M.Ə.Rəsulzadənin çoxlu məqalələri, şer və publisist yazıları çap olunmuşdur. O, öz qələmi ilə İranda Avropa tipli jurnalist sənətinin əsasını qoymuşdur. Sonralar Seyid Həsən Tağızadə (1878-1969), M.Ə.Rəsulzadənin xatirəsinə həsr etdiyi nekroloqda yazacaq: “Modern Avropa qəzet formasını ilk dəfə İrana gətirən M.Ə.Rəsulzadə olmuşdur” (“Sühən” jurnalı, Tehran, 1955-ci il, No4). İranda həmin il mürtəce “Etidaliyyun” (“Mötədillər”) pariyası təşkil edildi. Bununla əlaqədar M.Ə.Rəsulzadə Tehranda 1910-cu ildə fars dilində “Tənqidi-firqeyi-etidaliyyun” adlı kitabını çap etdirmişdir. 1911-ci ildə isə Ərdəbildə müəllifin farsca “Səadəti-bəşər” adlı kitabı nəşr olunmuşdur. Çar hökuməti İrandakı inqilabi hərəkatdan qorxuya düşərək onun əsas rəhbərlərindən biri olan M.Ə.Rəsulzadəni ölkədən xaric olunması haqqında şahlıq üsuli-idarəsindən tələb eləyir. M.Ə.Rəsulzadə təqiblərdən yaxa qurtarmaq üçün İstambula müraciət edir. O, Türkiyənin paytaxtında həmyerliləri Əlibəy Hüseynzadə və Əhmədbəy Ağayevlə görüşmüş, Yusifbəy Ağçura oğlu (1876-1935), Ziya Gök Alp (1876-1924) və başqa görkəmli alimlərlə yaxınlıq etmişdir. M.Ə.Rəsulzadə “Gənc türklər” təşkilatına rəğbət bəsləmiş, “Türk ocağı” cəmiyyətində çalışmış və onun əsas orqanı olan, 1911-ci ilin noyabr ayından nəşrə başlayan “Türk yurdu” jurnalının fəal yazanlarından biri olmuşdur. Onun bu jurnalın səhifələrində bir neçə məqaləsi çap olunmuşdur. Bunlardan “İran türkləri” (1911-ci il, No4) məqaləsi xüsusilə maraq doğurur. Həmin məqalədə müəllif türk oxucularına Cənubi Azərbaycanın ümumi coğrafiyası və əhalisi haqqında ətraflı məlumat verir və yazır: “Azərbaycanın Qafqaziyada vaqe Rusiya tabeliyində olan bir qismi də İrəvan, Gəncə və Bakı vilayətləri təşkil ediyor” (səh. 108).
O vaxt Türkiyədə çap olunmuş kitablarda və mətbuatda, həmçinin məşhur türk ensiklopedisti Şəmsəddin Saminin “Qamusi-aləm”inin birinci cildində (İstambul, 1889-cu il, səh.67) “Azərbaycan” məfhumu altında ancaq Araz çayından cənubda yerləşən ərazi nəzərdə tutulurdu. M.Ə.Rəsulzadə, xeyli sonra, 1918- ci il oktyabrın 13-də Bakıda çap olunan “Azərbaycan” qəzetində də bu məsələyə toxunur: “İslam mərkəzi İstambulda Qafqaziya, xüsusən Azərbaycan haqqında məlumatlar çox azdır”. İstambulda olarkən M.Ə.Rəsulzadə görkəmli islam mütəfəkkiri Şeyx Cəmaləddin Əfqaninin (1836-1897) “Vəhdəti cinsiyə fəlsəfəsi”ni (“Milli birlik fəlsəfəsi”ni) farscadan türkcəyə tərcümə edir, öz doğma xalqının məişətindən alınmış “Acı bir həyat” əsərini yazır (bu əsər 1912-ci ildə Bakıda nəşr edilir). 1913-cü ildə Romanovlar sülaləsinin 300 illiyi ilə əlaqədar əfv-ümumidən sonra M.Ə.Rəsulzadə vətənə qayıdır. O, hələ İstambuldan onun göstərişi ilə 1911-ci ilin oktyabrında keçmiş hümmətçilər Tağı Nağıyev, Məhəmməd Əmin Rəsulzadə və Abbasqulu Kazımzadə tərəfindən əsası qoyulan “Müsəlman demokratik “Müsavat” partiyası”na daxil olmuş və tezliklə onun rəhbərinə çevrilmişdir (Məhəmməd Əmin Rəsulzadə. “Müsavat” partiyasının quruluşu , “Azərbaycan”, Ankara, No15(167), 1966-cı il, səh. 12-18). Bu illərdə M.Ə.Rəsulzadə ədəbi-publisistik fəaliyyətini də davam etdirir. “Yeni lisançılar və türkçülər” məqaləsini, Təbriz həyatından bəhs edən “Bir xan” adlı kiçik hekayəsini, “Dil-ictimai bir əməldir” yazısını “Şəlalə” jurnalında çap etdirir. Sonuncu məqalədə o, Azərbaycan dilini göz bəbəyi kimi qorumağı xalqının qarşısında ən mühüm problem kimi qaldırır.
Bundan başqa, o proletar ədibi M.Qorkinin “Ana” əsərindən bir parçanı Azərbaycan dilinə çevirib çap etdirir. Bu tərçümənin o illərdə Azərbaycan ədəbiyyatına müəyyən təsirini də inkar etmək olmaz. 1914-cü il sentyabrın 16-da şair, yazıçı və jurnalist Əlabbas Müznibin (1882-1938) redaktorluğu ilə ayda iki dəfə nəşr edilən ədəbi-ictimai, iqtisadi, tarixi və siyasi jurnal olan “Diriliyin” birinci nömrəsi çapdan çıxdı. M.Ə.Rəsulzadənin “Dirilik nədir?” adlı baş məqaləsi jurnalın ideya istiqamətini müəyyənləşdirirdi və xalqımızı milli oyanışa çağırırdı. O, bu jurnalın səhifəlrində çap etdirdiyi “Milli dirilik” başlığı altındakı baş məqalələrdə “Azərbaycan qayəsi”ni yayırdı. Mirzə Davud Hüseynov 1927-ci ildə Tiflisdə, rus dilində çap olunmuş “Müsavat” partiyası keçmişdə və bu gün” adlı kitabında yazır ki, guya 1917-ci ilə qədər “Rəsulzadə üçün Qafqazın tərkibində Azərbaycanın mövcud olması ideyası yox idi. Azərbaycan adı altında o vaxt ancaq İran Azərbaycanı başa düşülürdü. Əlbəttə, bu yanlış fikirdir. Yuxarıda göstərdiyimiz kimi, M.Ə.Rəsulzadə hələ 1911-ci ildə İstambulda “Türk yurdu” jurnalında çap etdirdiyi “İran türkləri” məqaləsində Azərbaycanın Qafqazın tərkibində olmasını qeyd etmişdir. Bunu da göstərmək lazmıdır ki, hələ M.Ə.Rəsulzadədən qabaq maarifçi ziyalılarımızda azərbaycanlılıq qayəsi rişə halında olsa da, var idi. Ancaq bunu tam şəkildə siyasət meydanına M.Ə.Rəsulzadə gətirdi. M.Ə.Rəsulzadə 1915-ci ilin avqustundan “Açıq söz” qəzetini nəşr edir ki, bu da əslində gizlin fəaliyyət göstərən “Müsavat” partiyasının orqanı idi.
1917-ci ildə fevral burjua inqilabı baş verdi. Silah və zor gücünə kiçik xalqların torpaqlarını işğal edib, dünyanın altıda bir hissəsinə çevrilmiş Böyük Rusiya imperiyası dağılmağa üz qoydu… Əsən azadlıq mehi müstəmləkə halında inləməkdə olan xalqlarda öz müstəqil dövlətlərini yaratmaq arzusu baş qaldırmışdı. Həmin ilin martında açıq fəaliyyətə başlamış “Müsavat” partiyasının orqanı “Açıq söz” qəzeti yazırdı: “Şimdiyə qədər qayəmiz, amalımız məlum olmayan, hüriyyət nədir, təşkilat nədir bilməyən və ümumi millətimizə dəstur olacaq milli və siyasi proqramımız bulunmayan, bulunsa da mindən birimizin belə xəbəri olmayan biz müsəlmanlar müdhiş inqilab tufanları içərisində kompassız ortada qaldığımızdan hara gedib çırpınmağa, hansı tərəfə vurnuxmağı bilməyib, cəmiyyətlərimiz də divanələr dəstəsi kimi boğaz-boğaza gəlmişlər (“Açıq söz” qəzeti”, No431, 1917-ci il). Həmin ildə Gəncədə Nəsibbəy Yusifbəylinin (1881-1920) rəhbərliyi altında “Türk Ədəm Mərkəziyyət (federalist – M.Əliyev) partiyası fəaliyyətə başladı. Partiya öz proqramı ilə xalqı tanış etmək üçün Gəncənin Şah Abbas məscidinin həyətində böyük mitinq keçirdi. Bu mitinq “Yaşasın demokratik respublika”, “Yaşasın Azərbaycan muxtariyyəti”, “Yaşasın Türk Ədəm Mərkəziyyət partiyası” şüarları altında keçirilmişdir (“Baku” qəzeti, No80, 12 aprel, 1917-ci il).
