Gündəliyim®

Gündəliyin Nəbzini Tut

Archive for March, 2007

“SEX” Problemi

Posted by gundeliyim on 31 March 2007

Fərman C. İmamquliyev

ferinem124@yahoo.com

SEX
(Sadəlövh, Etinasız Xalq)

Hələ XIX əsrin əvvəllərində avropalı kolonistlər Avstraliyaya qədəm basanda, onlar burada yaşayan aborigenləri necə ələ almaq haqqında düşünürdülər. Çox axtarışlardan sonra, onlar əhali üçün tamaşalar hazırlamağa başladılar. Müxtəlif musiqili konsertlər, pantomimalar və s. nəticəsində, aborigenlerin bir çox hissəsini mədəni şəkildə ələ almaq mümkün oldu…
———— ——— ——— -
XXI əsr Azərbaycanı da həmin dövrün aborigenlərinə analoq ola bilər.
Azərbaycanda ölkə səviyyəsində yayımlanan 6 telekanal var. Faktiki olaraq,
günün istənilən saatında kanalları bir-bir çevirsək, görərik ki, bütün telekanallar
eyni mövzulara toxunur:
1) Musiqi;
2) Şou-biznes əhlinin xalqa aidiyyəti olmayan şəxsi həyatı;
3) Pornoqrafik və qeyri-etik məqamlar daşıyan qərb filmləri;
4) Cənubi Amerika serialları;
5) Zamana ve aktuallığa aid olmayan şou-proqramlar.

Telekanallar, millətin şah damarını tutub, mədəni surətdə onları idarə edir. Bu mədəni idarəetmə, analoqu olmayan bir hadisədir. Xalq arasında müxtəlif şou-proqramların və serialların qəhrəmanlarının süni və real olmayan həyatı haqqında söhbətlərdən başqa heç nə müzakirə olunmur.

Yaxın günlərdə, yeni mobil operatorunun ajiotajı Gəncəni də öz tə`siri altına saldı. Gənclər, Nar mobile mağazaları qarşısında uzun sıralar yaradıb, yeni nömrə həsrəti ilə yağan yağışa və əsən küləyə də fikir vermirdilər. Daha sonra nömrə alan uşaqların bu nömrənin xüsusiyyətləri haqqında söhbətlərinə qulaq asanda, qol-qanadım qırıldı… Sən demə, yeni operator bizim gənclərə telefonda TV-yə baxmaq şansı verirmiş… Ax, ax…
Bu amillər haqqında çox düşünürəm… Görəsən, gün gələcəkdirmi ki, biz Qarabağ, İslam, bir sıra sosial problemlər, Azərbaycanin lobbisi və s. daha vacib məsələlər barəsində düşünək?
Millətimin sadəlövhlüyü və etinasızlığı məni çox narahat edir.

İqtisadi cəhətdən BƏLKƏ DƏ irəliyə getmişik. Bəs ideologiya?

Posted in Yazar | 7 Comments »

Azadlıq qanunların işığı altında

Posted by gundeliyim on 31 March 2007

İlkin Cahangirov

ilkin.cahan@yahoo.com.tr

Bir Azərbaycanlı olaraq azadlıq haqqında (onun mənfi və müsbət tərəfləri haqqında) düşünmək, hansısa nəticələr çıxartmaq çox çətindir.Çünki bir şeyi gərək olduğu kimi hiss edəsən ki, onu mühakimə edə və yaxud tərifləyə biləsən.Bizim demokratiyamız isə hansı dərəcəyə qədər demokratiyadır bilinmir (əslində bilinir).

Hobbs deyirdi “Azad adam istədiyini etməyə heç nəyin mane olmadığı adamdır”. Başqa sözlə desək, insan ona öz istədiklərini həyata keçirməyə imkan verildiyi qədər azaddır. Qanun bizi qanun zəncirlərindən daha ağır zəncirlərdən qorusa belə özü də bir buxovdur (despotizm,totalitarizm,tiraniyadan qorusa da…..).

Anlaşıldığı kimi bir sıra elm adamları insan azadlığını heç bir sahədə məhdudlaşdırmamaq, digər bir qrup düşünürlər ki, insanların əsasən qanunlara tabe tutulmasını, yalnız həyat fəaliyyətlərinin müəyyən hissəsində (din, əqidə, özünü ifadə, mülkiyyət toxunulmazlığı) onlara tam azadlığın verilməsi gərəkdiyini vurğulamaqdadırlar. Hegel və Platonçuların da insana verilən tam azadlıqla əlaqəli özünəməxsus düşüncələri var. Onlar qanunlardan və digər xarici qüvvələrdən tamamilə azad olan insanın öz təbiətinin, sahib olduğu “Mən”in köləsi ola biləcəyini (böyük ehtimalla —– olacağını) qeyd etməkdədirlər. Qanunların olmadığı dünyada özünün köləsi olan, bir çox hallarda kiçik həzz dalınca qaçan insan məncə digərləri üçün potensial təhlükədir. Məncə insan bir çox düşünənlərin vurğuladığı kimi doğuşdan yaxşı deyil. O, nə yaxşı, nə də pisdir. Heç bir insan dünyaya yaxşı gələ bilməz. Çünki o zaman tanrının insanı bu dünyaya göndərməsinin heç bir mənası olmazdı. O, insanı bir başa cənnətə göndərərdi. Bütün insanları öz istədiyi kimi yaradar, yaşadığımız dünyaya da ehtiyac olmazdı. Tanrı insana özünü formalaşdırmaq üçün doğuşdan ən böyük azadlığı verib: SEÇİM ETMƏK.