1917-ci ilin aprelində Bakıda Qafqaz müsəlmanlarının qurultayı çağırıldı. Qurultay M.Ə.Rəsulzadənin təklifi ilə Rusiyanı federativ şəkildə təşkil etmək haqqında qərar çıxardı. Bu qurulutayda “Azərbaycan qayəsi” məsələsi yenidən ortalığa atıldı. Həmin ilin mayında maarifpərvər Azərbaycan varlılarından Şəmsi Əsədullayevin (1840-1913) Moskva müsəlman xeyriyyə cəmiyyətinə bağışladığı əzəmətli binada Rusiya müsəlmanlarının qurultayı açıldı. M.Ə.Rəsulzadə Rusiyanı federativ şəkildə qurmaq haqqında məruzə ilə çıxış etdi. Qurultay səs çoxluğu ilə M.Ə.Rəsulzadənin “Türk-tatarlığı, Türküstan, Qazaxıstan, Başqırdıstan və Azərbaycan-Dağıstan kimi bir neçə muxtariyyətlərdən ibarət olacaq gələcək Rusiyanı federativ şəkildə qurmaq” barəsində təklifini qəbul etdi. O, həmin dövrdə özünün “Cəmaət idarəsi” və “Bizə hansı hökümət faydalıdır?” kitablarını çap etdirmişdir. M.Ə.Rəsulzadənin Moskva müsəlman qurulutayında etdiyi məruzə Əhməd Salikovun çıxışı ilə birlikdə “Şəkli idarə haqqında iki baxış” adı altında həmin dövrdə çap olunmuşdur. Həmin ayda M.Ə.Rəsulzadənin redaktorluğu ilə “Qardaş köməyi” jurnalı çap olundu. Jurnalın təəssüf ki, bircə nömrəsi çıxdı. 1917-ci il iyunun ikinci yarısında “Müsəlman demokratik “Müsavat” partiyası” ilə “Türk Ədəm Mərkəziyyət partiyası” birləşib, “Türk Ədəm Mərkəziyyət partiyası “Müsavat” adı altında çıxış etməyə başladı (“Açıq söz” qəzeti, No501, 18 iyun, 1917-ci il). Onun şöbələri nəinki Azərbaycanın bütün qəzalarında və hətta Rusiyanın Həştərxan, Stavropol şəhərlərində, Ukaryananın, Gürcüstanın və Ermənistanın paytaxtlarında, Türküstanın mərkəzi Daşkənddə, Cənubi Azərbaycanın mərkəzi Təbrizdə, İranın Gilan vilayətinin mərkəzi Rəştdə və Türkiyənin paytaxtı İstambulda təşkil olundu. O, burjua xadimi kimi onu damlamağa çalışanlara cavab olaraq yazırdı ki, mən kasıbçılığın üzündən ali təhsil də ala bilməmişəm, öz pulu ilə Rusiyada və Qərbi avropada təhsil alıb və bu gün özünü bolşevik kimi qələmə verən sizləri nə adlandırmaq olar (“Açıq söz” qəzeti No549, 24 avqust 1917-ci il). Bunu da qeyd etmək lazımdır ki, onun “MAR”, “MAR-zadə”, “M.R-zadə” “Haman”, “Sosialist” və s. kimi gizli imzalarla xeyli məqalələri müxtəlif dövrü mətbuatın səhifələrində çap olunmuşdur. 1917-ci il oktayabrın 26-dan 31-ə qədər 500 nümayəndənin iştirakı ilə Bakıda təntənəli surətdə keçirilən “Türk Ədəmi Mərkəziyyət partiyası “Müsavat”ın birinci qurulutayında Məhəmməd Əmin Rəsulzadə Mərkəzi Komitənin sədri seçilmişdir. Bu qurultaydan sonra Bakıda və Azərbaycanın bütün qəzalarında “Azərbaycana muxtariyyət” şüarı altında xalqımızın milli hərəkatı başlanmışdır.
Həmin dövr xalqımızın tarixinə Milli Azərbaycan hərəkatı kimi daxil olmuşdur. 1917-ci ilin payızında M.Ə.Rəsulzadə Rusiya parlamentinə Azərbaycan və Türküstandan millət vəkili seçilmişdir. 1918-ci il mayın 26-da Zaqafqaziya seymi daxili fraksiyaların çəkişmələri nəticəsində ləğv olundu. Həmin ayın 27-də seymin müsəlman fraksiyasına daxil olan müxtəlif partiyaların üzvlərindən ibarət olan Azərbaycan milli şürası yarandı. Səs çoxluğu ilə M.Ə.Rəsulzadə milli şüranın sədri seçildi. 1918-ci il mayın 28-də bütün ölkələrin radio stansiyaları və qəzetləri Azərbaycan istiqlaliyyətinin elan olunmasını dünyaya yaydılar. Bu o demək idi ki, xalqımız öz varlığını, bir xalq kimi mövcudluğunu bütün bəşəriyyətə çatdırır, onun da dünyada müstəqil surətdə yaşayan xalqlar kimi öz etnoqrafik sərhədləri daxilində azad yaşamağa hüququ var. Bitərəf Fətəlixan İsgəndər oğlu Xoyskinin (1875-1920) başçılığı ilə Azərbaycan Demokratik Respublikası hökuməti təşkil olundu. Beləliklə, Azərbaycan xalqı nəinki türkdilli xalqlar arasında, həmçinin, bütün islam aləmində ilk dəfə olaraq respublika üsul-idarəsinə qədəm qoydu. İyunun 17-də Azərbaycan milli şürasının iclasında M.Ə.Rəsulzadə öz alovlu nitqində deyirdi: “Dünya müharibəsi və Rusiya inqilabının təsiri ilə yeni doğulmuş və həyat siyasətinə ilk qədəm basmış olan Azərbaycan qayəsi əhatə olunmaz mühüm dəqiqələr keçirir. Bu yeni türk nüzad siyasəti rişə və buluğ bulub da millətlər zümrəsinə vəsail-həyat olaraq girə biləcək, yoxsa sısqa cocuq kimi südəmər halında tərki-həyat edəcəkdir? İştə bütün zehinləri işğal edən bir məsələ! İştə bir zaman ki, müqəddərat milliliyi əllərinə alanlar üçün Azərbaycan nüzadini tələf etdirməmək kimi müşkül, fəqət müşküllüyü ilə bərabər şərəfli bir vəzifə və məsuliyyət tərtib ediyor” (“Azərbaycan” qəzeti, No41, 1918-ci il).
Gördüyümüz kimi, M.Ə.Rəsulzadə özünün bu alovlu nitqində hələ birinci dünya müharibəsi ərəfəsində “Dirilik” jurnalı səhifələrində qaldırdığı və sonralar isə 1917-ci ilin aprelində Bakıda keçirilən Qafqaz müsəlmanlarının qurultayında yenidən ortalığa atılan “Azərbaycan qayəsi”ndən söhbət açır. Onu da qeyd edək ki, təəssüf ki, bir sıra görkəmli inqilabçıların əsərlərində 1918-ci il mayın 28-nə kimi, yəni Azərbaycan istiqlaliyyəti elan olunana qədər, bu torpağın Azərbaycan adlandırılması barədə, bu xalqın Azərbaycan xalqı olduğu barədə bir kəlmə də yoxdur. Onlar əsas bir məsələni unutmuşlar ki, rus xalqı müstəmləkə xalq deyildi. Onlar yalnız sinfi zidiyyətləri aradan qaldırmaq uğrunda mübarizə aparırdılar. Amma Azərbaycan müstəmləkə idi və hətta ölkənin adı belə xəritələrdən silinmişdi. Müstəmləkə olan bir ölkədə isə ancaq milli azadlıq hərəkatından söhbət gedə bilərdi. Azərbaycan xalqı qarşısında ancaq müstəmləkədən azad olub, öz müstəqil milli dövlətini yaratmaq məsələsi dayanırdı. Bu çətin vəzifəni M.Ə.Rəsulzadənin rəhbərliyi altında qabaqcıl Azərbaycan ziyalıları o dövrdə öz üzərlərinə götürdülər. 1918-ci il dekabrın 7-də Azərbaycan parlamentinin təntənəli açılışında M.Ə.Rəsulzadə demişdir: “Biz o zaman ki, bizim üçün ən yaxşı məsələni – “Azərbaycan muxariyyəti”ni müdafiə edirdik, biz onda sağ və sol tərəfdən amansız tənqidə məruz qalmışdıq.