Balaca bir uşaq belə dovşan və ya şir oyuncaqları arasında seçim edir, onlardan birini seçib götürür (düzdür bir çox hallarda onların ikisini də götürür, amma bunun özü də bir seçimdir). Və beləliklə daima seçimlə yaşayan insan təbii olaraq çoxlu sayda səhv addımlar da atır. Bu addımların bir çoxu başqalarınan zərər vurur. Çünki, insan tək deyil, o, toplumun bir parçasıdır. Bunları minimuma endirmək üçün qanunlar gərəklidir və həmişə də gərəkli olacaq.

Amma mən bütün qanunlar gərəklidir demirəm. Ununtmayaq ki, qanunları varlılar yaradır, yoxsulları idarə etmək üçün…

Posted in Yazar, İlkin Cahan | Leave a Comment »

Zindandan yüksələn səs…

Posted by gundeliyim on 30 March 2007

 

Ramil Səfərovun qəmli nəğməsi

 

“Yəqin ki, yolun məmləkətə sarıdır qardaş

Çatdır anama ki hələ oğlun salamatdır..”

Posted in Ramil Səfərov, Video | Leave a Comment »

Mirzə Ələkbər Sabirə Şikayət

Posted by gundeliyim on 30 March 2007

Naib Ələkbərov

naib16@yahoo.co.uk

Bu gün bizi, hamımızı, səni, məni, onu böyük üstad Mirzə Ələkbər Sabirə tək-tək şikayət edəcəyəm. Bizim öhdəmizdən yenə o gələr…

Səni narahat etdiyim üçün məni bağışla, usta. Səni axirət dünyanda da rahat buraxmırıq… Mənsub olduğun xalqın, fərdi olduğun ölkənin vəziyyətini görüb onsuz da rahat olmadığını bilirəm. Ancaq başqa əlacım qalmayıb, heç bir şeyə ümidim qalmayıb, səndən başqa üz tutacaq kimsəm, sənin qapından başqa gedəcək qapım da yox, bağışla məni usta, səni narahat etdiyim üçün bağışla məni. Sən bu xalqın əzab-əziyyətinə dözməyib, için-için özünü yeyib xəstələndiyində dediyin o sözləri unuda bilmirəm, usta:

Arizi qəmlər əlindən ürəyim şişmiş idi,
Zənn edirdim edəcəkdir ona çarə ciyərim.
Bəxti mənhusimə bax, mən bu təmənnada ikən,
Başladı şişməyə indi üzü qarə ciyərim.

Sən bu xalqın əzablı, dözülməz həyatına dözə bilmədin. Sən əgər indi yaşamış olsaydın, yenə də ürəyin şişəcəkdi, yenə də ciyərin su bağlayacaqdı, çünki xalqının vəziyyəti o zamankından yaxşı deyil, usta. Səndən üzr istəyirəm, “yaşasaydın” dedim. Sen ölməmisən ki. Kim deyir ki sen ölmüsən? Ölən bizik xəbərimiz yoxdur. Bilirsən usta, hər zaman eşitmişəm ki, deyirlər yatmaq elə ölmək kimi bir şeydir. Sənin də dediyin kimi, “bizlər yatırıq və bizə yuxudan oyanmağa da icazə vermirlər”. Necə demişdin sən, yadıma salım:

Səs salma yatanlar ayılar qoy hələ yatsın,
Yatmışları razı deyiləm kimsə oyatsın,
Tək tək ayılan varsa da haqq dadıma çatsın,
Mən salim olum cümlə cahan batsa da batsın.

Bizdə bir dəyişilik yoxdur usta, yenə də eyni gündəyik. Biz dərin yuxuya getmişik və yatdığımızdan da xəbərimiz yoxdur, sən isə həmişə fikirlərinlə bizə yol göstərirsən, ancaq biz yenə də doğru yolu görmək istəmirik ki, istəmirik. Özüm-özümə soruşuram: görəsən ölü kimdir, sən yoxsa biz?
Sən necə deyirdin:

Fəhlə özünü sən də bir insanmı sanırsan?!
Pulsuz kişi, insanlığı asanmı sanırsan?!

İnsan olanın cahü cəlalı gərək olsun,
İnsan olanın dövləti, mali gərək olsun,
Hümmət demirəm, evləri ali gərək olsun?!

Hə, usta. Indi sadəcə fəhləni deyil, aidiyyatı olduğun xalqın 90 faizini insan yerinə qoymurlar. Nümayəndəsi olduğun xalqın 90 faizinin günü gün deyil, çünki “yatmaqla məşğuldurlar” . Qalan 10 faizini soruşursansa, usta unutdum deməyə. Onlar elə sənin zamanındaki kimi bu ölkənin varını yoxunu talan etməklə məşğuldurlar. Bu ölkənin sahibi onlardır, usta. Bu xalq deyil. Sən necə demişdin:

Daş qəlbli insanları neylərdin ilahi,
Bizdə bu soyuq qanları neylərdin ilahi?

Dəyişməmişik usta, əgər nəsə dəyişiklik olmuşsa da, daha da daşlaşmışıq, daha da soyuq qanlı olmuşuq. “Fatmaların, Tükəzbanların” yenə də əlacsızdır… Bilirsən usta, “məzlumlarin yenə də göz yaşı sel olub axmaqdadır”. Axı necə dəyişək ki? Sən özün bir şe`rində belə demişdin:

Zülmətsevər insanlarız üç beş yaşımızdan,
Fitnə göyərir torpağımızdan, daşımızdan.
Tarac edərək bac alırız qardaşımızdan,
Çıxmaz, çıxa bilməz də bu adət başımızdan,
Əslafımıza çünki həqiqi xələfiz biz,
Öz qövmümüzün başına əngəl kələfiz biz.

Hə, usta. Bizlər bir-birimizi didməkdən, yox etməkdən əl çəkə bilmirik, “çünki əslafımıza həqiqi xələfiz”, usta…

Eh usta. Deyilib qurtaran deyil bizim dərdlərimiz. Biz səni doğru başa düşmədik ki. Bizə səni doğru başa salmadılar ki. Sənin de dediyin kimi, biz insanıq və “görməyə bilərik, duymaya bilərik, amma düşünməyə bilmərik”. Ancaq biz indi düşünmürük. Bizim yerimizə başqaları düşünür, bizim yerimizə qərar verirlər. Düşünmə qabiliyyətini itirmiş və ya itirtilmiş bir xalqdan nə gözləmək olar ki? Usta üzr istəyirəm, sualı sənə vermədim, səni onsuz da həddinden artıq narahat etdim. Bir də bu suallarımla səni daha da narahat etməyə haqqım yoxdur. Əslində sən bu sualın cavabını 100 il əvvəl vermisən, biz şagirdlərin 100 il keçsə də sənin dediklərini başa düşə bilmirik. “Düşünmə qabiliyyəti əlindən alınmış bizin” sənin söylədiklərini necə başa düşə bilərik ki?
Nə isə usta, səni çox yorduğumun fərqindəyəm. Sənə bir şey daha deyib gedəcəyəm. Torpaqların sənin vaxtındaki kimi deyil, usta. Biz indi Qarabağa gedə bilmirik. Biz indi yetim qalmışıq, Qarabağsız qaldığımızdan bəri yetim qalmışıq. Bir xalq bütünüylə yetim qalıb, usta.

Usta, səndən bir şey daha istəyəcəyəm. Səndən bir xahişim var: Sənin qələm dostlarından, bu xalqın bədbin şairlərindən olan Hadiyə bir sözümü catdıra bilersenmi, usta? Hadi bir şe`rində demişdi:

Imzasını atmış miləl övrağı həyata,
Yox millətimin imzası imzalar içində.

Nə olar usta, qələm dostun Hadiyə hələ də “bu millətin imzasının imzalar içində olmadığını” deyə bilərsən mi? Qapına gəldim, hər vaxt olduğu kimi, məni əli boş geri göndərmədin. Sənin önündə diz çöküb, təşəkkür edirəm. Bizi aydınlatdığın, bizlərin yolumuzu işıqlandırdığın üçün.. Ancaq biz sənə layiq şagird ola bilmədik, bağışla bizi usta. Bağışla bizi.

Bağışla bizi… Bağışla bizi….

Posted in Naib Ələkbərov, Yazar | Leave a Comment »

ABŞ İraqa nə verdi?

Posted by gundeliyim on 29 March 2007

 

Yaxud işğalçı Amerikanın İraq xalqına bəxş etdiyi “səadət”

Posted in Sənədli Film, Video | Leave a Comment »

Unudulmayanlar

Posted by gundeliyim on 29 March 2007

 

Azərbaycan- Prezident seçkiləri 2003

Posted in Sənədli Film, Video | Leave a Comment »

“İrəli” ailəsi

Posted by gundeliyim on 29 March 2007

nureddin.JPG Nurəddin

islamci_allahu_akbar@yahoo.com

 

Bu yazımı gənclərin bir “qurumuna” həsr edəcəyəm. Bu hərəkat ətrafında çox sözlər söylənilir, çox fikirlər yürüdülür və əsasən bu söhbətlər siyasi meylli olur!