Sağdan bizə deyirdilər ki, azərbaycanlılıq şüarı ilə siz müsəlmanları parçalayırsınız, türkçülük bayrağı qaldırmaqla – Allah yıxsın – siz İslamın əsasını sarsıdırsınız. Soldan isə bizi məzəmmət edidilər ki, Azərbaycan muxtariyyətini tələb edərək biz vahid demokratik cəbhəni yarırıq. “Müsavat” partiyası birinci olaraq Azərbaycanın müstəqilliyi bayrağını yüksəyə qaldırmışdır. Beləliklə, müsəlman partiyaları arasında Azərbaycan ideyasında fikir ayrılığı yoxdur. Xalqın şüurunda Azərbaycan ideyası artıq möhkəmlənmişdir… Bir dəfə yüksələn bayraq bir daha enməz!” (“Azərbaycan” (rusca) qəzeti, No59, 13 dekabr 1918-ci il). Bakı Dövlət Universitetinin yaranması da M.Ə.Rəsulzadənin adı ilə bağlıdır. Bu məsələ ətrafında o, bir neçə dəfə Azərbaycan parlamentində çıxış etmiş və universitetin açılmasını qəti tələb etmişdir. Universitetin ilk rektoru olmuş professor V.İ.Razumovski 1922-ci ildə çap etdirdiyi “Bakı şəhərində universitetin əsasının qoyulması” adlı xatirə oçerkində yazır: “M.Ə.Rəsulzadənin sayəsində, onun gücü, maarifçilik köməyi ilə “Müsavat” partiyasında universitetin açıq və gizli düşmənləri partiyanın qərarına tabe olmağa məcbur olmuşlar, biz öz tərəfimizdə artıq iki partiyaya malik idik, “Müsavat” və sosialistlər, bu da parlamentdə çoxluğu təmin edirdi” (Bakı Dövlət Universitetinin xəbərləri, No2, 1922-ci il). 1920-ci ilin mart ayında Bakıda rus dilində çapdan çıxmış, “1920-ci il üçün Azərbaycan respublikasının təqvim-ünvanı”nda oxuyuruq ki, M.Ə.Rəsulzadə “Tarixi-filologiya fakültəsində “Osmanlı ədəbiyyatı tarixi”ndən dərs demişdir. Azərbaycan istiqlalının ildönümü ilə əlaqədar olaraq 1919-cu ildə Bakıda bircə nömrəsi çap olunmuş və lakin geniş oxucu kütləsinə çatdırılmamış “İstiqlal” jurnalında M.Ə.Rəsulzadənin “Azərbaycan respublikası” adlı əsəri çap olunmuşdur.
1920-ci ildə aprel hadisələrindən sonra M.Ə.Rəsulzadə Lahıcda həbsə alındı. Onun tutulması xəbəri həmin ilin noyabrın əvvəllərində Vladiqafqaz (indiki Orconikidze) şəhərində olan İ.V.Stalinə çatdırıldı. Stalin heç kəsə xəbər vermədən Bakıya gələrək, XII Ordunun xüsusi şöbəsinin rəisi V.Pankratova RSFSR-i Millətlər Komissarlığı adından göstəriş verdi və özü şəxsən həbsxanaya gedib M.Ə.Rəsulzadəni azad etdi. Bununla İ.V.Stalin 1905-ci ildə onu ölümdən qurtaran keçmiş inqilabçı dostu M.Ə.Rəsulzadənin qarşısında öz tarixi vicdan borcunu yerinə yetirdi. O, M.Ə.Rəsulzadəni özü ilə birlikdə Moskvaya apardı və RSFSR Millətlər Komissarlığında mətbuat müvəkkili vəzifəsinə təyin etdi. M.Ə.Rəsulzadə RSFSR Millətlər Komissarlığına tabe olan Moskva Şərqşünaslıq (keçmiş Lazarev) institutunda da fars dilində dərs demişdir. RSFSR-in Millətlər Komissarlığının orqanı olan “Yjdsq djcnjr” jurnalının 1922-ci il 1-ci nömrəsində xəbər verilir ki, 2-ci nömrədə M.Ə.Rəsulzadənin “Qədim İranın kommunistləri” adlı məqaləsi çap olunacaq. Məzdəkizm hərəkatından bəhs edən bu məqalə çap olunmamışdır. Bunu M.Ə.Rəsulzadənin mühacirətə getməsi ilə izah etmək olar. M.Ə.Rəsulzadənin xaricə getməsinin düzgün təfsilatı onun vəfatı münasibəti ilə məşhur Azərbaycan ədəbiyyatşünası, Türkiyədə vəfat etmiş Əbdülvahab Yurdsevərin (1898-1976) xatirə yazısında öz əksini tapmışdır. O yazır: “Müsavat” partiyasının gizli mərkəzi komitəsinin ən mühüm təşəbbüslərindən biri M.Ə.Rəsulzadəni Moskvadan qaçırmaq olmuşdur. Əvvəlcə bir yoldaş vasitəsilə, sonra isə sabiq Parlament üzvü, mərhum Rəhimbəy Vəkilovu (1897-1937) və Bakı əsgəri təşkilatının rəisi, şəhid yoldaşımız doktor Dadaş Həsənzadəni (1898-1926) bir qədər pul ilə Moskvaya göndərmək surətilə M.Ə.Rəsulzadə ilə təmasda olmuşlar. Məmməd Əmin Rəsulzadəyə təklif olunmuşdur ki, elmi-tədqiqat adı ilə Leninqrada getsin. Onun oradan rəhmətlik tatar maarifçilərindən Musa Cərurullah Bigiyevin (1875-1949) müyəssər yardımı ilə və qayıqla Fin körfəzi üzərindən üzərək Finlandiyaya qaçırılması təmin edilmişdir (“Azərbaycan” jurnalı, Ankara, No3, 1955-ci il). Sonralar SSRİ-də baş vermiş faciəli hadisələr göstərdi ki, bu, yeganə düzgün yol idi. Heç şübhəsiz, M.Ə.Rəsulzadə 1925-ci ildən sonra sağ qalmayacaqdı. Beləliklə, M.Ə.Rəsulzadənin mühacirət dövrü başlanır. 1928-ci ildə İstambulda M.Ə.Rəsulzadənin “Azərbaycan respublikasının keçmişi, təşəkkülü və indiki vəziyyəti”, “Əsrimizin səyavuşu”, “İstiqlal məfkurəsi və gənclik” kitabları çap edilir. 1923-cü ildən onun redaktorluğu ilə İstambulda “Yeni Qafqaziya” jurnalı nəşrə başlayır. M.Ə.Rəsulzadə 1928-ci ildə İstambulda “İnqilabçı Sosializmin iflası və demokratiyanın gələcəyi”, “Millət və Bolşevizm” və “Qafqasya türkləri” kimi əsərlərini çap etdirmişdir. Həmin ildə onun redaktorluğu ilə “Azəri türkü” (1928-1931), sonra isə “Odlu yurd” (1929-1930) jurnalları və həftəlik “Bildiriş” (1929-1931) qəzeti də nəşr edilməkdə idi. 1930-cu ildə M.Ə.Rəsulzadənin Parisdə fransız dilində “Azərbaycan və istiqlaliyyəti” və rus dilində “Qafqaz problemi ilə əlaqədar olaraq panturanizm” kitabları çap olundu. 1931-ci ildən M.Ə.Rəsulzadənin mühacirət dövrü Avropa ölkələrində davam edir. Onun redaktorluğu ilə Berlində ayda üç dəfə nəşr edilən “İstiqlal” (1932-1934) qəzeti və “Qurtuluş” (1934-1938) jurnalı çap edilirdi.