Konkretləşdirsək “İRƏLİ” haqqında bir neçə söz demək istərdim. Amma yuxarıda qeyd etdiyim kimi mən məsələnin siyasi tərəflərinə toxunmayacağam və sizdən də rica edirəm ki, fikirlərim siyasiləşdirilməsin.

Mən bu bir neçə il ərzində çox yerlərdə olmuşam, ünsiyyət qurmuşam və bir çox insanlarla dostlaşmışam. Heç zaman dostumu onun siyasi mənsubiyyətinə və ya maddi durumuma görə seçməmişəm. Çoxlu hərəkatlarla, QHT – lə , TGT – lə bir sözlə müxtəlif qurumlarla tanışam. Bu tanışlıqlarım ondan irəli gəlir ki, ictimai fəaliyyətdən zövq alıram. Lakin “İRƏLİ” ilə olan tanışlığım məndə fərqli təsüratlar yaratdı. “İRƏLİ”yə tanışlıq üçün gəldiyim ilk gün, ofisdə çoxlu insan var idi və ilk fərqi onda duydum ki, mənə sual dolu gözlər yönəlmədi. Sadəcə görüşəcəyim insanın olduğu yeri sordum, mədəni və gülərüz formada sualıma cavab aldım. Qeyd edim ki, mən “İRƏLİ”nin üzvü deyiləm!!! Sadəcə dost münasibətlərim var. Sonra tədbirləri ilə maraqlandım və zövqümə oxşarlarını izləməyə başladım. Tədbirlərin içərisində olarkən hiss etdim ki, “İRƏLİ” hərtərəfli bir qurumdur və burada insanlar bir qütbün sakinləri deyil. Burada mən rep sevəni də , muğam sevəni də , namaz qılan ilə qeyrisini , rus dilli ilə türkdillini və s müxtəlifliklərin bir yerdə toplumunu gördüm.

Sevindirən hal isə o idi ki, bu müxtəlif insanlar sivil formada müzakirə apara bilir, bir – birini didmir, kiməsə daha üstün və ya əksinə münasibət yoxdur. Sədr katib nə bilim nə anlamları burada əhəmiyyətini itirir. Sadəcə qarşılıqlı hörmət və Azərbaycan üçün çalışmaq istəyini gördüm. Tərbiyə, etika gördüm. Bu siyahını davam etdirə bilərəm. Amma yetər indi istəyirəm bəzilərinizdə doğacaq suallara indidən cavab verib. Çünki bunu oxuduqdan sonra ola bilən müzakirələrə qatılmayacağam

Deyəcəksiniz ki, bəs bunların şəhərin mərkəzində ofisə pulu haradan? Öndə gedənlərdən kiminsə maşını haradan? Və bu tipli suallara aşağıdakı cavabları verə bilərəm. İlk əvvəl kimin nə maşını olması məni maraqlandırmır bu hər bir insanın şəxsi işidir və razılaşaq ki, kiminsə cibini saymaq kişilikdən deyil. O ki qaldı ofisə filana, sizə bir söz deyim mən hər hansı qrup insana xüsusilə gəncə qiyməti gördüyü işə görə verirəm artıq onun digər xırda tərəfləri məni maraqlandırmır. Sizin xəbəriniz var ki, “İRƏLİ” nə qədər uşaq evinə kömək olur?! ən əsası isə bu kömək xala xətri edilmir və heç reklamı da aparılıb dünyaya car cəkilmir. Bəs pulsuz olan dil kursları?!

Deyəcəksiniz ki bəs yaltaqlıq edirlər?! əgər bu qədər işi görürlərsə, Allah rzası üçün çalışırlarsa və nəticədə yaltaq adlandırılırlarsa onda dünyanın ən böyük yaltağı olmaq mənim arzumdur ki bu qədər yaxşılıq edim. Bəlkə deyəcəksiniz pul qazanırlar nə bilim qrant yeyirlər. Əşşi lap elə əcəb edirlər bu mənim işim deyil məni maraqlandıran ortaya qoyulan işdir və nəticədir!

Çox yazmaq olar amma vaxtımın məhdud olduğunu nəzərə alaraq sadəcə onu qeyd etmək istərdim ki, mən “İRƏLİ”də arzu etdiyim Azərbaycanın mikro formasını gördüm. Mən “İRƏLİ”də sağlam cəmiyyət gördüm. Hansındakı hər cür insana rast gəlmək olar və bu insanların mübahisələri yalnız masa arxasında xoş söhbət əsnasında keçir.

Posted in Yazar | Leave a Comment »

Azadlığa bəstələnmiş dəli nəğmə.

Posted by gundeliyim on 28 March 2007

Gülər Sadıqova

Siz əclafsız insanlar. Söz verib üstündə durmayanlar. Siz əclafsız insanlar.. Siz hamıınız əclafsız.

Mən sizdən heç nə istəmirdim. Məni başa düşmədiz. Mən yaşamaq istəyirdim. Azadlığın qoynunda uyumaq istəyirdim. Oh, azadlıq sən nə şirinsən. Sən nə gözəlsən. Səni necə sevirəm. Mənim iztirablı sevgilim. Necə ağırdır sənə qovuşa bilməmək. Necə ağırdır sənin addımlarını qapımda eşitməmək. Səni qarşılamamaq, boynuna sarılmamaq. Ah azadlıq. Sən necə gözəlsən. O gur saçların alnına dağılarkən. Gözlərini örtərkən. Sən necə gözəlsən qaranlıq axşamda, bu sıxıcı yalnızlığımda səni arzulayarkən.
Mən heç nə istəmirdim. Mən azadlıq istəyirdim.

Qayalara çırpılan dalğalara baxıram. Masmavidir, gözəldir onlar. Küləklər saçlarımı oynadır. Soyuq suların bir az əvvəl bürüüyü bədənimə yapışan nəm paltarım sanki mənə aşiq qara ilandır. Sarılmış bədənimə, üşüdər məni. Zəif şamın oynaq işığı otağımın divarlarında oynayır. Əllərim violançelin zərif bədənində rəqs edir. Pəncərəmin pərdələri. Son möhkəm akkordları vururam. Dönürəm yırğalanan sulara – beşiyimə.

Mavi suların altından seyr edirəm soyuq səmanı. O mənim sevgilimi məndən alıb. Mənim azadlığım orda döyünür. Səma üşüdür məni. Sular nəfəsimi kəsir. Suları tərk etdim. Daxilimdəki alov yandırır məni. Ürəyim parçalanır. Dözmürəm. Əllərimi daxilimə salıb qəlbimin yanan parçalarını toplayıram ovuclarıma. Sovurdum küləklərə onları. Səpələndilər dünyaya. İntiqamımı almaqçün insanlardan.Artıq içim bom – boş. Cəbrayılın qanadları çəkildi üzərimdən. Yox yenə ağrıyar içim. Qəlbimin son kiçik parçası qalmış orda.

Mən qara mələk ola bilməyəcəm. Sevgim məhv olmadı. Mən sevirəm. Qəlbimin üsyanları məhv etdi bəşəriyyəti. Çıxardım dırnaqlarımı – ağrıdan qışqıraraq. Göndərdim bu insansız planetə. Hər tərəfi yaşıllıqlar bürüdü. Yarpaqlara çevrildilər onlar. Saçlarımı göndərdim, simlər oldular. Oxudular hər tərəfə iztirab nəğmələrimi. Gözlərimi çıxardım. Çox şeylərə yumulduqları, çox şeyləri görərkən görmədikləri üçün. Atdım dənizlərə. Gülüşümü bəxş etdim dünyaya. Hər zaman güllər açsın deyə. Qanadlar aldım göylərdən..

Hər şeyi məhv edərkən qəddarlığıma toxunmamışdım. Qəddarlığım məni əsir etdi. Qovuşa billmədim o gur saçlı sevgilimə. Geri döndüm.Dırnaqlarımı yerinə qaytardım. Gözlərimi boş oyuqlara yerləşdirdim. Gülüşümü əbədilik məhv etdim. Bir daha öz bədbəxtliyimə gülə bilməyim deyə. Geri döndüm işığı qırmızı gördüyüm, əllərimi oynatmağa mane olan o bəyaz pərdəli yerə – anamın bətninə.

Hər şey bitdi. Mən sevgilimə yalnız bir dəfə qovuşacam. İşığı gördüyüm ilk anda. Təmiz hava ciyərlərimi incidərkən qışqırdığım, heç nə bilmədiyim doğum anında. Sonra ayılacam bu gözəl yuxudan. Yenə geri dönəcəm bu həyat deyilən zibilə. Udacam damla – damla bu acı zəhəri. Sonra da dalacam bu zərərsiz, şirin mavi suların dərinliyinə.

Çalacam bu iztirablı, dəli nəğməmi…

Posted in Gülər Sadıqova, Yazar | Leave a Comment »