1933-cü ildə M.Ə.Rəsulzadənin Berlində çap olunan “Azərbaycan respublikası haqqında bəzi qeydlər” adlı kitabı da böyük maraq doğurur. M.Ə.Rəsulzadə həm də görkəmli ədəbiyyatşünas idi, onun 1936-cı ildə Berlində “Çağdaş Azərbaycan ədəbiyyatı” məqaləsi çap edilmişdir. 1938-ci ildə Belində alman dilində “Azərbaycan problemi” və 1939-cu ildə Varşavada polyak dilində çıxmış “Azərbaycanın hüriyyət savaşı” kitablarının adlarını çəkməmək olmaz. O, 1938-ci ildən Polşa hökumətində məsləhətçi işləmiş, sonralar, 1940-cı ildən Rumıniyada yaşamışdır. Onun 1943-cü ildə İstambulda nəşr olunmuş “İslam-türk ensiklopediyasının” 1-ci cildində “Azərbaycan ləhcəsi” adlı məqaləsi edilmişdir. 1947-ci ildən Ankaraya köçən M.Ə.Rəsulzadənin 1949-cu ildə “Azərbaycanın kultur kələnkləri” adlı kitabı işıq üzü görmüşdür. Onun “Çağdaş Azərbaycan ədəbiyyatı” (1950-ci il) və “Çağdaş Azərbaycan tarixi” (1951-ci il) kitabları həmin illərdə M.Ə.Rəsulzadənin məhsuldar işlədiyini göstərir. O, 1951-ci ildə Ankarada “Azərbaycan şairi Nizami” adlı sanballı monoqrafiyasını çap etdirməklə dünya nizamişünaslığına bir çox yeniliklər gətirmişdir.
Həmin ildə M.Ə.Rəsulzadənin Nyu-Yorkda ingilis dilində nəşr olunan “Ukrayna” toplusunun 1951-ci il 3-cü nömrəsinin 7-ci cildində “Azərbaycan respublikası” məqaləsi çap edilmişdir. Londonda ingilis dilində nəşr olunan “Britaniya ensiklopediyası”nda “Müsavat” partiyasının yaranması tarixi və Azərbaycan Demokratik Respublikasının təşəkkülünə aid” məqalə də onun qələmindən çıxmışdır. İkinci dünya müharibəsindən sonra Türkiyədə nəşr edilməkdə olan “Türk ensiklopediyası”nda Azərbaycana aid məqalələrin bir çoxu M.Ə.Rəsulzadə tərəfindən yazılmışdır. Ankarada yaşadığı dövrdə o, “Türk tarix qurumu” və “Türk dili qurumu” ilə yaxından əməkdaşlıq etmişdir. 1952-ci ildən Ankarada nəşr olunan “Azərbaycan” jurnalında xalqımızın tarixi və ədəbiyyatı haqqında bir sil-silə məqaləsini də bura əlavə etsək, M.Ə.Rəsulzadənin heyrətamiz yaradıcılığı haqqında təsəvvür daha da aydınlaşar. O, ikinci dünya müharibəsinə qədər Parisdə rusca nəşr olunan “Qafqaz” (1932-1938) və fransızca buraxılan “Prometey” (1928-1939) jurnallarında öz məqalələri ilə çıxış etmişdir. Onun 1920-ci ildən sonra işlətdiyi açıq və gizli imzalardan “Məhəmməd Əmin Rəsulzadə”, “Yalvac oğlu”, “Məhəmməd Əmin”, “M.Əlif Rəsulzadə” və s. qeyd etmək olar. Ankara universitetinin tibb fakultəsinin klinikasında şəkər xəstəliyindən yatan Məhəmməd Əmin 1955-ci il martın 6-da gecə saat on birə on dəqiqə qalmış üç dəfə “Azərbaycan… Azərbaycan… Azərbaycan…” deyərək əbədiyyətə qovuşdu. Ankara radiosu martın 7-də saat 22-45 dəqiqədə sabiq Azərbaycan milli şürasının sədri M.Ə.Rəsulzadənin vəfat etdiyini təəssüflə bildirdi.
O, Ankara Əsri qəbirstanlığında dəfn edilib. Vəfatı münasibətilə Türkiyədə, İranda və Qərbi Avropa ölkələrində xeyli nekroloq çap olunub. Bunlardan ən maraqlısı S.H.Tağızadənin çap etdirdiyi nekroloqdur. Əsli Ordubaddan olan, özü Təbrizdə dünyaya gəlmiş, M.Ə.Rəsulzadə ilə birlikdə İran məşrutə inqilabının əsas rəhbərlərindən biri hesab edilən, sonralar Pəhləvi üsul-idarəsinin tərəfdarına çevrilən və öz doğma xalqına yad bir adam olan, İranın ən görkəmli dövlət xadimi, diplomatı və alimi sayılan Seyid Həsən Tağızadə “Sühən” jurnalında yazırdı: “Rəsulzadə, bütün ömrüm boyunca, Şərq dünyasında tayına rastlaşmadığım, mübaliğəsiz söyləyə biləcəyim fövqəladə nadir insanlardan biri idi. Məmməd Əmin bəy tərbiyəli, qüvvətli və sağlam məntiq sahibi, təmiz qəlbi, doğru sözlü, mətanətli, tam mənasıyla dürüst, fikir və yoluna dərin bir iman bəsləyən fədakar, mücahid və örnək bir insandı. Belələrinə zəmanəmizdə və hələ bizim tərəflərdə rast gəlmək mümkün deyildir” (“Sühən” jurnalı, tehran, No4, 1955-ci il). 1978-ci ildə, ölümündən 23 il sonra: – Ankarada M.Ə.Rəsulzadənin “Milli təsanüd” (“Milli həmrəylik”) adlı kitabı nəşr olundu. 1985-ci ildə dünyanın ən qədim universitetlərindən biri olan Oksfordda M.Ə.Rəsulzadənin “Qafqaz problemi ilə əlaqədar olaraq panturanizm” adlı kitabı ingilis dilində ön sözlə, rus dilində ikinci dəfə çap edilmişdir. M.Ə.Rəsulzadənin 1989-cu ildə “Əsrimizin Səyavuşu” və 1990-cı ildə isə “Azərbaycan respublikasının keçmişi, təşəkkülü və indiki vəziyyəti” adlı kitabları Ankarada yenidən işıq üzü görmüşdür. Azərbaycan milli dövlətinin yaradıcısı, xalqımızın böyık oğlu və görkəmli mütəfəkkir Məmməd Əmin Rəsulzadənin ədəbi-tarixi irsini geniş oxucu kütləsinə çatdırmağın vaxtı çoxdan gəlib çatmışdır. Bu baxımdan ilk dəfə xalqımıza təqdim olunan M.Ə.Rəsulzadənin “Əsrimizin Səyavuşu” (Türk dilindən tərcümə edən Mayis Əlizadə), “Çağdaş azərbaycan ədəbiyyatı” və “Çağdaş Azərbaycan tarixi” (hər iki əsəri türk dilindən tərcümə edən Paşa Əli oğludur) əsərləri inanırıq ki, geniş oxucu kütləsi tərəfindən rəğbətlə qarşılanacaqdır.
Posted in Bioqrafiya, Gündəliyim | Leave a Comment »
M.Ə. Rəsulzadənin Çıxışı
Posted by gundeliyim on 28 May 2007
Azərbaycan Demokratik Respublikasının banisi Məmməd Əmin Rəsulzadənin cıxışı.
28 MAY 1953-cu il. Amerikanin sesi radiosu
Posted in M.Ə.Rəsulzadə, Video | Leave a Comment »
Azərbaycan Demokratik Respublikası
Posted by gundeliyim on 27 May 2007
XIX əsrin əvvəllərində ölkənin Rusiya və İran arasında bölüşdürülməsindən bəri Azərbaycan vətənpərvərlərinin ürəklərində özünə yuva salmış müstəqillik arzuları Rusiya monarxiyasının süqutu ilə konkret cizgilər əldə etməyə başladı. Birinci dünya müharibəsinin üç ili ərzində Rusiya imperiyası fəlakət həddində idi.
[Azərbaycan Demokratik Respublikasının Bayrağı]
Rusiyada liberal-demokratik inqi¬lab başlandı, 1917-ci ilin fevralında II Nikolay taxt-tacdan əl çəkdi. Hakimiyyətə gələn Müvəqqəti hökumət 1917-ci il noyabrın sonuna Müəssislər Məclisinə seçkilər təyin etdi. 1917-ci il noyabrın 7-də Müvəqqəti hökumətin bolşeviklər tərəfindən yıxılmasına baxmayaraq, Müəssislər Məclisinə seçkilər keçirildi. Bolşeviklər bu seçkilərdə yerlərin əksəriyyətini qazanmağa ümid edirdilər…
Cənubi Qafqaz, bu seçkilərdə vahid seçki dairəsini təşkil edirdi. Burada seçicilərin səslərini almaq uğrunda bolşeviklər və mülayim sosialistlər, unitar Rusiya dövləti tərəfdarları və federalistlər (Rusiya imperiyasına daxil olan ölkələr üçün geniş muxtariyyət istəyənlər) mübarizə aparırdılar.