Tərpənmə, amandır, bala qəflətdən ayılma

Posted by gundeliyim on 26 March 2007

Mirzə Ələkbər Sabir

Tərpənmə, amandır, bala qəflətdən ayılma
Açma gözünü, xabi – cəhalətdən ayılma!
Laylay, bala, laylay!
Yat, qal dala laylay!
Aldanma ayıqlıqda fəraqət ola, heyhat!
Qəflətdə keçənlər kimi ləzzət ola, heyhat!
Bidar olanın başı səlamət ola, heyhat!
At başını yat, bəstəri-rahətdən ayılma!
Laylay, bala, laylay!
Yat, qal dala laylay!
Açsan gözünü, rəncü məşəqqət görəcəksən,
Millətdə qəm, ümmətdə küdurət görəcəksən,
Qıldıqca nəzər millətə heyhat görəcəksən,
Çək başına yorğanını, nikbətdən ayılma
Laylay, bala, laylay!
Yat, qal dala laylay!
Bir ləhzə ayıldınsa, qutar canını, yuxla,
At tiryakını, meyl elə qəlyanını, yuxla,
İncinsə sağın, ver yerə sol yanını, yuxla,
İllərcə şüar etdiyin adətdən ayılma!
Laylay, bala, laylay!
Yat, qal dala laylay!
Göz nurudur uydu, onu dur etmə gözündən,
Yol vermə məbada çıxa bir an sözündən,
Amma elə bərk yuxla ki, hətta get özündən,
Afaqı dutan şurü qiyamətdən ayılma!
Laylay, bala, laylay!
Yat, qal dala laylay!

Posted in Lirika, Mirzə Ələkbər Sabir | 1 Comment »

Rüşvətxor ölkə

Posted by gundeliyim on 25 March 2007

Azərbaycanda insanlar anadan olduqları gündən ölənə qədər rüşvət verir.

Ölkəmiz daha bir beynəlxalq korrupsiya indeksinde acınacaqlı yerdə qərarlaşıb. Bu dəfə ABŞ-ın nüfuzlu «Global Integrity» Təşkilatı özünün illik «Global Integrity Index» (Qlobal Düzgünlük Indeksi) adlı hesabatında Azərbaycanda baş verən kütləvi korrupsiya hallarını ifşa edib. «Global Integrity Index» ictimai şəffaflığı təmin edən antikorrupsiya
mexanizmlərinin mövcudluğunu və nə dərəcədə effektiv olduğunu araşdırır. Həmin indeksi 290-dan artıq indekatorları müəyyənləşdirir. Göstericileri 6 esas kateqoriya, 23 köməkçi kateqoriya üzre tesnifləşdirilir. Ölkələrdəki araşdırmaçılar tərəfindən hazırlanaraq, xarici ekspertlər tərəfindən dəqiq yoxlanılan göstəricilər, nəinki qanunların, korrupsiyanın kökünü kəsmək məqsədilə yaradılan institutların mövcudluğunu araşdırır, o cümlədən, onların hansı səviyyədə işlədiyini adi vetendaşların bu mexanizmlerden istifade edib-etmediyini üzə çıxarır.

Azərbaycan «Zəif reytinq» kateqoriyasında
«Global Integrity Index»de ölkeler, topladıqları ballara göre, müxtelif qruplara bölünür.
Maraqlıdır ki, «Çox güclü reytinq» kateqoriyasında heç bir ölkenin adı yoxdur. Bu
kateqoriyaya düşmək üçün 90-dan artıq bal toplamaq gərəkdir. Hesabata ise Israil, Rumıniya, Cənubi Afrika ve ABŞ başçılıq edir. 80 baldan yuxarı qiymetlendirilen bu ölkələr, müvafiq olaraq, «Güclü reytinq» kateqoriyasına aid edilir. «Orta reytinq»ə malik olan ölkeler 70 baldan çox toplamalıdır. Bu sırada Argentina, Benin, Braziliya, Gürcüstan, Nigeriya, Uqanda ve bir sıra başqa ölkeler cemleşib. 60-dan yuxarı bal toplamış Qırğızıstan, Mozambik, Nikaraqua, Rusiya, Pakistan, Seneqal ve Zimbabve kimi ölkeler «Zəif reytinq» kateqoriyasında sıralanıb. Azerbaycan ise, yenə de ən son – «Çox zəif reytinq» kateqoriyasında yer alıb. Bu sırada Konqo, Misir, Livan, Sudan, Tacikistan, Vyetnam ve Yemen kimi ölkeler de var. Yeri gelmişkən, Ermənistan da 60 baldan yuxarı göstericiye malik ölkelerin sıralandığı bu kateqoriyada yer tutur. Qeyd etdiyimiz kimi, indeks 6 göstericiye nezeren hazırlanıb. Birinci gösterici müxtelif ölkelerde vetendaş cemiyyeti ve metbuatın veziyyetine esaslanır. Bu baxımdan, Azerbaycan 69 balla «Zeif reytinq» kateqoriyasında yer alıb. Ermenistan da eyni kateqoriyada olsa da, Gürcüstan «Orta reytinq»e malikdir. Ikinci gösterici seçkilerle bağlıdır. Burada da Azerbaycan «Zeif reytinq»e malikdir. Hətta Nigeriya ve Uqanda kimi ölkeler de seçkiye göre Azerbaycanı geride qoyur. Ölkemiz en zeif balı «Hökumetin cavabdehliyi» göstericisine göre alıb. Azerbaycan hökumetinin cavabdehliyi 100 ballıq şkala üzre 44 balla qiymetlendirilib.
Gürcüstan 78, Nigeriya 70, Uqanda 76, Qırğızıstan 64, Ermenistan ise 46 bal toplayaraq, Azerbaycanı geridə qoyub. «Mülki ve inzibati xidmet» göstericisine göre ise ölkemiz 44 balla qiymetlendirilib. Yene de bir çox ölkələr Azərbaycanı çox-çox geride qoyub. Yalnız «Nezaret ve tenzimleme» göstericisine görə, «Orta reytinq» kateqoriyasında yer ala bilmişik. Sonuncu, «Antikorrupsiya ve qanunun aliliyi» göstericisine göre, Azerbaycan «Zeif reytinq»li ölkelerden biridir. Beləliklə, ümumi qruplaşmalara göre, Azerbaycan «Global Integrity» Teşkilatından «zeif» bal alır.