Cənubi Qafqaz seçki dairəsində seçkilər sonuncuların tam qələbəsi ilə nəticələndi. Cənubi Qafqazda Ümumrusiya Müəssislər Məclisinə seçkilər 1917-ci il noyabrın 26-28-də keçirildi. Seçkidə 2.455.274 seçici iştirak edirdi. Seçkilərin nəticələrinə görə, öz ölkələrinin muxtariyyəti tələbini müdafiə edən namizədlər seçicilərin səslərinin dörddə üçünə qədərini aldılar (gürcü menşevikləri — 26,9%, Azərbaycanın Müsavat Partiyası — 25,1%, erməni Daşnaksütyun Partiyası — 22,7%). Azərbaycan əhalisi arasında Müsavat Partiyası səslərin 66,5%-ni aldı. Bu, əhalinin Müsavat Partiyasının irəli sürdüyü milli dövlətçiliyin inkişafı ideyasını tam müdafiə etdiyini göstərirdi.
Bu dövrün tanınmış tədqiqatçılarından olan tarixçi Aydın Balayevin(1) göstərdiyi kimi, Müsavatın seçkiqabağı platformasında aşağıdakı müddəalar əks olunurdu: Rusiyanın federativ demokratik respublikaya çevrilməsi və onun tərkibində Azərbaycana milli-ərazi muxtariyyətinin verilməsi; insanın əsas haqlarının təmin edilməsi; qadınların hüquq bərabərliyi; istifadə olunmayan malikanə, xəzinə, kilsə və s. torpaqlarının pulsuz olaraq zəhmətkeşlərin ixtiyarına verilməsi; səkkiz saatlıq iş günü; tətil və həmkarlar ittifaqları azadlıqları və s.
Seçkiləri uduzan bolşeviklər 1918-ci ilin yanvarında Peterburqda öz işinə başlamaq istəyən Müəssislər Məclisini buraxırlar. Lakin davam etməkdə olan dünya və vətəndaş müharibələri mərkəzin ucqarlarda təsirini zəiflədir, Rusiya qoşunları Cənubi Qafqazı nizamsız şəkildə tərk edirlər. Bu vaxt Müəssislər Məclisinin Cənubi Qafqazdan seçilmiş deputatları (34 nəfər) Tiflisdə toplaşaraq 1918-ci il fevralın sonunda Cənubi Qafqaz Seymini — regionun qanunverici orqanını yaradırlar. Bu, faktik olaraq, Azər¬baycan, Gür¬cüstan və Ermənistanın ərazilərində Rusiyadan asılı ol-mayan Cənubi Qafqaz Federasiyasının (Zaqafqaziya Federasiyası) yaradılmasına gətirib çıxarır.
Cənubi Qafqaz Seyminin ilk addımlarından biri Osmanlı Türkiyəsi ilə sülh danışıqlarının başlanmasından ibarət oldu. Türkiyə hər an keçmiş Rusiya imperiyası ərazilə-rinə hücumlarını bərpa edə bilərdi. Osmanlı hökuməti Seymi Cənubi Qafqaz ölkələrinin Rusiyanın tərkibindən çıxması haqqında qərar qəbul etməyə çağırır, eyni zamanda Batum, Qars və Ərdəhan sancaqlarının Türkiyəyə verilməsini də tələb edirdi. Birlikdə əksəriyyət təşkil edən gürcü və erməni fraksiyaları Türkiyənin təkliflərini qəbul etmədilər və Türkiyəyə qarşı vuruşan ölkələrin emissarlarının təhriki ilə ona müharibə elan etdilər. Bu müharibə 8 gün davam etdi və Türkiyənin tam qələbəsi, Batum və Qarsı türk qoşunlarının ələ keçirməsi ilə nəticələndi. 1918-ci il aprelin 19-da Azərbaycan deputatları Cənubi Qafqazın dərhal müstəqil elan olunmasını tələb etdilər və bildirdilər ki, əks halda onlar müstə¬qil Azərbaycan Respublikasının yaradıldığını elan edəcəklər. Ertəsi gün Cənubi Qafqazın müstəqilliyi ideyasını gürcü deputatlar da müdafiə etdilər. Aprelin 22-də Seym Cənubi Qafqazı müstəqil federativ respublika elan etdi. Lakin türk qoşunları Gürcüstan və Ermənistana hücumlarını davam etdirirdi. Gürcüstana himayədarlıq edən alman hökumətinin məsləhəti ilə gürcü deputatlar mayın 27-də Gürcüstanın müstəqilliyini elan etdilər. Onlar ümid edirdilər ki, Gürcüstan beynəlxalq hüququn subyekti statusunu aldıqdan sonra türk qoşunlarının hücum¬larının qarşısı alına bilər.
Mayın 27-də azərbaycanlı deputatlar özlərinin fövqəladə yığıncağında Azərbaycanın müvəqqəti Milli Şurasının yaradılması haqqında qərar qəbul edirlər, Məmməd Əmin Rəsulzadə (Müsavat Partiyası) onun sədri seçilir. 1918-ci il mayın 28-də Tiflisdə Milli Şura Azərbaycanın müstəqilliyini və İstiqlaliyyət Bəyannaməsini elan edir.
![]()
Azərbaycan Demokratik Respublikası / Azərbaycan Xalq Cümhuriyyəti / آذربایجان دمکراتیک جمهوریتی .
(1918 – 1920).
Banisi: Məmməd Əmin Rəsulzadə.
Görkəmli dövlət xadimləri: Əlimərdan bəy Topçubaşov, Fətəli xan Xoylu, Nəsib bəy Yusifbəyli,Camo bəy Hacınski,Xudadat bəy Məlik-Aslanov,Əkbər ağa Şeyxülislamov,Cəfərov Məmməd Yusif,Sultanov Xosrov,Xəlil bəy Xasməmmədov
İstiqlal Bəyannaməsi : 1918-ci il mayın 28-də keçirilən iclasda Azərbaycan Milli Şurasının İstiqlal Bəyannaməsi elan edildi.
İstiqlal Bəyannaməsi bütün türk-müsəlman dünyasında, ümumiyyətlə bütün Şərqdə, ilk dəfə olaraq Azərbaycanda demokratik parlamentli respublikanın yaradılmasan xəbər verirdi.
Posted in Azərbaycan, Gündəliyim, Tarix | Leave a Comment »
Itirdiklərimiz
Posted by gundeliyim on 26 May 2007
Yaxın Tariximizdən. Torpaqlarımızı bu sürətlə itirməyə davam etsək, 2172-ci ildə Qafqazda Azərbaycan adlı dövlət mövcud olmayacaq.
Posted in Azərbaycan, Tarix, Video | Leave a Comment »
Istiqlaliyyət Bəyannaməsi
Posted by gundeliyim on 26 May 2007
Azərbaycan Xalq Cümhuriyyətinin
İSTİQLALİYYƏT BƏYANNAMƏSİ
(28 may 1918-ci il)
Azərbaycan Xalq Cümhuriyyəti millət, din, sinif, silk və cins fərqinə varmadan hüdudu daxilində yaşayan bütün vətəndaşların siyasi və vətəndaş hüquqlarını təmin edir.
Böyük rus inqilabının gedişində Rusiyada elə bir siyasi quruluş bərqərar oldu ki, o, dövlət orqanizminin ayrı-ayrı hissələrinin dağılmasına və rus qoşunlarının Zaqafqaziyanı tərk etməsinə gətirib çıxardı. Öz qüvvələrinin ixtiyarına buraxılmış Zaqafqaziya xalqları talelərini həll etmək işini öz əllərinə aldılar və Zaqafqaziya Demokratik Federativ Respublikasını yaratdılar. Lakin siyasi hadisələrin sonraki gedişində gürcü xalqı Zaqafqaziya Federativ Respublikasından çıxmaqla müstəqil Gürcüstan Demokratik Respublikası yaratmağı daha münasib hesab etdi.
Rusiya və Osmanlı imperiyası arasında müharibənin ləğv olunması ilə bağlı Azərbaycanın müasir siyasi vəziyyəti, həmçinin ölkənin daxilindəki görünməmiş anarxiya Şərqi və Cənubi Zaqafqaziyadan ibarət olan Azərbaycan üçün öz dövlət quruluşunu yaratmağı xüsusi hökmlə zəruri edir ki, Azərbaycanın xalqlarını düşdükləri bu daxili və xarici vəziyyətdən çıxarmaq mümkün olsun.
Xalq səsverməsi ilə seçilmiş Azərbaycan Milli Şurası bunun əsasında indi bütün xalqa elan edir:
1. Bu gündən etibarən Azərbaycan xalqları suverenlik hüququna malikdir və Cənubi və Şərqi Zaqafqaziyadan ibarət olan Azərbaycan tamhüquqlu müstəqil bir dövlətdir.
2. Müstəqil Azərbaycan dövlətinin idarə şəkli xalq cümhuriyyəti olaraq müəyyənləşdirilir.
3. Azərbaycan Xalq Cümhuriyyəti bütün millətlər və xalqlar ilə dostluq münasibəti yaradır.
4. Azərbaycan Xalq Cümhuriyyəti millət, din, sinif, silk və cins fərqinə varmadan hüdudu daxilində yaşayan bütün vətəndaşların siyasi və vətəndaş hüquqlarını təmin edir.