«Azərbaycanda ölünü basdırmaq üçün də rüşvət verməlisen»
Qeyd etdiyimiz kimi, hesabat konkret faktlara esaslanır. Misal üçün, hesabat müəllifləri 26 yaşlı genc azerbaycanlının ölümüne sebeb olmuş avtomobil qezası ile bağlı acınacaqlı bir hadiseni hesabata daxil edibler. Hemin gencin bacısı bildirib ki, qezadan derhal sonra sürücünün yaxınları iddianı geri götürmek üçün zererçekmişin ailesine kompensasiya teklif edib: «Biz bunu redd etdik, amma mehkeme yekunda qerara aldı ki, guya menim qardaşım özünü maşının altına atmaqla intihar edib ve beləliklə, onu öldürən şəxs cezadan yaxa qurtardı. Sonradan öyrəndik ki, sürücünün qohumları müstentiqe ve hakime 20 min dollar verib».
Hesabatda deyilir ki, Azerbaycan 1991-ci ilde müsteqillik qazanarken, gencler ölkenin geleceyinin rifahlı olacağına böyük ümid besleyib:«Amma heç kim ölkenin müsteqilliyinin ilk 15 ilinde üzleşeceyi bu qeder çetinliyi tesevvürüne bele getirmeyib. Bu gün insanlar anadan olduqları günden öldükleri güne qeder rüşvetle qarşı-qarşıya qalıblar.
Baxmayaraq ki, resmi şekilde sehiyye sistemi pulsuzdur, reallıqda klinikadan ve hekimin reputasiyasından asılı olaraq, bir uşağın doğulması 264-440 (300-500 dollar) manata başa gelir. Her hansı birinin heyatının ilk ve son anlarına dair senedleri pulsuz elde etmek mümkün deyil. Doğum senedlerine dair resmi ödenişlere əlavə olaraq, qohumlar 10 dollar «hörmet» etmelidir. Bundan daha beteri odur ki, Azerbaycanda ölünü basdırmaq üçün de rüşvet ödemelisen. Bu mebleğ, hetta 3 min dollara qeder ola biler».
Hesabatda da qeyd edildiyi kimi, Azerbaycan nüfuzlu «Transparency International» Teşkilatı Korrupsiyanı Qavrama Indeksine esasen, 146 ölke içerisinde 137-cidir. «Global Integrity» Teşkilatının ekspertlerinin hesablamalarına göre, Azerbaycanda illik korrupsiya dövriyyesinin hecmi bir neçe milyard dollardır. Ekspertler bunu daha da konkretleşdirerek, hemin mebleğin Azerbaycanın 2006-cı ildeki 4 milyard dollarlıq
büdcesine yaxın olduğunu bildirirler: «Bu yaramazlıqlar ölke ehalisini bataqlıqda yaşamağa mecbur edir: Azerbaycanda orta aylıq gelir 131 manatdır (148,5 dollar). Bu məbləğ Bakıda 174 manat, ucqarlarda ise 87 manatadek ola biler ve Azerbaycan ehalisinin 29 faizinin gündelik geliri 2 manatdan aşağıdır. Azerbaycandakı en yeni korrupsiyanın esas sebeblerinden biri hakimiyyetin düzgün bölüşdürülmemesidir.
Bu avtoritar ölkede icra hakimiyyeti hegemonluq edir. Parlamentarların ve mehkeme hakimiyyetinin korrupsiyaya qarşı direniş imkanlarının azlığı çıxılmaz veziyyet yaradıb».