5. Azərbaycan Xalq Cümhuriyyəti ərazisi daxilində yaşayan bütün millətlərə sərbəst inkişaf üçün geniş imkan verir.
6. Milli Məclis toplanana kimi Azərbaycan idarəsinin başında ümumi səsvermə ilə seçilmiş Milli Şura və Milli Şura qarşısında məsul olan Müvəqqəti hökumət durur.
Posted in Azərbaycan, Gündəliyim, Tarix | Leave a Comment »
Azərbaycan ordusu
Posted by gundeliyim on 24 May 2007
Həm savaş, həm sülh üçün….
Posted in Azərbaycan, Video | Leave a Comment »
Azərbaycan Demokratik Respublikasi yoxsa Demokratik Azərbaycan Respublikası
Posted by gundeliyim on 23 May 2007
Ləman AG
grinders_l@yahoo.com
Artıq qulaqlarımız döyənək olub bu ifadələri hər gün, hətta bəxti üzünə gülməyən bəzilərimiz hər saat bu ifadələri eşitməkdən. Biz qədim xalqıq… Gözəl səslənir, amma sizcə reallıqla bu ifadə arasında utanc verici təzad yoxdur mu?
Beynimizin cürümüş rəflərindən toz basmış kitabları qaldırıb göz gəzdirsək bunu asanlıqla əsaslandıra bilərik. Hər nə qədər siyasi-tarixi maşınların bizə sırıdığı bir düşüncə olsa da qəbul edək ki, biz qədim xalqıq. Tariximiz e.ə hətta bəzi səfehlərə gore e.əəəəə (vs.) gedir. Ən azından kitablar belə yazır.
Bu gün, 16cı, 17ci və hətta 19cu əsrdə formalaşmalarını tamamamlamış Avropa xalqları demokratiya hadisəsinin bu yanından girib o yanından çıxıblar. Biz isə bu qədər qədim olmağımıza baxmayaraq hələ də demokratiyanın Azərbaycan variantından danışırıq. Hələ də özümüzü Azərbaycan Demokratik Respublikası adlandırırıq. Sizcə bu qədər qədim xalqa Demokratik Azərbaycan Respublikası ifadəsi ve adı daha yaxşı yaraşmazmı?
Biz hələ də mədəniyyətimizin bəzi səfehlərin ifadəsinə görə mentalitetimizin məhbusuyuq. Demokratiyanın Azərbaycan variantını da ona keşikçi qoymuşuq. Problem məhs mentalitetdə yatır. Hec bir xalqın mədəniyyəti 100% mükəmməl deyil. Amma bizdə onun tükünə belə toxunanı məhv edirik. Mükəmməl olmayan adətlərimizin bir hissəsi artıq necə əsrlərdir ömrünü başa vurub, onlar işləməməldir. Amma çox hallarda bu adətlər hələ də təqayüdə çıxmayıb, çıxmaq istəmir.
Ayrıseçkilik yaradan adətlər o qədərdir ki, sayı hesabı yoxdur. Misal çəkməyə nə niyyətim, nə də həvəsim var. Sadəcə yazını bitirdikdə ağlınızdan keçən ilk ifadəni misal göstərmək (“Qıza yaraşmayan yazı”), sonra onu makro səviyyəyə qaldırmaq kifayyətdir. Bölgüdə sonuncu adət-ənənələr doğrudan da təqdir ediləcək dəyərlərdir.
Bu gün globallaşma əlehdarları (uc solçular istisana) bir düşüncəni qirsaqqiz kimi çeynəyirlər: Globallaşma nəticəsində biz milli adət-ənənəmizi itirəcəyik. Mənfi dəyərlərin itirilməsinə 2 əlli razıyıq. Ən azından sözdə bunu deyirik.
Bəs müsbət dəyərlər necə? Kim deyir ki, müsbət dəyərləri itirəcəyik? İnsana dəyər verən adətləri digər insan topluluqlarına da ötürəcəyik, ötürməliyik. Bu globalaşmanın məburi nöqtəsidir. Egər bu proseslər sonunda bu adət-ənənələr hər kəs tərəfindən artıq özünün bir parçası edilmiş olsa (ki qəti olaraq bu baş verəcək) hər dəfə bu dəyərlərdən istifadə etdikdə sən qalxıb bu mənim adətlərimdəndir deməyinlə ya özünun natamamlıq kompleksini, ya da eqoizmini göstərirsən.
Posted in Ləman AG, Yazar | Leave a Comment »
Dünyanın ən yaşlı insanı
Posted by gundeliyim on 22 May 2007
Sərhəd Rəşidova, Dərbənddə yaşayır.
Posted in Azərbaycan, Video | Leave a Comment »
Arif Məmmədov: «Zənn etmirəm ki, erməni lobbisi AŞ-daki məsələlərə təsir göstərsin»
Posted by gundeliyim on 20 May 2007
Azərbaycanın Avropa Şurası yanındaki daimi nümayəndəliyinin rəhbəri, səfir Arif Məmmədovla müsahibə.
- Bu ilin yanvar ayında Azərbaycanın Avropa Şurası yanındaki daimi nümayəndəliyinin rəhbəri təyin edildiniz. Keçən ilə qədər də Azərbaycanın Benelüks ölkələri üzrə səfiri işlədiyinizdən Avropa Birliyində sıx-sıx görüşləriniz olurdu. Ümumiyyətlə, sizin fikrinizcə, Avropa Şurası Avropa Birliyindən hansı yönləriylə fərqlənir?
- Bizim üçün Avropa Birliyi və Avropa Şurası kimi iki beynəlxalq təşkilat arasında əsas fərq ondan ibarətdir ki, Azərbaycan Avropa Şurasının üzvüdür. Avropa Birliyinə üzv olmayan bir dövlət kimi hər hansı yüksək rütbəli məmurla görüşmək, birbaşa əlaqə yaratmaq bir az çətindir. Lakin Azərbaycan Avropa Şurasına üzv dövlət olduğu üçün burada bizim öz fikirlərimizi digər üzv dövlətlərin diqqətinə çatdırmaq daha rahat və effektlidir.
Azərbaycan Avropa Birliyi ilə əməkdaşlığı əsasən energetika, nəqliyyat dəhlizləri, viza məsələsi, təhsil kimi bir çox sahələrdə davam edir. Ümumiyyətlə, Avropa Birliyi- Azərbaycan əməkdaşlığında daha çox iqtisadi maraqlar ön planda durur. Cənab prezident İlham Əliyev Brüsselə səfərində də bildirmişdi ki, Azərbaycanda hazırda elə imkanlar yaranıb ki, bir çox iqtisadi layihəni Azərbaycan özü həyata keçirə bilər. Azərbaycanın bu layihələri həyata keçirməsi üçün kifayət qədər maliyyə imkanları var.
Avropa Şurasında isə daha çox demokratikləşmə, vətəndaş cəmiyyətinin yaradılması və inkişaf etdirilməsi, yerli və regional idarə sistemləri əsas mövzulardandır. Azərbaycanın Avropa Şurasıyla da birgə həyata keçirdiyi layihələr var.
- Bütün beynəlxalq təşkilatların, o cümlədən Avropa Şurası və Avropa Birliyinin hər ölkəylə olduğu kimi, Azərbaycanla da bağlı rəsmi mövqeyi var. Ümumi olaraq götürsək, hər iki beynəlxalq təşkilata üzv ölkələrin Azərbaycanla bağlı mövqeləri hansı yöndədi, Azərbaycanla əməkdaşlığa və əlaqələrin genişləndirilməsinə necə baxırlar?
- Bilirsiniz, bir ölkə siyasi və iqtisadi cəhətdən nə qədər güclü olarsa, həmin ölkəyə bir o qədər də maraq artır. Konkret olaraq deməyəcəyəm, ancaq burda mənim üzv ölkələrin səfirləriylə, Avropa Şurası rəsmiləriylə ikitərəfli görüşlərim olur. Artıq digər ölkələrin Azərbaycana qarşı maraqları çox böyükdür. Artıq qəbul edirlər ki, Azərbaycan regionda iqtisadi baxımdan inkişaf etmiş, geniş maliyyə imkanlarına sahib, stabil olaraq inkişafda olan bir dövlətdir.
Qarabağ münaqişəsi ilə bağlı Avropa Şurasının və Amerika Dövlət Departamentinin mövqeləri və edilən düzəlişlər bir daha sübut edir ki, Azərbaycan nə qədər əhəmiyyətli bir ölkədir.