«Istənilən məhkəmə işini, 10 minlərlə dollar pul verib, udmaq olar»
«Global Integrity» hesabatında deyilir ki, Azerbaycan mehkemelerinde her şey satılır: «Hebs müddetinin azaldılması, texminen, 2 min dollara başa gelir. 2005-ci ilde mehkumu vaxtından evvel azadlığa buraxan Ali Mehkemenin hakimlerinden biri öz işini itirmedi. Ancaq Edliyye Nazirliyinin 3 resmisi bu meseleye göre mesuliyyete celb olundu. Istenilen hüquqşünas size deye biler ki, cinayet işinin ağırlığından ve mübahiseli emlakın deyerinden asılı olaraq, istenilen mehkeme işini, 10 minlerle dollar pul verib, udmaq olar. Misal üçün, yol neqliyyat qezaları ile bağlı tehqiqat işini min dollara dayandırmaq mümkündür. Cinayet işini bağlamaq 2500-4000 dollar, mehkemede ehemiyyetli sübutun üzerinden keçmek ise 50 min dollaradek başa gelir». Ekspertler azerbaycanlıların korrupsiyanı qebul etdiyini bildirir: «Bütün dünya öyrenmek üçün pul ödediyi halda, Azerbaycanda pul ödeyirler ki, tehsilsiz qalsınlar. Universitetlerde qiymetler qalxır. Universitetin ve ya fakültenin populyarlığından asılı olaraq, imtahandan keçmek ve ya yaxşı qiymet almaq telebeye 25-300 dollara başa gelir. Danışmaqla vaxtını itirmek istemeyen bezi professorların öz telebelerine «qiymet siyahısı» teqdim etdiyi çoxuna melumdur. Hetta çox hazırlıqlı telebeler bele, bezen növbeti kursa keçmek üçün rüşvet ödemeli olurlar».
Hesabat müellifleri «Dalğa» Gencler Herekatının 2005-ci ilde 5 min telebe arasında keçirdiyi sorğuya istinad edib, rüşvetin telebelerin en böyük problemi olduğunu esaslandırırlar. Teşkilat Azerbaycanda en çox korrupsiyalaşmış universitetlerin siyahısını teqdim edir. Yekun neticeye esasen, 70 universitetden, yalnız 4-de rüşvet yoxdur.
«Dalğa» Gencler Herekatının sedri Ramin Hacılı bildirib ki, onlar keçirdikleri «rüşvetsiz tehsil» kampaniyası çerçivesinde rüşvetxor professor ve müellimleri onların adını ictimaiyyete açıqlayacaqları ile tehdid edirler. Amma kampaniya bir sıra gözlenilmez neqativ neticeler verib. Bezi universitetlerde professorlar risqin çoxaldığını nezere alaraq, qiymetleri qaldırıblar. O ki qaldı rəsmi qaydada korrupsiyaya qarşı aparılan mübarizeye, «Global Integrity» Teşkilatının ekspertleri de Korrupsiya ile Mübarize Komissiyasının 2 illik fealiyyeti dövründe ehemiyyetli bir iş görmediyini düşünür: «Komissiyanın qaldırdığı meselelerin çoxu siyasi motivli olub. Misal üçün, 2005-ci ilde müxalifet qüvvelerile emekdaşlıq edib, dövlet çevrilişi planlaşdırmaqda ittiham olunaraq hebs edilmiş keçmiş iqtisadi inkişaf naziri Ferhad Eliyev sonradan komissiya terefinden dövlete mexsus şirketleri qanunsuz olaraq özelleşdirmekde ittiham olundu».
Hesabata göre, Azerbaycanda en az şeffaflıq neft-qaz senayesine mexsusdur. ARDNŞ-nin yüksek vezife sahibleri en korrupsioner memurlar arasında yer alır. Bele ki, dövlet gelirlerinin 60 faizden çoxunu temin eden şirket müqavilelerde xerclerini 10 defe şişirdib. Misal üçün, Bakının istenilen mağazasında 20 qepiye satılan elektrik lampalarının ARDNŞ-nin senedlerindeki alış qiyməti 4 manat gösterilib».

«Rüşvət ödəməyənlər günahkar sayılır»
Ancaq çox təəssüf ki, günahkar yalnız hökumət yox, həm də özümüzük. Belə ki, Azerbaycanda keçirilen sorğulardan birine göre, ehalinin 59,9 faizi problemlerini tez hell etmek üçün rüşvet ödemekden memnundur. Ele hemin sorğuya göre, Azerbaycan əhalisinin 90 faizi ya rüşvet verir, ya da rüşvet alır. Herçend, rüşvətin eleyhine olanlar da var. «Global Integrity» Teşkilatının Azerbaycandakı müsahiblerinden biri de rüşvetin eleyhinedir: «Amma təzə doğulan uşağım üçün sənəd alanda 10 dollar verib, «təşəkkür» etməli oldum. Burada ümumi ab-hava paradoksaldır. Rüşvət ödəməyənlər günahkar sayılır. Izah etmək çətin olsa da, çox güman ki, bu, bizim mentalitetimizdən irəli gəlir».
Beləliklə, daha bir nüfuzlu beynəlxalq təşkilat Azərbaycanda kök salmış korrupsiyanı ifşa etdi. Özü də bu dəfə daha konkret faktlar araşdırıldığından, bu bəlanın ölkəmizdə nə dərəcədə iyrənc formada üzə çıxdığı aydın olur.
MALIK

Posted in Azerbaijan, Gündəliyim, Məqalə | Leave a Comment »

 
Follow

Get every new post delivered to your Inbox.