Azərbaycan, Avropanın enerji təhlükəsizliyi baxımından, eyni zamanda qərb dövlətləriylə, Rusiya və İran ilə münasibətlərdə, Orta Asiya ölkələriylə əlaqələrin genişləndirilməsində aparıcı rola sahib ölkələrdən biri olaraq qəbul olunur. Azərbaycanın artıq regionda güclü və lider dövlət olaraq tanınması ölkəyə qarşı olan marağı daha da artırır.
Hazırda Azərbaycanın başlıca problemi Dağlıq Qarabağ məsələsi sayılır. Bu problem Azərbaycanın Avropa Şurasına üzv olmamışdan əvvəl də var idi, indi də davam edir. Avropa Şurasının qanunlarına zidd olmasına baxmayaraq, Ermənistan öz işğalçı mövqeyini davam etdirir. Üzv dövlətlərdən birinin digərinin ərazisini işğal etməsinin heç bir əsası olmadığı halda, AŞ bu məsələylə bağlı konkret olaraq tədbir görməyib. Buna necə baxırsınız?
- Avropa Şurasının bu problemlə bağlı qəbul etdiyi 1416 saylı qətnamənin çox ədalətli, eyni zamanda Azərbaycanın maraqlarına uyğun olduğunu bir daha bildirmək istəyirəm. Bundan əlavə, Avropa Şurasında keçirilən görüşlərdə, tərtib olunan sənədlərdə Qarabağ problemi öz əksini tapıb. Avropa Şurasının bu məsələylə bağlı rəsmi mövqeyi də Azərbaycanın mövqesiylə üst-üstə düşür.
Bu məsələnin daim gündəlikdə olmasını Ermənistana göstərilən təyziq kimi qiymətləndirmək olar. Avropa Şurasında Dağlıq Qarabağın Azərbaycan ərazisi olduğu üzv dövlətlər tərəfindən qəbul edilir və eyni zamanda mütəmadi olaraq Ermənistanın işğalçı mövqeyi pislənilir. Ermənistan özü də bilir ki, Dağlıq Qarabağ problemiylə bağlı mövqeyi olduqca zəifdir. Təbii ki, Ermənistan rəsmiləri də AŞ tərəfindən təzyiqi azaltmaq üçün müxtəlif yollardan istifadə edirlər. İstər AŞ Nazirlər Komitəsinin iclasında, istərsə də digər görüşlərdə olsun, biz dəfələrlə şahidi olmuşuq ki, Dağlıq Qarabağ məsələsindən söz ediləndə erməni diplomatlar diqqəti yayındırmağa çalışaraq qondarma erməni soyqırımını, Naxçıvanda erməni abidələrinin dağıdılmasıyla bağlı həqiqətə uyğun olmayan məlumatları və müxtəlif bəhanələri irəli sürürlər.
Təbii ki, azərbaycanlı və türk diplomatlar bu cür şişirdilmiş məlumatların yayılmasına imkan verməməlidirlər. Çünki ermənilər soyqırıma məruz qalmış xalq mövqeyindən çıxış etməyə çalışırlar, lakin onlar da çox yaxşı bilirlər ki, bir ölkənin ərazisinin işğal edilməsini dəstəkləyən heç bir arqument yoxdur. Ermənistan bu problemlə bağlı beynəlxalq ictimaiyyətin təyziqini davamlı hiss edir.
Dağlıq Qarabağ problemi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Ermənistan mətbuatında çıxan sadəcə 5 rayonun geri qaytarılmasıyla bağlı xəbərlər həqiqəti əks etdirmir, əksinə, işğal altında olan 7 rayonun azad edilməsi bu probleminin həlli yollarının əsas prinsiplərindəndir və danışıqlarda çox güman ki, bu məsələ iki mərhələdə həll olsun. Azərbaycanın prezindeti də açıq şəkildə ifadə edib ki, Ermənistan bilir ki, bu gün də olmasa sabah, gec-tez torpaqları geri qaytarmaq məcburiyyətində qalacaq.
Azərbaycanın gün keçdikcə maliyyə imkanlarının genişləməsi, ölkəmizdə gedən iqtisadi inkişafı qonşu dövlətlər də görür. Dağlıq Qarabağ probleminin həlli çərçivəsində bölgədə yaşayan ermənilər də hər bir Azərbaycan vətəndaşı kimi bütün imkanlardan istifadə edə biləcəklər. Artıq danışıqlar prosesi sürətlənib, bundan sonra da problemin həlli ilə bağlı müəyyən irəliləyişlər olacaq, erməni siyasətçilər də nə qədər məsələni uzatmağa çalışsalar da artıq dərk edirlər ki, bunun başqa yolu yoxdur. Eyni zamanda artıq bir çox beynəlxalq təşkilat bu problemlə bağlı öz qəti mövqeyini açıqlayıb və Ermənistanın işğalçı siyasətini pisləyib. Bu yaxınlarda NATO-da keçirilən görüşlərdə də birmənalı olaraq Dağlıq Qarabağın Azərbaycan ərazisi olduğu vurğulandı.
Əsasən bu cür məsələlərdə hər bir dövlətin, hər bir xalqın müəyyən səbr etmə müddəti var. Rəsmi görüşlərdə, o cümlədən Dağlıq Qarabağ probleminin həlli ilə bağlı danışıq proseslərində müəyyən bir vaxt keçəndən sonra əgər problem öz həllini tapmazsa, Azərbaycanın hərbi yoldan istifadə edə biləcəyi barədə fikirlər səslənirmi?
- Əvvəlcə qeyd edim ki, beynəlxalq təşkilatlar qəti olaraq hərbi yoldan istifadənin əleyhinədirlər. Beynəlxalq ictimaiyyət də bilir ki, Azərbaycanda yüksək inkişaf gedir və Azərbaycan öz imkanlarıyla torpaqları müharibə yolu ilə də azad edə bilər. Azərbaycanın indiki hərbi büdcəsi Ermənistanın ümumi büdcəsinə bərabərdir. Bu gün Azərbaycanda 30-40 faiz inkişafdan söhbət edilir. Lakin hərbi yoldan istifadə etmə ən axırıncı çarədir. Heç bir ananın gözü yaşlı olmasını istəmirik və hər bir siyasətçinin də əsas vəzifəsi odur ki, maksimal bir şəraitdə siyasi yollardan istifadə edərək müharibəyə yol verməsin. Çünki müharibə şəraitində olan bir dövlətdə inkişaf dayanır, müxtəlif sosial sektorlara zərbə dəyir, müharibə cəmiyyətdə şok yaradır. Ancaq əgər biz görsək ki, bütün səylərimizə baxmayaraq Ermənistan danışıqlardan qaçır, müxtəlif bəhanələr gətirir, o zaman hərbi yoldan istifadə haqqımız var. Bununla belə, qarşı tərəf , 7 rayonun azad edilməsi və Dağlıq Qarabağ probleminin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsinə yanaşarsa, biz Qarabağ problemini muxtariyyət statusu çərçivəsində həll edə bilərik.
Azərbaycan son iki-üç ildə sürətli inkişaf tempini yaxalayıb. Azərbaycan gün keçdikcə regionda güclənir, dünya dövlətləri arasında etibarı artır. Hətta Ermənistanın Avropada və digər ölkələrdə güclü lobbisi olmasına baxmayaraq Dağlıq Qarabağ problemiylə bağlı ictimai rəyi dəyişdirə bilməyib. Bu gün xarici diplomatlar da bizə deyirlər ki, siz nə qədər iqtisadi baxımdan güclü olacaqsınız, bir o qədər sizin imkanlarınız çox olacaq, sizin mövqeniz eşidiləcək. Azərbaycan o qədər geosiyasi maraqları özündə toplayıb ki, bu da ölkəyə geniş imkanlar yaradıb.
AŞ-da Ermənistan işğalçı dövlət kimi tanınsa da, heç bir ciddi tədbir görülməyib. Eyni zamanda AŞPA-da Azərbaycandakı seçkilər və s. sosial problemlər daha çox müzakirə mövzusu olur, nəinki Ermənistandakı seçkilər. Bu seçkilərdə bir çox beynəlxalq təşkilatın müşahidəçilərininin iştirakına icazə verilməyib. Bundan əlavə, iyun ayında qondarma «Dağlıq Qarabağ Respublikasında» prezident seçkiləri olacaq və bununla bağlı beynəlxalq ictimaiyyətdə yetərli qədər məlumat var. Biz bunu erməni lobbisinin beynəlxalq təşkilatlarda təsirinin hiss edilməsiylə əlaqələndirə bilərikmi?
- Yox, mən zənn etmirəm ki, erməni lobbisi AŞ-dəki məsələlərə təsir göstərsin. Avropa Şurasının bütün sənədlərində, Qarabağ problemi Azərbaycanın lehinə əks olunub. Lakin çox təəssüflər olsun ki, AŞ-də müxtəlif ciddi münaqişələrlə bağlı güclü mexanizmlər yoxdur. Bununla yanaşı, AŞ ATƏT-in Minsk qrupu çərçivəsində gedən danışıqları dəstəkləyir və problemin sülh yoluyla həllinin tərəfdarıdır. Daha çox insan hüquqlarının ciddi şəkildə pozulduğu ölkələr AŞ üzvlüyündən xaric edilə bilər, lakin iki üzv dövlət arasındaki hər hansı münaqişəyə görə bir tərəfin üzvlükdən xaric edilməsi AŞ-nın maraqlarına uyğun deyil. Buna baxmayaraq, Azərbaycanın Avropa Şurasındaki millət vəkili heyəti mütəmadi olaraq Qarabağ problemiylə bağlı məsələni qaldırır və bu problemi AŞ-nın gündəliyində saxlamağa çalışır. Eyni zamanda hal-hazırda Azərbaycan regionun güclü ölkəsi kimi AŞ-də nüfuzlu dövlətlərdən birinə çevrilib. Ermənistan isə lobbi sayəsində nə isə etmək istəyir, ancaq nail ola bilmir.
Ümumiyyətlə AŞ ilə Azərbaycan arasındakı əməkdaşlıq hansı səviyyədədir və Azərbaycan və AŞ bu əməkdaşlığın genişləndirilməsinə necə baxır?
Azərbaycan ilə AŞ arasında çox geniş əlaqələr var və hər iki tərəf də bu əməkdaşlığın davam və inkişaf etdirilməsini istəyir. Əsasən Dağlıq Qarabağ probleminin həlli yollarında da ikitərəfli əməkdaşlıq çox əhəmiyyətlidir.
Bu gün iki tərəf arasında olan əlaqələri müsbət qiymətləndirirəm. AŞ ilə Azərbaycan arasındakı əlaqələr günbəgün daha da möhkəmlənir və həm işgüzar, həm də şəxsi münasibətlər çərçivəsində çox yaxın əlaqələrimiz var.
AŞ Azərbaycanı gənc, inkişaf etməkdə olan demokratik üzv ölkə olaraq tanıyır və tərəflər arasında əməkdaşlığın inkişafına xüsusi diqqət ayırır. Azərbaycanın geo-strateji bir yerdə yerləşməsi də AŞ-nın diqqət mərkəzindədir. AŞ ilə Orta Asiya ölkələri arasında əlaqələrin yaradılması və inkişaf etdirilməsində, bu ölkələrlə aparılan enerji dialoqlarında Azərbaycan körpü rolunu oynayır.
Bundan əlavə, Azərbaycan AŞ-yə üzv olduqdan sonra ölkədə müxtəlif sahələrdə inkişaf getməsi və bir çox məsələylə bağlı yeni qanunlar qəbul edilməsini, islahatların aparılmasını müsbət hal olaraq qiymətləndirmək olar.
AŞPA-nın yaz sessiyasında Azərbaycanda mətbuat azadlığı ilə bağlı məsələ qaldırılmışdı. May ayının 3-də isə AŞ-nin dünya Jurnalistlər günü münasibətiylə yaydığı açıqlamada Azərbaycan mətbuatına geniş yer verildi və Eynulla Fətullayevin həbsinə toxunuldu. Bununla bağlı fikirlərinizi öyrənmək istəyərdik…
- Bu məsələ, həm yaz sessiyasında, həm də AŞ Nazirlər Komitəsinin iclasında qaldırılmışdı. Fikrimcə, mətbuat azadlığı hər bir cəmiyyətin inkişafı üçün əsas faktordur. Mətbuatda tənqidlərin olması lazımdır, lakin bu tənqidlər, mətbuat etikası daxilində olmalıdır və təhqirə çevrilməməlidir. Lakin, çox təəssüf ki, ölkə mətbuatında insanların mənəviyyatına, dini fikirlərinə, hisslərinə toxunulan məqalələr, yalan xəbərlər dərc edilir. Bu cür jurnalist etikasına sığışmayan materialların yayılması eyni zamanda qarşı tərəfin hüquqlarının pozulmasıdır. Demokratik inkişaf çərçivəsində problemlərin işıqlandırılması normaldır, lakin insanların şəxsiyyətinə toxunan, böhtan xarakterli məqalələrə yol vermək olmaz. Əks halda bu cür yazıları, insan hüquqlarının pozulması kimi qiymətləndirmək olar. Hissləri təhqir olunmuş hər şəxsin bu cür yazılarla bağlı məhkəməyə müraciət etmək haqqı var.
Avropa ölkələrində də mətbuat azadlığı jurnalist etikası səviyyəsindədir. Avropa mətbuatında da ciddi tənqidlər olur, lakin bu tənqidlər əxlaq normaları çərçivəsində olur. Burada da insanların şəxsiyyətini təhqir edən yazıların müəllifləri məhkəməyə verilir.
Ümumiyyətlə, mətbuatla bağlı problemlərin aradan qaldırılması üçün jurnalistlərlə davamlı olaraq treninqlərin, təlim kurslarının, seminarların keçirilməsi məqsədə uyğundur.
Avropadakı Azərbaycan diaspor təşkilatlarının fəaliyyətlərini necə qiymətləndirirsiniz?
- Avropadakı Azərbaycan diaspor təşkilatlarının ən böyük problemi bir məxrəcə gələ bilməmək və birgə fəaliyyət göstərməməkdir. Təbii ki, təşkilatlar arasında müxtəlif fərqliliklər ola bilər, lakin Azərbaycanın tanıdılmasında, Qarabağ probleminin dünya ictimaiyyətinə çatdırılmasında o cümlədən digər milli məsələlərdə birgə fəaliyyət göstərilməsi zəruridir. Diaspor fəaliyyətinin inkişafında xarici ölkələrdə təhsil alan azərbaycanlı gənclərin aktivliyinə toxunmaq istəyirəm. Azərbaycanla bağlı tədbirlərin keçirilməsində onların da üzərinə böyük yük düşür. Çünki onlar təhsil aldıqları ölkənin sosial həyatını yaxından tanıyır, gəncliyin verdiyi dinamikliklə çox işlər görə bilərlər. Bu mənada, mən Azərbaycanlı Tələbələrin Avropa Forumunun (ATAF) fəaliyyətlərini xüsusiylə qeyd etmək istəyirəm. Dalbadal Avropa Parlamentində, Avropa Şurasında, Bundestagda yüksək səviyyəli forumların keçirilməsi, əlbəttə, təqdirə layiqdir. ATAF-ın qısa vaxt ərzində Avropanın digər ölkələrində də şöbələrinin açılması, onun Azərbaycanın tanıdılmasıyla bağlı güclü struktura çevriləcəyindən xəbər verir. ATAF-ın digər Azərbaycan təşkilatlarıyla da əməkdaşlıq etməsini, birgə fəaliyyətə yönəlməsini yüksək qiymətləndirirəm.
Fransanın yeni prezidenti Nikola Sarkozi «erməni soyqırımı»nı dəstəkləməsiylə və Türkiyənin Avropa Birliyinə üzvlüyünə qarşı çıxmasıyla tanınır. Sarkozinin prezident seçilməsi Azərbaycan-Fransa, Fransa-Türkiyə əlaqələrinə mənfi təsir göstərə bilərmi?
İlk növbədə bildirmək istəyirəm ki, Sarkozinin prezident seçilməsinə fransız xalqının seçimi olduğu üçün hörmətlə yanaşılmalıdır. İkitərəfli əlaqələrə gəlincə isə, hazırda bu barədə tam fikir söyləmək çətindir.
Sarkozinin erməni soyqırımını dəstəkləməsinə gəlincə isə, mən düşünürəm ki, Sarkozi Türkiyənin iqtisadi gücünü və təsirini nəzərə alacaq. Türkiyə Avropanın iqtisadiyyatı güclü olan 7-ci dövlətidir və Fransa ilə genis ticari və iqtisadi əlaqəsi var. Fransanın qondarma erməni soyqırımı üzərində durması iki dövlət arasındakı əlaqələrə zərbə vuracaq. Sarkozinin bu məsələylə bağlı təmkinli olacağını, Türkiyə və Azərbaycanla olan strateji əməkdaşlığın pozulmasına şərait yaratmayacağını düşünürəm. Fransa həm Türkiyəylə, həm də Azərbaycanla əməkdaşlığın davam etdirilməsi və genişləndirilməsində maraqlıdır.
Seçki kompaniyasında ortaya atılan bəzi populist fikirləri daha çox səs toplamaq və seçilmək üçün atılmış addım kimi də qiymətləndirmək olar.
Posted in Müsahibə | Leave a Comment »






![Po - [Explored] Po - [Explored]](http://static.flickr.com/7225/7260527994_23e4e5f04b_t.jpg)











